Yusif Məmməd oğlu Bağırov () — Azərbaycan teatr və kino rejissoru, Gəncə Dövlət Dram Teatrının quruluşçu (1952–1956) və baş rejissoru (1966–1995), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982).
Həyatı Yusif Bağırov 20 yanvar 1924-cü ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda alıb. 1941-ci ildə Bakı Teatr Texnikumuna olsa da, cəbhəyə yollanaraq təhsilini yarımçıq qoyur. 1945-ci ildə müharibədən qayıtdıqdan sonra Bakı Teatr Texnikumunun aktyorluq fakültəsində Mehdi Məmmədov, Məhərrəm Haşımov və Aleksandr Tuqanov və başqalarından dərs alaraq təhsilini davam etdirir. Burada təhsil aldığı müddətdə Ağasadıq Gəraybəylidən səhnə texnikası, Kazım Ziyadan isə səhnə danışıqları istiqamətində məsləhətlər alır. Yusif Bağırov 1947-ci ildə Bakı Teatr Texnikumunu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Teatr İnstitutunun (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olur və buranı 1952-ci ildə başa vurur. Diplom işi olaraq Ağəli Dadaşovun səhnələşdirmiş olduğu Mir Cəlal Paşayevin "Dirilən adam" əsərini tamaşaya hazırlayaraq ilk debütünü həyata keçirir.
Yusif Bağırov təhsilini başa vurduqdan sonra fəaliyyətini Gəncə Dövlət Dram Teatrına bağlamış, 1952–1956-cı illərdə teatrın quruluşçu rejissoru, 1966–1995-ci illərdə isə baş rejissoru kimi fəaliyyət göstərmişdir.
Yusif Bağırov 1956-cı ildən 1966-cı ilə qədər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib. Həmin illərdə "Koroğlu", "Kölgələr sürünür", "Əhməd haradadır?", "Mən rəqs edəcəyəm" bədii filmlərinin ikinci rejissoru kimi fəaliyyət göstərib. Ümumiyyətlə, Yusif Bağırov karyerası ərzində 100-dən artıq bədii filmi Azərbaycan dilinə dublyaj edib. 1959-cu ildə Şəmsi Bədəlbəyli ilə birgə Fikrət Əmirovun "Gözün aydın" əsərini Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya hazırlayıb. Rejissor, həmçinin 1961–1963-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib.
Yusif Bağırov Gəncə Dövlət Dram Teatrında 33 illik fəaliyyəti dövründə yüzlərlə əsərə quruluş vermiş və onlar Gəncə Dövlət Dram Teatrının repertuarının əsasını təşkil etmişdir.
Rejissor 15 avqust 1995-ci ildə Gəncədə vəfat edib.
Filmoqrafiya Kölgələr sürünür (film, 1958) Koroğlu (film, 1960) Əmək və qızılgül (film, 1962) Əhməd haradadır? (film, 1963)
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:İkinci rejissorlar Kateqoriya:Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər