Pedaqoji təhsil – ümumtəhsil və ixtisas məktəblərində, tədris-tərbiyə müəssisələrində təlim-tərbiyə işi üçün tələb olunan ixtisaslı kadrların hazırlanması sistemi.
Əsas pedaqoji anlayışlar Pedaqoji fəaliyyət böyüməkdə olan nəslin tərbiyəsi ilə məşğul olan ictimai əhəmiyyətli peşəkar fəaliyyətdir. O, təhsil prosesi çərçivəsində baş verir və məktəbəqədər yaşlı uşaqların şəxsiyyətinin tərbiyəsi, inkişafı üçün münasib şəraitin yaradılmasına yönəldilmişdir. Pedaqoji fəaliyyət yalnız uşağa müəyyən bilik və bacarıq ehtiyatı vermək deyil, həm də ona mənimsənilmiş həyat təcrübəsindən istifadə etmək qabiliyyətini inkişaf etdirmək imkanı da verir. Çoxəsrlik tarixə malik olan pedaqoji terminologiya bir sıra elmlərin qarşılıqlı təsiri ilə inkişaf edərək zənginləşmiş və pedaqoji anlayışlar sistemini yaratmışdır. Pedaqogika varlığı anlayışlar formasında mənimsəyən elmdir. Pedaqogika anlayışlar vasitəsilə öz obyektinə, predmetinə aid olan hadisələri və prosesləri təsvir və izah edir, elmi ümumiləşdirmələr aparır. Hazırda pedaqogikanın əsas anlayışları aşağıdakılardır: Təlim Tərbiyə Təhsil İnkişaf Pedaqoji proses Təlim ikitərəfli pedaqoji proses olduğundan öyrədənlə öyrənənlər arasında qarşılıqlı, məqsədyönlü, planlı, mütəşəkküil pedaqoji fəaliyyət mövcuddur. Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri kompleks həyata keçirir. Tərbiyə şüur və davranışın istənilən şəkilə salınması üçün yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, ardıcıl olaraq yetişən gənc nəslə aşılanması və öyrədilməsidir. Tərbiyə – şəxsiyyətin məqsədyönlü, ardıcıl və sistemli olaraq formalaşdırılması və inkişaf etdirilməsi prosesidir. Tərbiyənin məqsədi: Mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi özündə ahəngdar surətdə birləşdirən hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırmaqdır. Təhsil isə təlim və tərbiyə prosesində meydana gələn nəticə və dəyərdir. Demək, təhsil, həm proses, həm nəticə, həm də dəyərdir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunda yazılmışdır: "Təhsil – sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir". Təhsil geniş anlayışdır. Onun bütün səviyyələri və sahələri – məktəbəqədər təhsil, ibtidai təhsil, orta təhsil, tam orta təhsil, orta ixtisas təhsili, peşə ixtisas təhsili, ali təhsil, magistr təhsili, doktorantura təhsili (səviyyələr), pedaqoji təhsil, tibbi təhsil, hərbi təhsil, dini təhsil, texniki təhsil, hüquqi təhsil, psixoloji təhsil (sahələr) təhsilin ümumi anlayışına daxildir. Pedaqoji proses məqsədyönlü təşkli edilmiş təhsilləndirici və inkişafetdirici istiqamətə yönəlmiş tərbiyə olunan və tərbiyə edənin qarşılıqlı fəaliyyətidir. Pedaqoji proses – təlim, tərbiyə, təhsil və inkişafın vəhdətidir. Tamlıq, ümumilik, vahidlik, dinamiklik pedaqoji prosesin səciyyəvi xüsusiyyətləridir.
Pedaqoji təhsilin proqram və standartları Pedaqoji hazırlığın proqramları pedaqogika sahəsində fundamental bilikləri formalaşdırmalı, hər bir müəllim üçün vacib olan pedaqoji bacarıq və vərdişləri aşılamalıdır. Proqramlar pedaqoji təfəkkürü formalaşdırmalı, pedaqoji mədəniyyət və dünyagörüşü zənginləşdirməlidir. Proqramların standartlaşdırılması pedaqoji təhsilin effektivliyini ölçməyə imkan verməlidir. Dünyanın aparıcı ölkələrində pedaqoji təhsil proqramlarının standartları probleminə birmənalı yanaşma mövcud deyil. Təhsil sistemi inkişaf etmiş ölkələrdə müəllim hazırlayan ali məktəblərdə "Pedaqogika" elminə hansı səviyyədə yer verilir?
Amerika Birləşmiş Ştatları Albert Eynşteyn "Pedaqoqlar və pedaqogika" məktubunda yazırdı: "Onsuz da dünyada, xüsusilə də Amerika məktəblərində pedaqogika kifayət qədərdir". Kiçik araşdırmamız böyük fizikin sözlərini təsdiqləyir. Bu ölkədə 4–5 illik müəllim hazırlığı proqramının 1-ci və 2-ci ilində ümumtəhsil tsiklində riyaziyyatla yanaşı, humanitar fənlərin, iqtisadiyyat, fəlsəfə, ədəbiyyat, tarix, politologiya, sosiologiya və s. tədrisinə üstünlük verilir. Yuxarı kurslarda ümumi pedaqoji psixologiya, uşağın inkişaf psixologiyası, təhsilin əsasları, tərbiyənin fəlsəfəsi, pedaqogikanın tarixi, pedaqoji sosiologiya, müqayisəli pedaqogika, öyrətmək metodları, pedaqoji etika tədris olunur. Bu fənlər təhsil müddətinin 30–35 faizini təşkil edir. Amerikada pedaqoji təcrübəyə 4–5 həftə vaxt ayrılır.
ABŞ-də pedaqoji təhsilin özəyini 6 standart təşkil edir. Standartlar bu məqamları ehtiva edirlər: bilik, gələcək müəllimin bacarıqları, diaqnostika sistemi, monitorinq və qiymətləndirmə, pedaqoji təcrübə, təkmilləşmə, əməyin keyfiyyəti və müəllimlərin peşəkar inkişafı, idarəetmə və material resursları.
Bu ölkədə pedaqoji təhsilin zəif yeri nədən ibarətdir? Pedaqoji fakültələrin məzunları 2–3 il işlədikdən sonra məktəbi tərk edirlər. Onların peşələrinə maraqlarını artırmaq üçün layihələr həyata keçirilir. Tələbələr könüllülük əsasında praktik müəllim fəaliyyəti ilə məşğul olurlar.
"Amerika-2000" proqramında məktəb siyasətinin yeni strateji məqsədləri müəyyənləşdirildi. Yeni nəsil müəllim yetişdirmək qarşıya məqsəd qoyuldu. "Bir uşaq belə kənarda qalmamalıdır" prezident aktına görə, təkmilləşməsini təsdiqləməyən bir müəllimə belə məktəbdə yer olmamalıdır. Bu sənədin ortaya çıxmasından 4 il sonra vəziyyət istənilən kimi dəyişmədi. "Pedaqoji trest" Tədqiqat Mərkəzi aşkarladı ki, 24 faizə yaxın məktəb müəllimi pedaqoji fakültələrdə onlara keçilən dərsləri öyrənməyib.
Rusiya 2013-cü ildən bu ölkədə "Tətbiqi pedaqoji bakalavriat proqramı" tətbiq olunur. Proqrama yeni sosial reallığı əks etdirən kurs və mövzular daxil edilir. Müəllimlərin hazırlığı proqramına fəlsəfə, sosiologiya, antropologiya, etikadan kurslar daxil edilir. Müxtəlif tipli ali məktəblərdə pedaqoji təhsilin proqramlarında xüsusi özəllik mövcuddur. Universitetlərdə psixoloji-pedaqoji hazırlıqlarda əsas dayaq ümumi akademik biliklərin üzərinə düşür. Rusiyada pedaqoji təhsilin faktiki olaraq 3 növ standartı mövcuddur: ali məktəbin fəaliyyətinin standartı (məsələn, elmlər namizədləri və elmlər doktorlarının faizi), bütün ixtisaslar üçün eyni olan ümumtəhsil standartları və tələbələrin hər bir ixtisas üzrə kompetensiyalarının standartı. Pedaqoji praktika müəllim hazırlığının ənənəvi komponentidir. Rusiyanın tanınmış Moskva Dövlət Pedaqoji Universitetinə diqqət edək: ibtidai təhsil fakültəsində fasiləsiz pedaqoji təcrübə bütün il boyu davam edir.
Böyük Britaniya Britaniya ali məktəblərində tədris fənləri bloklarda birləşirlər: peşəkar-pedaqoji, xüsusi, ümumtəhsil. Peşəkar-pedaqoji hazırlığa tədris müddətinin 50 faizi həsr olunur. Bu da özündə 3 komponenti saxlayır: pedaqoji-psixoloji fənlər tsikli, peşəkar kurslar, məktəblərdə pedaqoji təcrübə. Peşəkar-pedaqoji təhsilin özəyini inteqrativ kurslar təşkil edir ki, bu da aşağıdakı bölmələrdən ibarətdir: təhsilin prinsipləri, pedaqoji- psixologiya, sosial pedaqogika. Kurslara daxil olan mövzular bunlardır: pedaqogikanın fəlsəfəsi, psixologiya, pedaqoji sosiologiya, öyrətmə metodikası, pedaqogika tarixi, müqayisəli pedaqogika, məktəb gigiyenası, məktəbşünaslıq. Peşəkar kurslara həmçinin ümumi akademik fənlər daxil edilir: ingilis dili, riyaziyyat, coğrafiya, tarix və s. Onların sayı 8-i ötmür. İngiltərə universitetlərinin pedaqoji şöbələrində təcrübə 18–19 həftə müddətindədir. Bu, əsasən pedaqoji prosesin müşahidəsinə, bir neçə fənnin təcrübəli müəllimlər tərəfindən tədrisinə sərf olunur.
Almaniya Bu ölkədə gələcəyin müəlliminin əxz edəcəyi proqramın məzmunu hansı fənni tədris etməsindən və dərs deyəcəyi ümumtəhsil müəssisəsinin tipindən asılıdır. Realnı məktəbin müəllimi olacaq tələbə pedaqoji elmlər də daxil olmaqla 3 il ərzində dərinləşdirilmiş formada 2 ixtisas predmetini və onların tədris metodikasını öyrənir. Gimnaziya müəllimini hazırlayan tədris planına ənənəvi fənlər daxildir: din, alman dili, tarix, riyaziyyat, təbiət elmləri, qədim və müasir dillər. Bu planı tamamlayan fənlər bunlardır: iqtisadiyyat, sosial elmlər, pedaqogika, psixologiya, tərbiyə nəzəriyyəsi. Almaniya pedaqoji ali məktəbləri üçün 80-dən çox standart işlənib. Bunlar 12 tematik qrupda komplektləşirlər: müəllim-şagird münasibətləri, ruhlandırıcı müşahidə, fənlərin və situasiyanın problemi, sosial davranış qaydalarının formalaşdırılması, tədris prosesini müşahidə etmək, tədris prosesi və öyrətmə metodlarının təşkili, nailiyyətlərin səviyyəsinin ölçülməsi və qiymətləndirilməsi, müxtəlif öyrətmə metodlarının tətbiqi, müəllimlər arasında əməkdaşlıq, məktəb və ictimaiyyət, özünütəşkilatlandırma və peşəkar inkişaf, fənnin öyrədilməsi metodikası.
Yaponiya Yapon müəllimlərinin hazırlıq proqramları pedaqoji və xüsusi tsikllərdən ibarətdir. Lakin ümumi cəhətlər də var. Pedaqoji kurs icbari və elektiv (latınca-"seçilmiş") təlimlərdən ibarətdir. Pedaqoji kursun standartı bu fənləri və fəaliyyəti ehtiva edir: 1)pedaqogikanın əsasları (öyrətmənin psixologiyası və inkişaf, təhsilin idarə olunması, öyrətmənin metodları və texniki vasitələri), 2)təlimin məzmunu və metodikası, 3)əxlaq tərbiyəsinin problemləri, 4)pedaqoji təhsilin icbari proqramlarından kənara çıxan maraq kursları (tərbiyənin fəlsəfəsi, pedaqogika tarixi, müqayisəli pedaqogika, sosial pedaqogika, məktəbşünaslıq), 5)məktəbin idarə olunması məsələləri, 6)pedaqoji təcrübə.
Azərbaycanda ali təhsildən sonrakı pedaqoji təhsil Ali təhsildən sonrakı pedaqoji təhsil peşə-ixtisas müəssisəsini bitirən və ali pedaqoji təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın təhsil səviyyəsinin və elmi dərəcəsinin yüksəldilməsini nəzərdə tutur və doktorantura vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil Müasir şəraitdə cəmiyyətin sosial-iqtisadi və elmi-texniki inkişafının əsas xüsusiyyəti istehsal fəaliyyətinin məzmununun və onun subyektləri arasında qarşılıqlı əlaqələrin sürətlə dəyişməsindən ibarətdir. Öz növbəsində bu, insanın müəyyən qədər bilik və bacarıqlar alması istiqamətinə yönəlmiş təhsil növündən bir şəxsiyyət kimi, yaradıcı fəaliyyətin və davranışın subyekti kimi inkişaf etməsinə imkan verən təhsil növünə keçilməsini tələb edir. Yalnız şəxsiyyətə yönəlmiş təhsil insanın dinamik dəyişən ictimai və iqtisadi həyatın tələblərinə cavab verən bir şəxsiyyət kimi inkişaf etməsinə imkan yarada bilər.