Məhəmməd Qəmbər oğlu Qocayev () — Gürcüstan SSR dövlət və partiya xadimi. 1950–1951-ci illərdə Marneuli Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Sovet İttifaqı Sosialist Əmək Qəhrəmanı.

Həyatı Məhəmməd Qocayev 1912-ci ildə anadan olmuşdur. 1917-ci ildə atasını itirən 5 yaşlı Məhəmməd, anası Xeyransa Alı qızının himayəsində qalır. O, 1927-ci ildə komsomol sıralarına qəbul olunur, 1929-cu ildə Kəndli Gənclər Məktəbini bitirir. 1930-cu ildə Gürcüstan SSR Maarif Komissarlığının Tbilisidə 6 aylıq kursuna daxil olur. Oranı bitirdikdən sonra Borçalı rayonunun Betarabçı kənd dördillik məktəbinə müdir təyin edilir. 1932-ci ildə Qaçağan kənd sovetliyinin katibi, sonra kənd sovet sədrinin müavini seçilir. 1933-cü ildə Borçalı Rayon Partiya Komitəsi Bürosunun qərarı ilə Tbilisi şəhərindəki Zaqafqaziya Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə təhsil almağa göndərilir.1935-ci ildə Gürcüstan LKGİ MK bürosunun qərarı ilə Borçalı rayon komsomol komitəsində təlimatçı-təbliğatçı vəzifəsinə təyinat alır.

Məhəmməd Qocayev 1936-cı ildə "Gündoğan" kolxozuna sədr seçilir. 1938-ci ildə Borçalı Rayon Tədarük İdarəsinə direktor və rayon istehlak İdarəsinin sədri seçilir. 1939-cu ildə Borçalı Rayonunun Xalq Maarif Şöbəsinin müdiri vəzifəsinə keçirilir. 1940–1945-ci illərdə əvvəl Marneuli, sonra Şulaver maşın-traktor stansiyalarının direktoru olmuşdur. 1946-cı ildə "Sosializm"kolxozunun sədri seçilir. "Sosializm"kolxozunun sədri Məhəmməd Qocayev kənd təsərrüfatı məhsullarının, xüsusilə tütünçülüyün inkişafında göstərdiyi yüksək təşkilatçılıq və təşəbbüskarlıq hünərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1949-cu il 3 may tarixli fərmanı ilə Lenin ordeni və Oraq və çəkic qızıl ulduz medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.

1949–51-ci illərdə Marneuli rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır, bölgənin yüksəlişi uğrunda hərtərəfli qabiliyyət nümayiş etdirir. 1951-ci ildə ikinci Lenin ordeni ilə təltif olunur. 1951–54-cü illərdə Gürcüstan KP MK nəzdində üçillik Ali Partiya Məktəbinə göndərilmişdir. 1954-cü ildə Marneuli yağ-süd zavoduna direktor təyin edilir. 1957-ci ildə "Qırmızı Körpü" maşın-traktor stansiyasının direktoru vəzifəsinə keçirilir. 1963-cü ilə qədər həmin vəzifədə çalışan Məhəmməd Qocayev kənd təsərrüfatı texnikasının təmiri və bərpası sahəsində yüksək təşkilatçılıq, işgüzarlıq nümayış etdirir. 1963-cü ildə Məhəmməd Qocayev regionun 5 bölgəsinə (Marneuli, Bolnisi, Dmanisi, Tetriskaro, Salka) xidmət göstərən Taxıl Məhsulu Tədarükü kombinatına baş direktor göndərilir. 1966-cı ildə Məhəmməd Qocayev "Şərəf nişanı" ordeni ilə təltif olunur. 1969-cu ildə Alget tərəvəzçilik-südçülük sovxozuna direktor vəzifəsinə göndərilir. 1970–72-ci illərdə Məhəmməd Qocayev Marneuli Baş pendir-yağ-süd zavodunun direktoru vəzifəsində son fəaliyyətini etdirir. Məhəmməd Qocayev həm də görkəmli ictimai-siyasi xadim idi. O, daşıdığı vəzifələrinə və malik olduğu Sosialist Əməyi Qəhrəmanı adına görə Gürcüstan KP MK üzvü seçilmişdir.

İstinadlar

Kateqoriya:Marneuli Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər