Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töhfə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir.
Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir. 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir.
Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞ və Macarıstan akkreditasiyalı magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir.
Rektoru thumb|Con Şatak, Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektoru
1 avqust 2009-cu ildən etibarən MAU-nun keçmiş rektoru Yehuda Elkananı insan hüquqları üzrə görkəmli hüquqşünas Con Şatak əvəz etdi. Hazırda bu universitetin prezidenti və rektoru Con Şatakdır. O daha əvvəl Harvard Universitetinin vitse-prezidenti, ABŞ-nin Çexiyada səfiri, ABŞ Prezident kitabxanasının Baş İcraçı Direktoru vəzifələrində işləyib, Ruanda və keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Kriminal Tribunallarının qurulmasında əhəmiyyətli rol oynayıb, Kembric və Yel Universitetlərinin məzunudur.
Missiyası və tarixi MAU-nun əsasını qoymaq ideyası xorvat şəhəri – Dubrovnikdə keçirilmiş mühazirə seriyası zamanı yaranmışdır. MAU qərb nümunəli universitet olub, açıq cəmiyyət ideyasına əsaslanan və Avropanın post-kommunist ölkələrində siyasi, sosial və iqtisadi dəyişikliklərin öyrənilməsinə həsr edilməli idi.
Hazırda MAU beynəlxalq tanınmış universitet olmaqla yanaşı, həm də tədqiqat və analitik mərkəz kimi öz məzunlarını siyasi və akademik sferalarda liderliyə və innovasiyaya hazırlayır. MAU gender araşdırmaları və ekoloji siyasət üzrə Şərqi Avropada magistr proqramı açmış ilk universitetdir.
MAU Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət ideyasının inkişafını tələbə və akademik mühit vasitəsilə dəstəkləyir. Burada fərziyyə və praktiki ideyalar kritik və müqayisə analizi olaraq yaradıcılıqla inkişaf etdirilir. Bununla bərabər inkişaf etməkdə olan ölkələrdə demokratik ideyalar yayıldıqca MAU bu ölkələrdən olan tələbələrə maliyyə dəstəyi təqdim etməyə başladı.
14 oktyabr 2007-ci ildə Corc Soros MAU Şura sədri vəzifəsindən istefa verir. Direktorlar şurasının yeni sədri 2 illik müddətə Leon Botşteyn seçilir. Hazırda Corc Soros MAU Şurasının fəxri sədridir.
Akkreditasiyası Universitetin ilk qeydiyyatı ABŞ-dədır. Macarıstanda bu universitet özəl fəaliyyət göstərən universitet kimi qeydiyyatdan keçib və Macarıstan Akkreditasiya Komitəsi tərəfindən 2004-cü ildə akkreditasiya olunub.
Departament və proqramları Departamentlər thumb|Mərkəzi Avropa Universitetinin girişi İqtisadiyyat; Ətraf mühit elmləri və siyasəti; Gender tədqiqatları; Tarix; Beynəlxalq münasibətlər və Avropa tədqiqatları; Hüquq tədqiqatları; Riyaziyyat və onun tətbiqi; Orta əsrlərin tədqiqatları; Nasionalizm tədqiqatları; Fəlsəfə; Siyasi elmlər; İctimai siyasət; Sosiologiya və sosial antropologiya; Koqnitiv elmlər.
Dərəcə proqramları Bir illik magistr dərəcə proqramları MA (Master of Arts) proqramları: Mərkəzi Avropa tarixi; İqtisadiyyat və hüquq tədqiqatları; Gender tədqiqatları; İnsan hüquqları; Beynəlxalq münasibətlər və Avropa tədqiqatları; Orta əsrlərin tədqiqatları; Nasionalizm tədqiqatları; Fəlsəfə; Siyasi elmlər; İctimai siyasət; Sosiologiya və sosial antropologiya. MSc (Master of Science) proqramları: Ətraf mühit elmləri və siyasəti LLM (Master of Laws) proqramları: Müqayisəli konstitusiya hüququ; İqtisadiyyat və hüquq tədqiqatları; İnsan hüquqları; Beynəlxalq biznes hüququ Biznes proqramları: Transmilli MBA; Beynəlxalq Executive MBA (18-aylıq proqram)
İki illik magistr dərəcə proqramları MA (Master of Arts) proqramları: Tənqidi gender tədqiqatları; Qlobal bazarlarda iqtisadi siyasət; Ətraf mühit elmləri, siyasəti və menecemneti (MESPOM, Erasmus Mundus); İqtisadiyyat; Tarixi tədqiqatlar; Fəlsəfə; Siyasi elmlər; İctimai siyasət (Erasmus Mundus proqramı), Sosiologiya və sosial antropologiya; Qadın və gender tədqiqatları (GEMMA, Erasmus Mundus); Qadın və gender tarixi (MATILDA, Erasmus proqramı) MS (Master of Science) proqramı: Tətbiqi riyaziyyat Biznes proqramları: Executive MBA (Menecment üzrə beynəlxalq magistr dərəcəsi)
Doktorluq proqramları PhD (Fəlsəfə doktoru): Müqayisəli gender tədqiqatları; Mərkəzi, Cənub-Şərqi və Şərqi Avropanın müqayisəli tarixi; İqtisadiyyat; Ətraf mühit elmləri və siyasəti; Riyaziyyat və onun tətbiqi; Orta əsrlər tədqiqatları; Fəlsəfə; Siyasi elmlər; Sosiologiya və sosial antropologiya. Hüquq elmləri doktoru.
Xüsusi proqramları Universitet fakültə üzvləri və mütəxəssislər üçün xüsusi proqramlar da həyata keçirir: Xüsusi Layihələr Ofisi; MAU Yay Universiteti; Kurrikulum Resurs Mərkəzi.
MAU Yay Universiteti MAU-nun Yay Universiteti Mərkəzi və Şərqi Avropada humanitar və sosial elmlər üzrə gənc tədqiqatçılar üçün ən əhəmiyyətli akademik proqramıdır. 1996-cı ildə MAU Yay Universiteti 269 nəfərlik heyəti və 516 iştirakçını əhatə edib. Bir çox iştirakçılar təhsil haqlarından və digər iştirak xərclərindən azad ediliblər, onların çoxu akademik işlə məşğul olan gənclərdirlər (təhsilini başa vurmuş tələbələr, təhsil işçiləri, tədqiqatçılar və s.). Bu yay universiteti nəticəsində onlar öz tədqiqatlarını təkmilləşdirmək, tədris kurslarını inkişaf etdirmək, təhsildə müxtəlif metodlardan istifadə etmək, beynəlxalq elmi və peşəkar şəbəkələr çıxış əldə etmək barədə zəngin məlumat əldə ediblər.
Kitabxanası Mərkəzi Avropa Universitetinin kitabxanası Şərqi Avropada sosial və humanitar elmlər sahəsində rəqəmsal və qeyri-rəqəmsal kolleksiyalara malik ən böyük ingilis dilli kitabxanalardandır. Kitabxanada 255 000-dən çox müxtəlif formatda sənədlər və əksər akademik məcmuələrə daxil olma imkanları var.
Açıq Cəmiyyət Arxivləri (ACA) soyuq müharibə dövrünü araşdıran dünyada ən aparıcı elmi-tədqiqat müəssisələrindən biridir. Arxiv kommunist dövrünü əhatə edən siyasi, sosial, iqtisadi və mədəni həyatı ilə bağlı geniş materiallara sahibdir. Kolleksiya özündə Azadlıq Radiosunun arxivi və stenoqram yayımını, həmçinin Mərkəzi və Şərqi Avropada kommunizm dövründə qadağan edilən material və dünyanın ən böyük samizdatlarını birləşdirir. Arxivdə həmçinin insan hüquqları və hərbi cinayətlərə dair daim çoxalan audio və videomaterial sənədləri daxil edilir.
Reytinqlərdə yeri Mərkəzi Avropa Universiteti 2011-ci ildə "QS World University Rankings" tərəfindən hazırlanmış təhsil istiqamətləri üzrə dünya reytinqində Siyasət və Beynəlxalq münasibətlər sahəsində ən yaxşı 51–100, Fəlsəfə üzrə 101–150 və Sosiologiya üzrə 151-200-cü yerləri bölüşdürür. Ümumiyyətlə götürdükdə isə 2011-ci ildə universitet bu reytinqdə dünyada 372-ci yerdə qərarlaşıb
Alman qəzeti Die Zeitin tətqiqatlarına əsasən universitetin Siyasi Elmlər departamenti Avropada ən yüksək beş eyniadlı proqramdan biridir. Universitetin Hüquqi Tədqiqatlar departamenti Çexiya qəzeti Lidove noviny tərəfindən Mərkəzi Avropada ilk yerə layiq görülüb. Sorğu Avstriya, Çexiya, Polşa, Slovakiya, Almaniya və Macarıstan universitetlərini əhatə edib. QS TOPMBA sorğusunda Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi Avropada ən yaxşı 20 biznes məktəb siyahısında yer alıb. Bu yaxınlarda həmin resursda çıxmış məlumatda qeyd edilir ki, bu biznes məktəb Avstriya və Almaniya da daxil olmaqla Avropada beynəlxalq və regional şirkətlər tərəfindən ən çox baxılan biznes məktəbdir.
"Magyar Rektori Konferencia" tərəfindən hazırlanmış son hesabatda MAU heyəti adambaşına düşən beynəlxalq nəşrlərin sayına görə Macarıstanda birinci yerdədir. Universitet həm də Avropa Birliyinin Tədqiqat və Texnoloji İnkişaf Proqramları çərçivəsində tədqiqat qrantlarının sayına görə ölkədə birinci yerdə qərarlaşıb. Avropa Tədqiqat Şurasının Başlanğıc Qrantları (Avropada gənc tədqiqatçılar üçün ən prestijli qrantı hesab olunur) çərçivəsində Mərkəzi və Şərqi Avropadan ümumi qalib gəlmiş 8 qrantdan 3-ü Macarıstana verildi (bu, regionda ən yüksək göstəricidir), onlardan da ikisi MAU heyətinə layiq görüldü.
Nəşriyyatı MAU Nəşriyyatı (CEU Press) Mərkəzi və Şərqi Avropada ingilisdilli ən böyük nəşriyyatdır. 1993-cü ildə yaradılmasından bu vaxta qədər iqtisadiyyat, sosial, regionda siyasi dəyişikliklər barədə kitabların nəşrinə əvəzsiz töhfə verib.
Qəbul qaydaları
Tələb olunan sənədlər Universitetə qəbul qaydaları bir çox Avropa və Amerika universitetlərinə qəbul qaydaları ilə oxşardır. Bütün departamentlərə qəbul zamanı aşağıdakı sənədlər tələb olunur: MAU-nun onlayn ərizə formasını doldurmaq; Tövsiyə məktubları; Akademik göstəriciləri göstərən sənəd (transkript); CV və ya rezume (əgər nəşr olunmuş yazılar varsa, daxil etməli); Departament və ya proqram üçün müəyyən olunmuş xüsusi tələblər (niyyət məktubu, tədqiqat təklifi, əlavə testlər, esse, riyaziyyat imtahanı, yazı qabiliyyəti imtahanı və s. formada ola bilər); İngilis dilini biliyini göstərən sənədlər (TOEFL, IELTS və s.). Qeyd edək ki, qəbul şərtləri departamentlər və proqramlar üzrə fərqlənir.
Təqaüdlər və maliyyə dəstəyi Universitetdə təhsil haqları kifayət qədər yüksəkdir, lakin qəbul zamanı təqdim edilmiş sənədlərə və imtahanların nəticələrinə əsasən Mərkəzi Avropa Universiteti əksər tələbələrinə müxtəlif növ təqaüdlər və maliyyə yardımları edir. Çoxillik proqramlarda oxuyan tələbələrin il ərzində göstəricilərinə əsasən həvəsləndirilmə məqsədi ilə növbəti ildə daha artıq təqaüd qazanmaq imkanı var. Universitetdə "Məzun təqaüdü" proqramı da var. Bu təqaüdə əsasən MAU-nun məzunlarının öz universitetlərinə ödədiyi ianələr hər il toplanaraq bir neçə tələbənin təhsilinə xərclənir. Bu təqaüdlərə müraciət etmək üçün MAU-nun onlayn ərizə formasında müvafiq məlumatları doldurmaq tələb olunur. Həmçinin universitet tələbələri universitetdənkənar təqaüd proqramlarına da sənəd verə bilərlər. Qeyd edək ki, təqaüdlərə seçim şərtləri departamentlər və proqramlar üzrə müxtəlifdir.
2011-2012-ci tədris ilində 153 tələbə MAU-nun təhsil haqlarından tamamilə, 5 tələbə isə təhsil haqqının bir hissəsindən azaddır. Bu tələbələrin 123 nəfəri isə tam və ya müəyyən qədər təqaüdlə də təmin olunurlar.
Dünyada məşhur olan əməkdaşlarından bəziləri thumb|right||Mərkəzi Avropa Universitetinin binası Zoltan Illeş, Ətraf mühit elmləri və siyasəti, Ətraf Mühit üzrə Dövlət Katibi; Steven Plaut, İqtisadiyyat, Siyasi elmlər və Beynəlxalq münasibətlər; Peter Balaj, Beynəlxalq münasibətlər, Macarıstanın keçmiş Xarici İşlər Naziri; Şlomo Avineri, Siyasi elmlər; Jacek Rostovski, İqtisadiyyat, Polşanın Maliyyə Naziri; Əziz Əl-Əzmeh, Şərq tədqiqatları; Layoş Bokroş, İctimai siyasət, Macarıstanın keçmiş Maliyyə Naziri; Andraş Bozoki, Siyasi elmlər, sociologist, politoloq, Macarıstanın Mədəniyyət Naziri; Vai Chee Dimok, İngilis və Amerikan tədqiqatları; Cole Durham, Hüquq; Diana Ürge-Vorsatz, Ətraf mühit elmləri, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupunun üzvü; Yehuda Elkana, Elm tarixi; Susanne Baer, 2010-cu ildə Almaniyanın Federal Konstitusiya Məhkəməsinə seçilib; Allen Feldman, Mədəni antropologiya; Patrik Geary, Tarix;