Qazançı körpüsü — Azərbaycanın Culfa rayonunun Qazançı kəndi ərazisində yerləşən, Səfəvilər dövründə tikilmiş tarixi memarlıq abidəsi, körpü.

Körpü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərarı və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.

Haqqında thumb|200px|2007-ci ildə buraxılmış poçt markası|left Qazançı körpüsü Culfa rayonunun Qazançı kəndinin cənubunda, Əlincəçay üzərində tikilib. Körpü xalq arasında "Qozbel körpü" adı ilə də məşhurdur. Abidənin üstündə kitabə olmadığı üçün onun inşa tarixi dəqiq bilinmir. Amma tikinti texnikasına və memarlıq-konstruktiv quruluşuna görə körpünü XVII əsrin əvvəllərinə I Şah Abbasın dövrünə (1587–1629-cu illər) aid etmək olar. Böyük İpək yoluna xidmət edən bu körpü vasitəsilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 m-dir. Körpü azca yonulmuş çapma daşlardan tikilib. Tağların haşiyə və arxivoltu təmiz yonulmuş qum daşındandır. Bunun sayəsində tağların kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə körpü ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2007-ci il noyabr ayının 1-də "Azərmarka" şirkəti tərəfindən Azərbaycan körpülərinə həsr olunmuş 5 ədəd poçt markası təqdim olunub. Qiyməti 20 qəpik, tirajı isə 20 min ədəd olan həmin markalardan biri Qazançı körpüsünə həsr olunub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Qazançı körpüsü ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.

2018-ci ildə körpüdə bərpa işləri aparılıb. Ətrafında 120 metr sahilbərkitmə işləri görülüb, yükdaşıyan hissəsinin aşınmış daşları dəyişdirilərək yenisi ilə əvəz olunub, daşların arası tamamilə təmizlənərək əhəng məhlulu ilə yenidən bərkidilib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Naxçıvanda restavrasiya adı ilə tarixi abidə məhv edildi — FOTO Tarixi-mədəni irsimizin yadigarı – Qazançı körpüsü Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpa olunub; turizm

Kateqoriya:Azərbaycandakı körpülər Kateqoriya:Culfa rayonunun abidələri Kateqoriya:Tağlı körpülər Kateqoriya:Naxçıvan Muxtar Respublikasındakı körpülər Kateqoriya:Azərbaycanın memarlıq abidələri Kateqoriya:XVII əsrdə yarananlar