Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi — Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir.
Gəncə Cümə məscidi ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini davam etdirir. Binanın memarlığında, xüsusilə günbəz və portalların həll edilməsində Azərbaycan və qonşu ölkələrin zəngin memarlıq ənənələri uğurla istifadə olunmuşdur. Bununla yanaşı binanın memarlığında forma və detalların sadə təkrarlanmasına da yol verilməmiş, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik, ifadəlik və aydınlıq əks etdirilmişdir.
Tarixi 180px|thumb|left|Məscid XIX əsrin sonlarında Gəncə şəhərinin Qədim Gəncə ərazisindən köçürülməsindən sonra, yeni şəhərin abadlaşdırılmasına xüsusi diqqət yetirilmişdi. Yerüstü tikililər, meydanlar və bağlarla yanaşı həmin dövrdə bir neçə kilometrə çatan kanalizasiya sistemi də yaradılmışdır ki, həmin sistemin də bir hissəsi bu vaxta kimi istifadə edilir. Kərpicdən inşa edilmiş geniş kanalizasiya yolları cənubdan qərbə və şimaldan şərqə uzanmaqla məscidin yanından və meydanın altından keçərək Gəncəçaya qədər uzanır. Şəhərin su təminatı isə inşa edilmiş kəhriz sistemi ilə həyata keçirilirdi.
Şəhər mərkəzinin özəyini təşkil edən məscid kompleksinə monumental məscid binası, onun şimalında müstəqil dayanan və iki tərəfdən qoşa minarələrlə əhatələnən giriş portalı, və məscid ətrafında yerləşən Gəncə mədrəsəsi daxil idi. Kompleksin əsas binası inşası 1606-cı ilə aid edilən məscid binasıdır. C. Aleksandroviç yazır: "…məscid qapısı üzərindəki kitabədə onun inşa tarixi "Kilidi-Şamaxi"Kilidi-Şamaxı ifadəsi Gəncəni Şirvan-Şamaxının açarı hesab edən I Şah Abbas tərəfindən işlədilmişdir: Ətraflı bax: İskəndər Münşi – Tarixi Aləm ara-i Abbasi, Tehran, 1896, səh. 48 ifadəsi ilə bildirilmişdir ki, bu da əbcəd hesabı ilə hicri 1015-ci il, yəni bizim eranın 1606-cı ili deməkdir."
Digər məlumata görə isə, məscidin inşası bir qədər sonrakı dövrə aid edilir. Gəncə Tarix-Diyarşünaslıq Muzeyində saxlanan kitabədə məscidin inşası 1620-ci ilə aid edilsə də, M.Əliyev birinci tarixin daha inandırıcı olduğunu bildirir. Kompleks bütün şərq ölkələrində məşhur olan alim və memar Şeyx Bəhaəddin tərəfindən inşa edilmişdir. Şeyx Bəhaəddin həm də Şah Abbas məscidi yaxınlığında yerləşən Şah Abbas karvansarası və Çökək hamamın memarı hesab edilir.
1885-ci ilin Qafqaz təqvimində Gəncə Cümə məscidi kompleksinin şəhəri ələ keçirən Qarabağ xanının ordusu tərəfindən yağmalanması və dağıdılması haqqında məlumat verilir: "Hicri təqvimi ilə 1209-cu ildə Qarabağ xanı tərəfindən dağıdılmış bu məscidin bərpasına başlanıldı. Bu caami, 4000 rubldan çox gəlir gətirən mədrəsə və vəqf mülklərinə malikdir."
2026-cı ildə məscidində təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ilkin olaraq 1,6 milyon (bir milyon altı yüz min) manat vəsait ayrılıb.
Yerləşməsi Məscid qismən düz ərazidə inşa edilmiş, onun qarşısında isə böyük Bazar meydanı salınmışdı.Bazar meydanı və ətrafındakı binalar 1920-ci illərdə sökülmüş, yerində Azadlıq meydanı salınmış və Gəncə Şəhər İcra Hakimiyyətinin binası inşa edilmişdir. 3,5 hektara yaxın ərazini əhatə edən meydan çoxsaylı ticarət sıraları və qədim çinar ağacları ilə əhatə olunmuşdu. Məscidin cənub tərəfində 1870-ci illərə kimi yaxşı saxlanmış zəngin bağ olmuşdur. Bir zamanlar bağı bəzəmiş ağacların bəzisi dövrümüzə çatmışdır. Gözəl mənzərəli ağacların böyük görünüşü məscid binasının sərt memarlığını yumşaltmağa xidmət edir. Məscid kompleksini meydandan ayıran bağ da demək olar ki, yaxşı qorunmuş vəziyyətdə dövrümüzə çatmışdır.
Memarlıq xüsusiyyətləri 270px|thumb|left|Məscid binasının profil kəsimi Məscid binası planda kvadrat formaya malik 25.30x25x28 metr ölçülü mərkəzi modelli zal və ona birləşən yan nişlərindən ibarətdir. Tikilinin bütün kompozisiyası 204 m² sahəyə və 13 metr hündürlüyə malik mərkəzi zala tabe edilib.
Hər tərəfində dərin nişlər yerləşən kvadrat zal forması XVII əsr Azərbaycan memarlığında tez-tez rast gəlinən hal olmaqla, münasib olaraq girişlər və bütün ətraf tikililər yerləşdirilən binanın əsas oxlarını dəqiq müəyyənləşdirir.
Binanın əsas giriş şimal divarında, mehrab isə cənub divarında yerləşir. Mehrab zalın cənub nişinin dərinliyində yerləşdirilmişdir. Zalın qərb və şərq divarlarında isə daha iki qapı yerləşir. Plana əsasən bu girişlər əsas hesab edilir. Lakin, kiçik bişlərdən keçən əlavə qapılar da vardır. Onlar portalla vurğulanmış əsas girişlərin hər iki tərəfində yerləşdirilmişdir.
Altı xarici niş 12m2 sahəyə malik olmaqla təriqət üzvləri üçün nəzərdə tutulmuşdu. Ziyarətçilər həmin nişlərə həm həyətdən birbaşa, həm də mərkəzi zala açılan qapıdan girə bilirdilər. Bundan başqa binanın dörd küncündə də kiçik otaqlar yerləşdirilmişdir. Həmin otaqların hər biri 12 m² sahəyə malikdir. 4.4 metr hündürlüyə malik olan həmin otaqlar məscid binasında elə yerləşdirilmişdir ki, bina planda kvadrat forma almışdır. Ziyarətçilər həmin otağa həyətdən girə bilirlər. Buna baxmayaraq həmin otaqlar divar dərinliklərində açılmış qapılar vasitəsiylə bir-birləri, o cümlədən mərkəzi zalla əlaqələndirilmişlər. Öz növbəsində xarici nişlər də aralıq divarda yerləşdirilmiş girişlər vasitəsiylə portallarla əlaqələndirilmişlər. Qapıların hər birinin üstündə həm də pəncərə yerləri vardır. 300px|thumb|right|Məscid binasının əsas fasadı Binanın çoxsaylı girişlərə malik olması, zalın bütün hissələri arasında fasiləsiz əlaqəni təmin edir. Bnunla yanaşı girişlərin demək olar ki, divar qədər hündürlüyə malik olması da xüsusi diqqət çəkir. Girişlərin hündür olması binanın pilonlar-sütunlar üzərində inşa edilməsi təəssüratını yaradır. Bu baxımdan Gəncə Cümə məscidinin binası Azərbaycanın həmin dövrdə inşa edilmiş başqa məscidlərindən fərqlənir.
Binanın planlaşdırılmasında əsas kimi simmetriya götürülmüş və əhəmiyyətindən asılı olmayaraq, bütün otaqlar ona tabe edilmişdir. Məscid planının özəyində zal durur və ətraf otaqlar onun strukturuna tabe edilir. Ətraf zalların özünəməxsus yerləşməsi nəzərə alınaraq, onların əlaqələndirilməsi üçün maraqlı üsul tətbiq edilmişdir. Divar qalınlığında açılmış qapı yerləri dərinliklərində kiçik əyilmələrə malikdir ki, bu da onlara qeyri-adi forma verir. İlk baxışdan qəribə görünən bu girişlərin binanın planına baxıldığı zaman zalda simmetrik olaraq yerləşdirildiyini, xarici nişlərdə isə simmetriya oxu kimi istifadə edildiyini görmək olar.
Gəncə cümə məscidi 20x20x4.5 sm ölçüyə malik kərpiclər və gəc məhlulundan tikilmişdir. Bəzi yerlərdə divarların qalınlığının 3 metrə qədər çatması diqqət cəlb edir. Bu cür qalınlığa yalnız mərkəzi zalın divarlarında rast gəlinir. Portallar, nişlər və künc otaqları isə 1–1.3 metr qalınlığa malikdir. Bütün otaqlar kərpicdən hörülmüş tağvari örtüyə malikdir. Bu baxımdan mərkəzi zalın günbəzli örtüyü istisna təşkil edir. Qapı və pəncərələrin tağvari çərçivələri də kərpicdən hörülmüşdür. Binanın bütün divar və tağları səliqə ilə suvanmışdır.
Fasadları 280px|thumb|left|Məscidin portalsız cənub fasadı və Cavad xan türbəsi Cümə məscidinin ümumilikdə sadə və aydın olan memarlıq kompozisiyası rahat qəbul edilir. Tikilidə böyük niş və kiçik girişlərin kontrastı, həmçinin işıq və kölgə effektləri əks etdirilmişdir. Təməldə düzbucaqlı olan prizma 8 metr hündürlükdə çoxbucaqlıya, daha sonra səkkizbucaqlıya keçərək oxvari profilli və düz kərpic səthli olan günbəzlə tamamlanır. Nəticədə bir həndəsi formadan digərinə tədricən keçən kompozisiya günbəzlə tamamlanır.
Əksər portal-günbəz tikililəri kimi Gəncə Cümə məscidinin də bütün fasadları lakonik formalarda həll edilmişdir. Onların əsasında mərkəzi oxların vurğulanması ilə əldə edilən simmetriya durur. Fasadların memarlığında (cənub fasadı istisna olmaqla) əsas önəm portallara verilmiş, onlar divar səthinin mərkəzində yerləşdirilmişdir. Fasadların qeyri-adi dərəcədə sadə formaları – əsas girişlərin həddən artıq böyük giriş portalları və portalların dərinliyində yerləşdirilmiş kiçik giriş yerlərinin formalaşdırığı kontrast yüksək təssürat yaradır. Nişlərin oxvari tağları (6 m hündürlüyə və 5.6–5.60 metr enə malikdir) demək olar ki, portalların bütün sərhini tutur.
Məscidə aparan əsas portallar yaxşı vurğulanmışdır. Onlar iri ölçülərsə sadə və sərt formalarla həll olunmuşdur. Açıq olan böyük və dərin nişlər binanın dərinliyinə aparır, fasadların hündür və düz divarları isə kontrast nəticəsində dini tikilinin ifadəliyini vurğulayır. Portalların yanlarında düzbucaqlı çərçivə içərisində inşa edilmiş kiçik nişlər yerləşir. Fasadların maili səthində yan otaqların pəncərə və qapı yerləri açılmışdır.
Qərb və şərq fasadları, şimal fasadı kimi həll edilsələr də, onlara simmetrik yerləşdirilmiş iki kar niş də əlavə olunmuşdur. Cənub fasadında portal yoxdur. Divarın iki tərəfində isə şəbəkəli pəncərələr yerləşdirilmişdir.
İnteryer
Mərkəzi zal üçyaruslu formada həll edilmişdir. Üçüncü yarusda onun kvadrat əsası tromplar vasitəsiylə səkkizguşəliyə keçir. Səkkizquşəli hissənin üstündə isə böyük gümbəzin təməli olan dairə formalı hissəyə keçir. Yuxarıda həndəsi formaların tədricən dəyişməsi 14 metr diametri olan böyük gümbəzin dəstəklənməsinə hazırlıq rolunu yerinə yetirir.
Kiçik otaqların interyerləri kifayət qədər sadə görünüşə malikdir. Onlarda heç bir dekorativ element istifadə edilməmişdir. Otaqların tağvari tavanı və divarları səliqə ilə gəclə üzlənmişdir.
Mərkəzi zalın interyerinin həll edilməsinə isə xüsusi diqqət yetirilmişdir. Zalın dörd divarının səthində 6.5 metr hündürlüyə malik nişlər yerəşdirilib. Nişlər sadə həll edilmiş oxvari tağtavanla tamamlanmışdır. Həmin hündürlükdə yerləşən və trompları dəstəkləyən tağlar nişlərin tağlarına birləşir. Nişlər də üç yaruslu formada həll edilmiş, birinci yarusda qapılar, digər iki yarusda isə hərəsində bir ədəd olmaqla iki pəncərə yerləşdirilmişdir. Bu baxımdan cənub nişi istisna təşkil edir. Cənub divarında pəncərələr simmetrik olaraq mehrabın yanlarında yerləşdirilmişdir. Qapı və pəncərə yerlərinin vertikal yerləşməsi məscidin digər otaqlarında da təkrarlanır.
Cənub divarında iki, digər divarlarda isə yalnız ikinci yaruslardakı pəncərələrdə gəclə işlənmiş dekorativ pəncərə çərçivələri saxlanılmışdır. Çərçivələr nəbati naxışlarla bəzədilmişdir. Əsas təsvirin ümumi kompozisiyası da nəbati naxışla əhatə edilmişdir. Pəncərələr şəbəkə texnikası əsasında rəngarəng şüşələrlə işlənmişdir. Şəbəkə pəncərələr binaya sonradan əlavə edilmişdir. Onlardan birinin ümumi naxış dizaynına hazırlanma tarixi əlavə olunmuşdur. Həmin tarix hicri 1214 (miladi 1799–1800) kimi qeyd edilmişdir. Kiçik taxta və şüşə hissələrindən yığılmış bu cür böyük şəbəkə pəncərələr XVIII əsr Azərbaycan sarayları üçün xarakterikdir. Şəki xan sarayı, Şəkixanovların evi, Şuşa xan sarayında divar səthinin böyük bir hissəsini əhatə edən bu cür şəbəkə pəncərələrin gözəl nümunələri dövrümüzə çatmışdır. Kiçik otaqların da pəncərələri şəbəkə texnikası ilə işlənmiş, lakin burda həndəsi naxışlar istifadə edilmişdir.