Alan Körtis Key (; ) — hesablama sistemləri nəzəriyyəsi üzrə amerikalı mütəxəssis, obyektyönümlü proqramlaşdırmanın və qrafik interfeysin ilk tədqiqatçılarından biri, Smalltalk proqramlaşdırma dilinin müəllifi.

Həyatı 17 may 1940-cı ildə Massaçusets ştatının Sprinqfild şəhərində anadan olan Key Kolorado Universitetində təhsil almış və burada riyaziyyat və molekulyar biologiya üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. Universitetdə təhsilindən əvvəl və təhsil aldığı müddətdə peşəkar caz gitaraçısı kimi çalışmışdır.

1966-cı ildə Yuta Universitetinin mühəndislik fakültəsinin magistratura pilləsinə daxil olmuş, burada magistr və fəlsəfə doktoru dərəcələrini almışdır. Universitetdə o, Sketchpad də daxil olmaqla qabaqcıl qrafik proqramlar hazırlamış Ayven Sazerlend ilə çalışmışdır. Sazerlend Keyə proqramlaşdırma və obyektlər haqqında düşünməkdə ilham vermişdir. Bunun nəticəsində Key ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri Agentliyi çərçivəsində tədqiqatlara daha çox vaxt ayırmağa başlamış və peşəkar musiqiçi karyerasını başa vurmuşdur.

1968-ci ildə Key Seymur Peypert ilə tanış olmuş və tədris məqsədləri üçün uyğunlaşdırılmış Lisp dilinin bir dialekti olan Loqo proqramlaşdırma dilini öyrənmişdir. Bu, onu Jan Piaje, Jerom Bruner və Lev Vıqotskinin əsərlərini, eləcə də təlimdə konstruksionizm nəzəriyyəsini öyrənməyə sövq etmişdir. Sonralar bu yanaşmalar Keyin baxışlarına təsir göstərmişdir.

1970-ci ildə Key Xerox korporasiyasının Palo-Alto şəhərində yerləşən tədqiqat mərkəzində — Xerox PARC-da işləməyə başlamışdır. 1970-ci illərdə o, Smalltalk proqramlaşdırma dilindən istifadə etməklə şəbəkəyə qoşulan işçi stansiyalarının prototiplərini hazırlayan aparıcı mütəxəssislərdən biri olmuşdur. Bu yeniliklər sonrakı illərdə Apple Computer şirkətinin Lisa və Macintosh kompüterlərinin yaradılmasında istifadə edilmişdir.

Key "Hər uşağa bir laptop" (One Laptop Per Child) layihəsinin müəlliflərindən biridir. 2003-cü ildə müasir obyektyönümlü proqramlaşdırma dillərinin inkişafındakı ideyalarına görə, "Smalltalk" dilinin yaradılmasına və fərdi kompüterlər sahəsinin inkişafına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür.

İstinadlar

Ədəbiyyat Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

Kateqoriya:ABŞ alimləri Kateqoriya:ABŞ riyaziyyatçıları Kateqoriya:İnformatiklər Kateqoriya:ABŞ proqramçıları Kateqoriya:Los-Anceles Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri Kateqoriya:ABŞ informatikləri Kateqoriya:Amerikalılar