Kazım Mirheydər oğlu İsmayılov () — siyasi xadim, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Ağdaş və Salyan rayon Partiya Komitələrinin birinci katibi.
Həyatı Kazım Mirheydər oğlu İsmayılov 22 noyabr 1905-ci ildə Şamaxı qəzasının (hazırda İsmayıllı rayonunun) Basqal qəsəbəsində anadan olmuşdur. 1921-ci ildə o, komsomola qəbul edilmiş və könüllü olaraq Sovet Ordusu sıralarında xidmət etmişdir. 1924-cü ildə ordudan tərxis olunduqdan sonra Kazım İsmayılov Bakıda mexaniki emalatxanalarda çilingər köməkçisi işləmişdir.
1926-cı ildə ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilən Kazım İsmayılov elə həmin ildən 1936-cı ilədək komsomol işində çalışmış, ilk komsomol təşkilatının katibliyindən Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin ikinci katibi və Naxçıvan Vilayət Komsomol Komitəsinin birinci vəzifəsinədək yüksəlmişdir. 1936-cı ildə Kazım İsmayılov partiya işinə irəli çəkilmiş, Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin ikinci katibi, Ağdaş Rayon Komitəsinin birinci katibi, Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.
Böyük Vətən müharibəsinin ilk günlərindən Kazım İsmayılov döyüşən ordu sıralarına qoşulmuş, 402-ci, 72-ci, 378-ci, 39-cu atıcı diviziyaların siyasi şöbəsinin rəisi olmuş, döyüşlərdə bilavasitə iştirak etmişdir. 1945-ci ildə ordudan buraxıldıqdan sonra Kazım İsmayılov yenidən partiya işinə getmiş, Ağdaş və Salyan rayon partiya komitələrinin birinci katibi, Azərbaycan Kommunist Partiyasının inzibati orqanlar şöbəsinin müdiri, eləcə də Azərbaycan KP Bakı Şəhər Komitəsinin şöbə müdiri işləmişdir. Sonralar isə sovet və təsərrüfat orqanlarında məsul vəzifələrdə çalışmışdır.
Kazım İsmayılov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin, Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni, 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.
Kazım İsmayılov 1981-ci il mart ayının 21-də vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının 1-ci Dövlət katibi Tofiq İsmayılovun atasıdır.
İstinadlar
Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri Kateqoriya:SSRİ polkovnikləri