Qaraçaylıların deportasiyası () — "Qağayı əməliyyatı" adı ilə tanınan və Şimali Qafqazdan qaraçaylıların Sovet hökuməti tərəfindən güc tətbiq etməklə bütünlüklə Orta Asiyaya köçürülməsini nəzərdə tutulur. Deportasiya İkinci Dünya müharibəsi zamanı, 1943-cü ilin noyabr ayında baş vermişdir. Deportasiya Sovet dövlətinin rəhbəri İosif Stalin tərəfindən təstiqləndikdən sonra NKVD-nin rəhbəri Lavrenti Beriyanın əmri ilə həyata keçirilmişdir. Təxminən 70.000 Qafqaz qaraçaylısı öz doğma torpaqlarından deportasiya edilmişdir. Bu cinayət 1930–1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə təsir edən siyasətinin bir parçası olmuşdur. Proses zamanı milyonlarla insan məcburi köçürülmələrə və başqa yerdə məskunlaşdırmaya məruz qalmışdır.

Rəsmi olaraq deportasiya qaraçaylılarının işğalçı alman qüvvələri ilə əməkdaşlığına cavab idi. Əvvəlcə İkinci Dünya müharibəsi dövründə üsyan etmiş şəxslərin ailə üzvləri ilə məhdudlaşan deportasiya sonradan genişləndirilərək bütün Qaraçay etnik qrupunu əhatə etdi. Sovet hökuməti 20.000 qaraçaylının Qırmızı Orduda xidmət etməsi faktını görməzdən gəldi, halbuki bu say almanlarla əməkdaşlıq etdiyi təxmin edilən 3.000-dən dəfələrlə çox idi. Deportasiya 13.000–19.000 qaraçaylının həyatını itirməsinə səbəb oldu. Bu deportasiya edilən əhalinin 19 faizi deməkdir. Qaraçaylılar Stalinin tamamilə yeni bir ölkəyə köçürmə siyasətinə tuş gələn ilk Şimali Qafqaz xalqı olmuşdur. Bu siyasət sonradan digər 5 qrupa da tətbiq edilmişdir.

1956-cı ildə Nikita Xruşşovun yeni Sovet rəhbəri olmasından sonra destalinizasiya prosesi başladı və qaraçaylılara bəraət verildi. 1957-ci ildə qaraçaylıların xüsusi düşərgələrdən azad edilməsinə başlanıldı və öz doğma evlərinə geri dönməsinə icazə verildi. Ardıyca Qaraçay-Çərkəz Muxtar Oblastı yaradıldı. Artıq 1959-cu ildən Sovet qaraçaylıların təxminən 85 faizi Qaraçay-Çərkəz bölgəsində yaşamaqda idilər. Daha sonra 1989-cu ildə Sovet hökuməti deportasiyanın rəsmi olaraq cinayət olduğunu elan etdi. Müasir alimlər və tarixçilər bəzən çeçenləri, inquşları, kalmıkları və qaraçaylıları Stalinin soyqırım siyasətinə məruz qalmaqla seçilən etnik qruplar sırasına daxil edirlər.

Arxa plan Qaraçaylılar Şimali Qafqazda yaşayan müsəlman türk etnik qrupudurlar. Onların 1200-cü illərdə monqol istilaları, sonra 1300-cü illərdə Teymur tərəfindən fəth edildiyi bir zamanlar daha böyük bir türk qrupunun bir hissəsi olduğu düşünülür, lakin 1400-cü illərdə fərqli bir etnik qrup halına gəldilər. Rusların Qafqazı fəthi zamanı onlar 1828-ci ildə Rusiya imperiyasının hakimiyyəti altına girsələr də, ona qarşı üsyan qaldırdılar. 1917-ci ildəki Rusiya Vətəndaş müharibəsi zamanı qaraçaylılar qısamüddətli də olsa, müstəqil oldular. Sonradan isə sovetləşməyə məruz qaldılar. 1929–1930-cu illər üsyannıda Sovet hərbi qüvvələri təxminən 3.000 qaraçaylını edam etmişdir.

1920-ci illərdə İosif Stalin Sovet İttifaqının yeni baş katibi olaraq ortaya çıxdı. Amerikan akademiki və tarixçisi Ben Kiernan Stalinin hakimiyyət dövrünü "Sovet və hətta rus tarixinin ən qanlı dövrü" adlandırır. 1921-ci ilin noyabr ayında Qaraçay və Çərkəz əhali muxtar qurumda birləşməyə səs verdilər. 1922-ci ildə Qaraçay Muxtar Oblastı yaradıldı. 1939-cu ilin ümumittifaq əhali siyahıyaalmasına görə, SSRİ-də 75763 nəfər qaraçaylı var idi ki, onların da 70301 nəfəri Qaraçay muxtar vilayətində yaşayırdı. Muxtar vilayətin əhalisi 150 min nəfərdən çox olduğundan, qaraçaylar ümumi əhalinin 46,8%-ni təşkil edirdilər.

İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyası 1941-ci ilin iyununda Sovet İttifaqına hücum etdi və onun qərb regionlarının əksəriyyətini özünə birləşdirdi. 1941–1943-cü illər ərzində Qaraçay-Çərkəz əhalisi 52 milyon rubl pul toplayaraq Sovet müdafiəsinə xərclənməsi üçün verdilər. Qaraçay hərbçilər Qırmızı Ordu sıralarında Moskva döyüşündə döyüşmüş və "Edelveys" diviziyasının məğlub edilməsində iştirak etmişdirlər. Buna baxmayaraq, Vermaxt 1942-ci ilin avqustunda Qaraçay oblastını ələ keçirdilər. Gestapo xeyli sayda qaraçaylıya işğəncə etdi və öldürdü. İsmayıl Dudov və M. Botaşevin rəhbərlik etdiyi antisovet qruplar Qırmızı Ordu birləşmələri də daxil olmaqla, yerli əhaliyə qarşı terror aktı törədirdilər. Alman dairələri həmçinin, Qaraçay Milli Komitəsinin yaradılmasına da icazə vermişdilər. 200 nəfər qaraçaylının da daxil olduğu 362 nəfər desantçı alman hərbçiləri tərəfindən sabitliyi pozmaqla vəzifələndirilmişdi. 1943-cü ilin yanvarında Sovet ordusu bölgəni yenidən ələ keçirdi. Həmin ilin aprelindəcə 8.673 nəfər həbs edildi. 65 dəstə məhv edildi və onların silahları ələ keçirildi. Qaraçay Milli Komitəsi isə alman ordusu ilə birlikdə geri çəkildi. 1943-cü ilin 15 aprelində Sovet İttifaqı Baş Prokurorluğu aktiv dəstə üzvlərinin ailə fərdlərinin Qaraçay regionundan kənara deportasiya edilməsi barədə N 52–6927 direktiv verdi. 177 ailə (673 nəfər) bu direktiv əsasında deportasiya edildi.

Deportasiya

İkinci Dünya müharibəsi zamanı 8 etnik qrup Sovet hökuməti tərəfindən öz doğma torpağından sürgün edilmişdir: Volqa almanları, çeçenlər, inquşlar, balkarlar, qaraçaylılar, Krım tatarları, Axısqa türkləri və kalmıklar. 1943–1944-cü illərdə Qafqazdan ümumilikdə 650.000 şəxs deportasiya edilmişdir və bütün müharibə zamanı deportasiya edilənlərin sayı isə 3.332.589 nəfər olmuşdur. Şimali Qafqazdan bütünlüklə deportasiya edilən ilk etnik qrup qaraçaylılardır.

1943-cü ilin oktyabr ayında Stalin və Sovet gizli polisi olan NKVD-nin rəhbəri Lavrenti Beriya qaraçaylıların tamamilə deportasiya edilməsi qərarına gəldilər. Deportasiyanın adı "Qağayı əməliyyatı" adlandırılmışdı. NKVD komissarının köməkçisi İvan Serov və Amayak Kobulov planı həyata keçirmək üçün məsul şəxs təyin edildilər. Kommunist partiyası və Komsomol üzvləri də daxil olmaqla, bütün qaraçaylılar deportasiya edildilər. Rəsmi olaraq onlar müharibə zamanı Hitler koalisiyasının kollaborsionisti olmaqda ittiham edilirdilər. Sovet hökuməti 20.000 qaraçaylının Qırmızı Orduda xidmət etməsi faktını görməzdən gəldi, halbuki bu say almanlarla əməkdaşlıq etdiyi təxmin edilən 3.000-dən dəfələrlə çox idi. 35 qaraçaylıya Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. 1943-cü ilin 14 oktyabrında Sovet hökuməti 1118–342 saylı sərəncamını verdi və rəsmi olaraq deportasiyaya başlanıldı. 20.000 nəfərlik NKVD zabiti və 7.000 nəfərlik əməliyyat işçisi deportasiyanı həyata keçirmək üçün regiona göndərilmişdi. Ciddi müqavimət hadisəsi bildirilməmişdir. Qaraçaylılara səyahət zamanı hər nəfər üçün 100 kiloqram yük götürməyə icazə verilmişdi, lakin bu miqdar bir ailə üçün 500 kiloqramdan çox olmamalı idi. Deportasiyadan əvvəl NKVD üzvləri yerlilərin evlərində axtarış keçirdilər və odlu silahları, tüfənglərı, revorverləri müsadirə etdilər. Qaraçaylılar yük vaqonlarına doldurulduqdan sonra Mərkəzi Asiyaya yola salındılar və əsasən, qazax, qırğız dövlətlərinin ərazilərində yerləşdirildilər. 2 noyabr 1943-cü ildən etibarən, 69.267 qaraçaylı deportasiya edildi.

Cavan şəxslərin əksəriyyətinin Qırmızı Orduda xidmət etməsinə görə deportasiya edilən insanların əksəriyyəti 16 yaşdan aşağı uşaqlar (50 faiz) və qadınlar (50 faiz) idi. Tranzit zamanı qatarlar nadir hallarda dayanırdı və dayanma zamanı deportasiya edilənlərə qatarlardan 3 metrdən çox uzaqlaşmağa icazə verilmirdi. Bir çox azyaşlı uşaqlar və qocalar tibbi ləvazimatların azlığına və ərzaq qitlığına görə həyatını itirdi. Yerli NKVD hesabatına görə, 40.046 qaraçaylı Qazax SSR-də, 22.112 qaraçaylı Qırğız SSR-də, 353 qaraçaylı isə Özbək SSR-də qeydiyyata alınmışdır. 1945-ci ildə deportasiya edilənlərin ümumi sayı 62.529 nəfər idi. 2 il əvvəl, yəni deportasiya başlanan zaman isə onların sayı 69.267 nəfər olmuşdu. Onlardan yalnız 53 nəfəri rəsmən quldur kimi qeydiyyata alınmışdı. 1944-cü ildə Qırmızı Ordudan tərxis edilən zabitlər də Qazax SSR-ə sürgün edildilər. 1944-cü ilin may ayında Rostov regionunda, Azərbaycan SSR-da, Dağıstanda və digər yerlərdə 90 qaraçaylı ələ keçirildi və deportasiya edildi.

Qaraçay Muxtar Oblastı ləğv edildi. Onun əraziləri Krasnodar və Stavropol diyarları, habelə Gürcüstan Sovet Sosialist Respublikası arasında paylaşdırıldı. Bu əməliyyatdan sonra Sovet mətbuatında deportasiya edilmiş etnosların Şərq cəbhəsindəki nailiyyətlərindən bəhs etmək qadağan edildi.

Mümkün səbəblər Alim Svante Kornell bildirir ki, Qafqaz deportasiyaları 1864-cü ildən fəaliyyətə başlayan böyük Rusiya planının bir hissəsidir. Bu plan isə müsəlman azlıqları mümkün olduğu qədər Qafqazdan təmizləməyi hədəfləyir. Aleksandr Benniqsen və Marie Broksup da demək olar ki, onunla razılaşırlar və iddia edirlər ki, deportasiyalar və yenidən məskunlaşdırmalar Şimali Qafqazın üsyankar xalqlarının "müsəlman problemi"nin həlli üçün həyata keçirilmişdir. Sovet hakim dairələri 108 milliyyətdən ibarət bir dövlət qurmağa çalışırdılar. Başlanğıcda onlar öz multietnik quruluşlarından Sovet İttifaqı sərhədı boyunca yaşayan digər etnoslara təsir vasitəsi kimi istifadə etməyə çalışdılar. Rus araşdırmaları üzrə professor olan Terri Martin o qənaətə gəlmişdir ki, bu tamam əks reaksiya ilə nəticələnmiş və sovetlərin "kapitalist təsiri" qorxusu nəhayətdə onları sərhəd boyunca etnik təmizləmələr aparmağa sövq etmişdir. Martin Qafqazdan deportasiya olunma üçün 4 mümkün səbbələri belə açıqlayır: təhlükəsizlik, sosial qeyri-sabitlik, ruslaşdırma və intiqam. Şimali Qafqazdakı 5 etnik qrup Türkiyə sərhədindən kifayət qədər uzaqda olduğu üçün o, təhlükəsizlik arqumentini rədd edir, ancaq bu qrupların uzun müddətdir davam edən antisovet fəaliyyətinin səbəb olduğu sosial qeyri-sabitliyin, ruslaşdırmanın və bəzilərinin Hitler koalisiyasının kollaborasionisti olduqları üçün cəzalandırılmalarının gərəkliliyinin deportasiyaların başladılmasına təsir edən faktorlar olduğunu qəbul edir.

Amerikan antropoloq Cefri Koul qaraçaylıların Stalinist sistemin İkinci Dünya müharibəsindəki səhvlərini və uğursuzluqlarını gizlətməsi üçün "günah keçisi olaraq istifadə edilən bir neçə" zəif azlıqdan yalnız biri olduğunu iddia edir.

Sürgün və itkilər Qafqazdan köçürülən digər xalqlar kimi qaraçaylılar da xüsusi düşərgələrdə yerləşdirilmişdilər və əmək düşərgələrində işlədilirdilər. Onlar Mərkəzi Asiyadakı 550 düşərgəyə paylanılmışdılar. Bu düşərgələrdə yaşayan insanlar Sovet İttifaqının insan tərəfindən məskunlaşdırılmamış, inkişaf etməmiş və yaşam üçün uyğun olmayan bölgələrini işçi gücü ilə təmin edirdi. Qaraçaylılar kənd təsərrüfatı, heyvandarlıq və tikinti sektorunda çalışmağa məcbur edilirdi. Xüsusi düşərgələrdə yaşayanlar bir qayda olaraq həftədə yeddi gün, hər gündə isə 12 saat işləyirdilər. Onlar tükənmişlikdən, ifrat yorğunluqdan, soyu1qdan, aclıqdan və iş saatına bağlı ərzaq təminatından əziyyət çəkirdilər. Onlara əməklərinə görə əməkhaqqı ödənilmirdi.

İkinci Dünya müharibəsi evakuasiyalarına görə Mərkəzi Asiya Rusiya Avropasından gələn evsiz qaçqınlar hesabına artıq yetəri qədər dolmuşdu. Deportasiya edilənləri evlərlə təmin etmək buna görə çətin idi. Bir bölgədə deportasiya edilmiş 1.445 ailədən yalnız 175-i 1944-cü ilin sonuna qədər evlə təmin edilmişdi. Digərləri fermerlərin evlərində, tövlələrdə, daxmalarda, hərbi hissə ərazilərində və ya çadırlarda yaşayırdılar. Mərkəzi Asiyanın soyuq havası və sanitariya vəziyyətinin pis halda olması müxtəlif xəstəliklərin meydana çıxmasına səbəb olurdu. Bu xəstəliklərə dizenteriya və malyariya da daxil idi. Onların yemək payları bəzən kolxozlar tərəfindən çatdırılmırdı. Əvvəlcə onlarla əlaqə qurmaqdan çəkinsələr də, qırğızıstanlılar sonda qaraçaylılara qarşı qonaqpərvərlik və rəğbət bəslədilər. Bəzilərinin yeməklərini deportasiya olunanlarla bölüşdükləri bildirilmişdir.

1944-cü ilin avqustunda Sovet hökuməti qaraçaylı deportasiya edilən şəxslərə 600 ton taxıldan, 150 ton undan və 4.859.900 rubldan ibarət yardım etdilər.