"Ecazkar qadın" () — "DC Comics" nəşriyyatının eyniadlı personajı əsasında çəkilmiş superqəhrəman filmi. Warner Bros. tərəfindən distribütorluq edilən film DC Genişləndirilmiş Kainatının dördüncü filmidir. Film, Allan Heynberin ssenarisi əsasında Petti Cenkinsin rejissorluğu ilə çəkilmişdir; ssenari əsasında durmuş hekayə Heynberq, Zak Snayder və Ceyson Fuşs tərəfindən yazılmışdır. Əsas personaj Qal Qadot, digər personajlar isə Kris Payn, Robin Rayt, Denni Hyuston, Devid Tyulis, Konni Nilsen və Yelena Anaya tərəfindən canlandırılmışlar. Betmen Supermenə qarşı filmində Ecazkar qadının ilk dəfə layv-ekşn filmində görünməsindən sonra, bu film personaja həsr olunmuş ilk individual layv-ekşn filmidir. Filmdə, Femiskira adasında qəzaya düşmüş ABŞ pilotu Stiv Trevor Dayanaya Birinci Dünya müharibəsi haqqında məlumat verir və müharibəni dayandırmaq üçün doğma evini tərk edən Şahzadə Dayana Ecazkar qadına çevrilir.
Personaj haqqında individual film çəkilməsi ideyası 1996-cı ildən inkişşaf etdirilməyə başlanılmış, 2015-ci ildə Petti Cenkins rejissorluğu öz üzərinə götürməklə bağlı müqavilə imzalamışdır. 21 noyabr 2015-ci ildə əsas çəkilişlərə start verilmiş, çəkilişlər Böyük Britaniya, Fransa və İtaliyada həyata keçirilmiş və 19 may 2016-cı ildə tamamlanmışdır. 2016-cı ilin noyabrında əlavə çəkilişlər keçirilmişdir. Ecazkar qadın qadın rejissor tərəfindən çəkilmiş ilk yay superqəhrəman filmi, Petti Cenkins isə, qadın protaqonist haqqında superqəhrəman filmi çəkmiş ilk qadın rejissor olmuşdur.
Ecazkar qadın filminin premyerası 15 may 2017-ci ildə Şanxayda keçirilmiş, ABŞ-də 2 iyun, Azərbaycanda 1 iyun 2017-ci ildə 2D, 3D və IMAX 3D formatlarında çıxarılmışdır. Film tənqidçilər tərəfindən müsbət qarşılanmış və əsasən Qadotun ifası yüksək qiymətləndirilmişdir.
"Ecazkar qadın", bir neçə kassa rekordu qırmağa nail olmuş, qadın rejissor tərəfindən çəkilmiş ən çox gəlirli film, qadın rejissor tərəfindən çəkilmiş film üçün ən böyük istehsalçı ölkə açılış günü gəliri, istehsalçı ölkədə ən böyük gəlir gətirmiş super qəhrəman mənşə filmi və qadın baş rol ifaçısının çəkildiyi komiks filmi üçün ən böyük açılış günü nəticəsi olaraq qeyd edilmişdir. "Ecazkar qadın" filmi həm də istehsalçı ölkədə ən çox gəlir gətirmiş beşinci, ABŞ-də ən çox gəlir gətirmiş iyirminci film olmuşdur. Ümumilikdə $819 milyon gəlirlə "Ecazkar qadın" 2017-ci ilin ən çox gəlir gətirmiş yeddinci filmi olmuşdur. Film, "DC Genişləndirilmiş Kainatı"nın gəlirlərinin 3 milyard dolları keçməsinə səbəb olaraq, onu bütün zamanların ən çox gəlir gətirmiş film franşizaları arasında on yeddinci yerə yüksəltmişdir. Filmin sikveli olan "Ecazkar qadın 2" filminin 13 dekabr 2019-cu ildə çıxarılacağı elan edilmişdir.
Məzmunu
Bizim günlərdə Luvr Muzeyinin antik əşyalar bölməsinin işçisi olan Diana Prins, "Wayne Enterprises" şirkətinin baş direktoru olan Brüs Ueyn tərəfindən Birinci Dünya müharibəsi dövrünə aid və Diananın keçmişi ilə əlaqəli olan bir fotoşəkil alır.
Amazonların vətəni olan Temiskira adasında doğulmuş və yaşayan Diana, amazon döyüşçüsü olmağı arzulasa da, onun anası Kraliça Hippolita, qızına döyüş sənəti ilə məşğul olmağı qadaqan edərək, insanların qədim dövrdə amazonları əsir etmələri, müharibə tanrısı Aresin insan xislətini pozması, Diananın atası Zevs də daxil olmaqla bütün tanrıları öldürməsi haqqında hekayələr danışır. Zevz ölməmişdən əvvəl, geri qayıdacağı tədirdə oğlu Aresi öldürməyə qadir silah bağışlayır. Anasının sözlərinə görə Diana gildən hazırlanmış və Zevs ona can vermişdir. Lakin, anasının qadağalarına fikir verməyən Dayana xalası Antioppa ilə birlikdə gizlincə məşq edir. Hippolita bundan xəbər tutur və Diananınn tanrı gücünə malik olmasını öyrənməsinə kimi məşqlərə icazə verir.
Dayana gənc qız yaşına çatdıqda ABŞ təyyarəçisi Stiv Trevor alman hərbçilərindən qaçarkən qəzaya uğrayır və Femiskira adası yaxınlığında suya düşür. Dayana Trevoru xilas edir, lakin, hərbçini izləyən Almaniya əsgərlərinin də Femiskiranı tapmasına səbəb olur. Bu zaman amazonlar və alman hərbçiləri arasında döyüş baş verir. Döyüşdə amazonların komandanı və kraliçanın bacısı Antioppa öldürülür.
Həqiqət qamçısının təsiri ilə Stiv Trevor amazonlara bildiyi məlumatları danışaraq insanlar dünyasında Birinci Dünya müharibəsinin baş verməsi, özünün gizli casus olması, Osmanlı imperiyası ərazisində Almaniya üçün Həkim Zəhər tərəfindən kimyəvi silahın hazırlanmasını bildirir. Bütün bunlarda Aresi günahlandıran Dayana müharibəni dayandırmaq üçün insanların dünyasına gəlmək qərarını verir. O, anasının qadağalarına qarşı çıxaraq özü ilə qılınc, qalxan, həqiqət qamçısı və onu Ecazkar qadına çevirən kostyumu götürür. Beləliklə, Dayana Aresi taparaq məhv etmək üçün Stivlə birlikdə Femiskiranı tərk edir.
Londonda Stiv Doktor Marunun qeydləri olan kitabçanı İmperiya Müharibə Kabinetinə təhvil verir. Kabinetin üzvü olan Ser Patrik Morqan Almaniya ilə sülh danışıqlarına başlanılmasına çalışır. Stiv bildirir ki, Ludendorff sülh dövründə kimyəvi silah üzərində işləri tamamlayaraq onu insanlığa qarşı tətbiq edəcək, Dayana isə Ludendorfun Ares olmasını ehtimal edərək onun məhv edilməli olduğunu, bundan sonra müharibələri başa çatacağını bildirir. Lakin, kabinet üzvləri onların fikirlərini ciddi qəbul etməyərək, məsələyə müdaxilə etmələrini qadağan edirlər. Bundan sonra cütlük gizli silahın hazırlandığı Belçika ərazisinə getməyə qərar verir. Ser Patrik onlarla gizlincə görüşərək dəstəyini ifadə edir. Stiv tanışlarından ibarət kiçik dəstək komandası yığır. Bu komandaya casus Samir, mahir atıcı Çarli və qaçaq Çif daxil olur. Qərb cəbhəsinin Belçika ərazisindən keçən hissəsinə çatan dəstə Dayananın başçılığı ilə alman müdafiə xəttini yararaq, almanların nəzarətində olan kəndi azad edir. Dayana və Stiv azadlığı yerli kəndlilərlə bir yerdə qeyd edirlər və bu zaman cütlük arasında yaxınlaşma baş verir.
Ludendorffun yaxınlıqda keçiriləcək balda iştirak edəcəyini öyrənən Stiv də hiylə ilə bala qatılır, Ludendorffu öldürməyi qarşısına məqsəd qoymuş Dayana isə onu izləyir. Stiv Dayananı dayandıraraq qətl törətməsinin qarşısını alır, az sonra Ludendorff kimyəvi silahı yaxınlıqdakı kənddə tətbiq edir. Londona hücum üçün qaz bombalarının hazırlandığı meydanda Dayana Ludendorfu məğlub edərək öldürür. Lakin, sonradan gözlənilməz halda həmin yerdə Ser Patrik peyda olur və Dayana Aresin əslində Ser Patrik olmasını anlayır. O, Dayanaya insanlığın pozulmuş olmasını, özünüməhvə məhkum olduğunu, xilasa və ikinci şansa layiq olmadığını deyir.
Dayana bunun əksini bildirərək sevgi və mərhəmətin insanlığı xilas edəcəyini vurğulayır. Ares və Diana arasında baş verən döyüşdə, anasının onun mənşəyi haqqında yalan dediyini və əslində Zevsin amazonlara bağışladığı tanrıları öldürməyə qadir silahın özü olmasını öyrənir. Bombalarla dolu təyyarəni təhlükəsiz əraziyə aparmağa çalışan Stiv Diana ilə sağollaşarkən onu sevdiyini bildirir. Aresi məğlub edən Dayana həyatını insanlığın müdafiəsinə həsr etmək qərarı verir. Dəstə Londonda müharibənin başa çatmasını qeyd edən bayrama qatılır.
Bizim günlərdə Dayana Brüs Ueynə e-mail yazaraq fotoya görə təşəkkür edir və həyatın xilası missiyasını davam etdirəcəyini vurğulayır.
Rollarda
Əlavə olaraq, Liza Loven Konqsli Antopanın leytenantı Menalippini, Maylinq Ng, Florens Kasumba, Medelin Vall Beiyner və boksçu Enn Vulf amazonlar Orana, Senator Akanta, Egeriya və Artemidanı canlandırmışlar. Holland modeli Doutzen Kros amazon Vaneliyanı, Polad adam filmində Kar-Vex obrazını canlandırmış Samanta Co isə Euboea adlı amazonları canlandırmışlar.
İstehsal
Fon
Ecazkar qadın mövzusunda müstəqil filmin çəkilməsi üçün işlərə 1996-cı ildə start verilmiş, Ayvan Reytmenin prodüser və rejissor kimi çıxış edəcəyi güman edilmişdir. Üç il sonra layihə Con Kohenə təklif edilmiş, o isə Ecazkar qadını prodüser Coel Silverə təklif edərək, Sandra Ballokun baş rolu canlandıracağına güman etmişdir. Silver iki il sonra ssenarinin hazırlanması üçün Todd Alkotta müraciət etmiş, "Silver Pictures" isə layihəni dəstəkləmişdir. 2001-ci ilin mayında Leonard Qoldberq verdiyi müsahibədə Sandra Balloku güclü namizəd adlandırmışdır. Ballok bildirir ki, rolun ona təklif edilməsi zamanı, güləşçi Çayna da rolla maraqlanmışdır. Əvvəl bu roldan imtina etmiş "Zena"nın Lüsi Loulessi qeyd edir ki, Ecazkar qadın "səhvli qəhrəman" kimi təsvir edilsəydi daha yaxşı olardı. O zaman, ssenarinin Alkott, Kohen, Beki Conston və Filip Levens tərəfindən işlənmiş müxtəlif qaralama variantları mövcud idi, 2003-cü ilin avqustunda isə Levens ssenarist Laeta Kaloqridislə əvəzlənmişdir.
2005-ci ilin martında Warner Bros. və Silvester Pictures, Coss Uidonun (Vampir qatili Baffi) film üçün ssenari yazacağını və rejissorluq edəcəyini elan etdi , ödəniş məbləği kimi isə $2 — $3 milyon göstərildi. Həmin zaman Uidon "Sereniti" filmi ilə məşğul olduğuna görə "Ecazkar qadın"ın keçmişini öyrənmək üçün vaxt tələb edir və 2005-ci ilə kimi ssenari ilə məşğul olmur. 2005-ci ilin mayında Uidon bildirir ki, ssenarini tamamilə bitirməmiş aktyor seçiminə başlanmayacaq. Lakin, sonrakı iki ildə də Uidon ssenarini tamamlaya bilmir və layihəni tərk edir.
Uidonun layihəni tərk etməsindən bir gün əvvəl Warner Bros. və Silvester Pictures "Ecazkar qadın" filmi üçün Metyu Cennison və Brent Striklend tərəfindən yazılmış xüsusi ssenari alır. Hadisələrin İkinci Dünya müharibəsi dövründə cərəyan etdiyi ssenari Silver Pictures rəhbərlərini heyran edir. Lakin, Silver elan edir ki, onların ssenarini almaqda əsas məqsədi hüquqların başqa ələ keçməməsidir; ssenaridə yaxşı ideyalar olsa da, Silver "Ecazkar qadın"ın tarixi dövr filmi olmasını istəmirdi. 2008-ci ilin aprelində Silver, Cennison və Striklendi işə cəlb edərək, Ecazkar qadının yaranmasını yox, Cənnət adasının tarixini təsvir edən və müasir dövrlə əlaqəli ssenari yazılmasını həvalə edir.
2010-cu ildə Warner Bros. Ecazkar qadın, Fleş və Akvamen personajları əsasında solo filmlər üzərində iş getdiyini elan edir. 2013-cü ildə həm Akvamen, həm də Ecazkar qadın personajları üçün solo filmlərin çəkilməsi gündəmdə idi. DC rəisi Diana Nelson qeyd edir ki, "mən fəaliyyətə başladığım gündən Ecazkar Qadın, DC və Warner Bros. Üçün, üç əsas prioritet personajdan biri olmuşdur. Biz hələ də çalışırıq, lakin layihə çox mürəkkəbdir." 5 oktyabr 2013-cü ildə WB sədri Kevin Tsudzihara qeyd edir ki, Ecazkar qadın personajının ya televiziyada ya da kinoda təqdim edilməsini istəyir. Bundan bir qədər sonra Pol Feyq studiyaya Ecazkar qadın haqqında döyüş filmi üçün ideyalar verdiyini deyir. Bundan sonra studiya filmi ekranlaşdırmaq üçün qadın rejissor axtarışına başlayır. Baxmayaraq ki, Mişel MakLaren studiyanın ilk seçimi və layihə ilə maraqlanan ilk qadın rejissor olur , sonradan yaradıcılıq fərqlərinə görə layihəni tərk edir.
İnkişaf 2015-ci ildə Allan Heynberq, Zak Snayder, Ceff Cons və Seyson Fuşun hekayəsi əsasında Allan Heynberq tərəfindən yazılmış ssenarinin ekranlaşdırılması işini rejissor Petti Cenkins öhdəsinə götürmüşdür. Gal Qadot qeyd edir ki, "uzun müddət ərzində insanlar bu hekayəyə necə yanaşmağı bilmirdilər. Biz Cenkinslə personajı müzakirə etdikdə belə qərara gəldik ki, Dayananı hələ ki, normal insan kimi təqdim etmək olar, çox qiymətli və bacarıqlı, lakin qadın kimi. O, hissiyyatlı ola bilər. O, ağılllı, müstəəqil və hissiyyatlıdır. O, insan ürəyinə malikdir." Cenkins studiya superqəhrəman filmini çəkmiş ilk qadın rejissor olmuşdur.