Naxçıvan florası — Naxçıvan Muxtar Respublikasının bitki örtüyü.

Haqqında Naxçıvan MR florasını öyrənmiş alimlərdən L. İ. Prilipko, V. C. Hacıyev, M. H. Abutalıbov, İ. S. Səfərov, Ə. Ş. İbrahimov, F. Q. Mövsümova, T. H. Talıbov və b. tədqiqatlarını qeyd etmək olar. Naxçıvan MR-in kəskin kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt suyunun səthə yaxın olan yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülküquyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci, kəngizlər, sirkan, öldürgən, şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli şoran, pişiknanəsi, şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Arazboyu düzənlik qədimdən əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. mühüm yer tutur.Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan-2008. səh. 46

Bitki zonaları Naxçıvan MR-də dörd bitki zonası var Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm-1999: yarımsəhra dağlıq kserofit yüksək dağ bozqırları subalp və alp çəmənlikləri

Yarımsəhralar zonası Muxtar respublikanın Arazboyu düzənlik hissəsini və 1200 metr yüksəkliyə qədər dağətəyi sahəni əhatə edərək, şimal-qərbdən cənub-şərqə doğru uzanır. Yarımsəhralar zonası Sədərək, Şərur, Böyükdüz, xüsusilə Naxçıvan düzlərində daha geniş, cənub-şərq qurtaracaqda isə dar bir sahəni əhatə edir. Yarımsəhra senozlarının isti yay və soyuq qışı olan quru iqlim şəraiti vardır. Torpağın üst qatının şiddətli qızması nəticəsində hava quru, yağıntının miqdarı isə son dərəcə az (210–300 mm) olur. Buranın yayı demək olar ki, yağıntısız keçir. Atmosfer yağıntıları başlıca olaraq yazda və payızda düşür. Yaz aylarında yağıntıların düşməsi ilə əlaqədar olaraq yarımsəhralarda çox olan efemer bitkilər sürətlə inkişaf edir. Yazın axırlarınadək toxumlayıb qurtaran bu bitkilər iyulun əvvəllərində demək olar ki, tamamilə quruyur. İsti yay aylarında seyrək halda qalan çoxillik quraqlığa davamlı bitkilər vegetasiya dövrünü davam etdirir. Payızda yağıntı artdığından çoxillik bitkilərin vegetasiya dövrü sürətlənir, onlar çiçəkləyir və toxum verir. Yarımsəhra senozlarının bitkiləri payızda 2-3 yarus əmələ gətirir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Yazda efemerlər çoxilliklərlə eyni yarus təşkil etdiyindən çoxmərtəbəlilik hiss olunmur. Yarımsəhra senozlarının tərkibi son dərəcə yoxsuldur. Çoxillik komponentlər əsasən bir neçə növ yarımkollardan ibarət olub, yeknəsəq və eyni görkəmli fitosenozlar təşkil edir. Öz növ tərkibinə görə efemer senozlar daha müxtəlifdir.

Dağlıq kserofit bitkilər zonası Naxçıvan MR-də dəniz səviyyəsindən 1200-1600 metr yüksəklikdə olan sahələri əhatə edir. Geniş sahələri tutan dağlıq kserofit senozları müxtəlif çoxillik kserofit otlarından ibarətdir ki, bunların da əksəriyyəti öz mənşəyi etibarilə İran florasına aiddir. Naxçıvan MR-də dağlıq kserofit zonası yovşanlı yarımsəhralarda qarışıq keçid tipi yaradaraq yuxarılara doğru getdikcə müstəqil dağlıq kserofit bitkilər qurşağını təşkil edir. Bu qurşaq Naxçıvançay və Cəhriçay hövzəsində, həmçinin Naxçıvançayla Əlincəçay arasındakı ərazidə daha geniş sahələri əhatə edərək, Muxtar respublikanın mərkəzi hissəsində dağlara doğru yüksəklərə qalxır. Dağlıq kserofit zonası öz fitosenozlarının zənginliyi, mənzərəsinin müxtəlifliyi və gözəlliyi ilə yovşanlı yarımsəhralardan tamamilə fərqlənir. Burada bitki örtüyünün paylanması torpağın quruluşundan, relyefin maillik dərəcəsindən, ekspozisiyasından və formasından çox asılıdır. Lakin bir qayda olaraq kserofit bitkilər bir-birindən aralı bitməklə, bütün vegetasiya müddətində açıq senoz təşkil edir. Bu zonanın xarakterik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, burada çoxillik otlar hakim mövqe tutur, müəyyən sahələrdə bir, çox zaman isə bir neçə örtük əmələ gətirir. Baharın əvvəllərindən başlayaraq bitki növlərinin biri digərini əvəz edir. Yazda əsasən birillik kökümsü gövdəli, soğanaqlı bitkilər və bir sıra çoxillik otlar sürətlə inkişaf edir, çiçəkləyir və toxumlayır. Kserofit senozlarının son dərəcə quraq şəraitdə inkişaf etməsinə baxmayaraq, onlar öz inkişafını çox sürətlə başa çatdırır. Yayın əvvəlində çoxillik otların kütləvi surətdə çiçək açdığı dövrdə bu zona xüsusilə gözəl olur. Bir sıra xaççiçəklilərin, çətirlilərin və başqa bitkilərin boyu 1-1,5 metrə çatır. Yayın ikinci yarısında kserofitlərin əksəriyyəti toxumlayır, yalnız bəzi paxlalılar və mürəkkəbçiçəklilər çiçəkləməkdə davam edir. Zonanın çox az bir sahəsindən əkinçilikdə, qalan hissəsindən isa ancaq otlaqlar kimi istifadə edilir.

Yüksək dağ bozqırları Dəniz səviyyəsindən 2400-3000 metr yüksəklikdə yerləşən qurşağın dağ yamaclarında yayılmışdır. Bu qurşaqda başlıca fitosenoz olan topallıq bozqır əksər hallarda gəvənlə və kəklikotu ilə qarışaraq geniş sahələri tutur. Topallıq bozqırlar daşlı və qayalı yerlərdə açıq qruplaşmalarla, rütubətli sahələrdə isə çəmən-bozqırlarla yanaşı, talalar şəklində topallıq-gəvənli-kəklikotulu bozqırlar da mövcuddur. Ümumiyyətlə, narın torpaqlı dağ yamaclarında yerləşən yüksək dağ bozqırları aşağıdakılardır: topallıq bozqır, kəklikotlu-gəvənli-topallıq bozqır.

Meşələr Naxçıvan MR-də zonal xarakter daşımır. 1700-1800 metrdən başlayaraq 2000-2200 metr arasında tərəddüd edir. İqlimin kəskin kontinental olması, havanın quruluğu, yağıntının azlığı, oroqrafik şəraitin əlverişsiz olması meşələrin Naxçıvan MR-də inkişaf etməsinə imkan vermir. Naxçıvan MR-də meşələr çay və qar sularının çox olduğu rütubətli torpaqlarda yaranır. Bu cəhətdən Naxçıvançayının yuxarı hövzəsi meşə bitkiləri üçün daha əlverişlidir. Bundan başqa, şərqdən Xəzər hövzəsindən gələn rütubətli hava axını Zəngəzur silsiləsinin qismən alçaq olan hissəsindən - Biçənək aşırımından buraya daxil ola bildiyindən havanın quruluğu nisbətən azalır. Buna görədir ki, Muxtar respublikada olan 3016 hektar meşə sahəsinin 2550 hektarı Biçənək kəndi ətrafındadır. Bundan başqa, Əlincə və Gilan çaylarının yuxarı axınlarında, Ərəfsə kəndi ətrafında 66 hektar, Xurs, Nəsirvaz kəndləri yaxınlığında 400 hektara qədər talalar şəklində meşələr (Tillək, Xəlil, Cəlil meşələri) vardır. Ümumiyyətlə, meşələr Naxçıvan MR ərazisinin yalnız 0.5 faizini əhatə edir. Naxçıvan Muxtar Respublikası meşə idarəsinin məlumatına görə indi Naxçıvanda meşələrin sahəsi 4126 hektara çatdırılmışdır (“Fəryad” qəzeti 16-30 aprel 1998-ci il).

Bitki örtüyünün öyrənilməsi göstərir ki, vaxtı ilə meşə sahələri indikindən daha geniş olmuş, 1900-2400 metr yüksəklikdə Küküçay-Naxçıvançay və Əlincəçay arasındakı suayrıcılarını, çay dərələrini əhatə etmişdir. İndi bu sahələrdə qınlmış meşələrin yerlərində kolluqlar mövcuddur. Biçənək meşəsi də yaxın keçmişdə qismən daha geniş sahələri əhatə edərək suayrıcılarının yamaclarına doğru uzanmışdı. Bu meşələr xüsusilə, 1918-1920-ci illərdə daha çox tələf edilmiş, bəzi sahələr isə tamamilə qırılıb ağac və kollardan təmizlənmişdir. 1926-cı ildə Naxçıvan MR-də meşə təsərrüfatı idarəsinin yaradılması nəticəsində meşələrin qorunması, onlara xidmət edilməsi qaydaya salınmışdır. Muxtar respublikada əsas meşə bitkiləri Şərq palıdı, adi vən, göyrüş, kserofit İberiya ağcaqayını, alma, alça və müxtəlif yemişan növləridir. Kserofit cənub yamacları üçün nazik yarpaqlı armud növləri, yemişanlar, ardıc, badam, zirinc, murdarça, itburnu və başqaları daha səciyyəvidir. Meşəli sahənin hər yerində kserofit şəraitin təsiri aydın hiss olunur. Şimal yamacların narın torpaqlı sahələrində meşə sıxlaşdığı halda, daşlı cənub yamaclarında bunlar meşə-park formasını alır, tez-tez friqanə və qariqa fitosenozlarına, həmçinin qayalıqlara rast gəlinir. Naxçıvançayın sağ sahilində şimal-şərq istiqamətində uzanan kiçik yamacların cənub ekspozisiyaları tamamilə meşəsiz olduğu halda, həmin yamacların şimal ekspozisiyaları ağac və kollarla örtülmüşdür.

Bir sıra ağac və kollar meşələrin yuxarı sahələrindən daha yüksəklərə qədər qalxır. İtburnu, ardıc, pallas ağtikanı və başqa kollara yüksək dağlıq sahələrdə (Qapıcıq, Keçəldağ) rast gəlmək mümkündür. 2350-2400 metr yüksəkliyədək dağ yamaclarında, suayrıclarında yayılmış kolluqlar MR-də 5000 hektardan artıq olub, sıx örtük təşkil etmir və subalp çəmənliklərilə əhatə olunur. Naxçıvançay, Küküçay, Cəhriçay, Gilançay və Əlincəçayın yuxarı hövzələri, həmçinin suayrıcı silsilələri, onların arasında olan dağlar çəmənkolluqlarla örtülmüş və qismən meşə senozları saxlanmışdır. Meşələrin yayıldığı sahələrdə havanın orta illik temperaturu 2-8 dərəcə, orta aylıq temperatur yanvarda mənfi 6-10 dərəcə, iyulda 16-20 dərəcə olur. Orta mütləq maksimum 31-26 dərəcəyə, orta mütləq minimum isə mənfi 22-25 dərəcəyə çatır. Həmin sahələrdə orta illik yağıntının miqdarı 500–700 mm-ə bərabərdir. MR-ə ən çox yağıntı isə 2500–3000 m yüksəkliklər arasındakı sahələrə düşür.

Çəmənliklər Muxtar respublikanın çəmənliklərini 3 növə ayırmaq olar: düzənlik və alçaq dağlıq zolağın çəmənləri meşə çəmənləri yüksək dağlıq (subalp və alp) çəmənləri Muxtar respublikanın mərkəz hissəində meşə çəmənlikləri birbaşa subalp çəmənliklərinə keçir. Meşələr olmayan sahələrdə isə kserofit dağ bozqır fitosenozları tədricən, heç bir qurşaq əmələ gətirmədən subalp çəmənlikləri ilə əvəz olunur. Subalp çəmənlikləri 2350-2600 metr yüksəklikdə ensiz bir zolaq şəklində uzanır. Bu zolaq Küküçay hövzəsindən başlayaraq Əlincəçay hövzəsinə qədər suayrıclarında kəsilib çay dərələrində və vadilərində yenidən meydana çıxır. Əslinə qalsa, muxtar respublikada tipik subalp çəmənləri deyil, subalp elementlərinin qarışığı olan mezofil meşə çəmənləri mövcuddur. Yalnız Kükü kəndi rayonunda və Biçənək meşələrinin şimal qurtaracağında kiçik fraqmentlər şəklində Baş Qafqaz dağlarında olduğu kimi ucaboylu, sıx, yaxşı inkişaf etmiş subalp bitkiliyinə rast gəlmək mümkündür. Bu fraqmentlrə 2300-2600 metr yüksəklikdə rütubətli yamaclarda, dayaz dərələrdə, çuxur sahələrdə yayılmışdır. Tipik subalp çəmənliklərdən fərqli olaraq bu hündürotlu çəmənlərdə otların boyu 1-SP-180 santimetrə, bəzən isə 2 metrə qədər çatır və bir neçə yarusdan ibarət olur. Birinci yarus ucalığı 2 metrə qədər çatan hündür müxtəlif ot elementlərindən, ikinci yarus isə əsasən taxılkimilərdən təşkil olunur. Bitki örtüyünün əsasını təşkil edən atların boyu 60-80 santimetrə çatır. Alp çəmənlikləri kifayət qədər rütubətli, 2900 metrdən yüksək sahələrdə narın torpaqlı, yamacların şimal, şimal-qərb və şimal şərq ekspozisiyalarında yayılmışdır. Alp çəmənlikləri talalar şəklində respublikanın nisbətən rütubətli mərkəz hissəsində inkişaf etdiyi halda, onun cənub va şimal hissələrində belə çəmənliklərə təsadüf edilmir.

Alp çəmənlikləri