Yevgeniya Medvedeva () — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist. 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının 2 qat gümüş medalçısı (Komanda hesabında və fərdi turnirdə). Dünya Çempionatlarının 2 qat qalibi (2016 və 2017-ci illərdə), Dünya Çempionatının bürünc medalçısı (2019-cu ildə). Avropa Çempionatlarının 2 qat qalibi (2016 və 2017-ci illərdə), Avropa Çempionatının gümüş medalçısı (2018). Rusiya Çempionatlarının 2 qat qalibi (2016 və 2017-ci illərdə), Rusiya Çempionatının bürünc medalçısı (2015-ci ildə). ISU Qran-Pri Finalının 2 qat qalibi (2015 və 2016-cı illərdə). Komandalararası Dünya Çempionatının gümüş medalçısı (2017-ci ildə). Gənclər arasında Dünya Çempionatının qalibi (2015-ci ildə) və bürünc medalçısı (2014-cü ildə). Gənclər arasında ISU Qran-Pri Finalının qalibi (2014-cü ildə) və bürünc medalçısı (2013-cü ildə).
Karyerası ərzində Yevgeniya Medvedeva ISU Qran-Pri turnirlərində 10 dəfə mübarizə aparıb və bunların 5-də qızıl, 2-də gümüş və 1-də isə bürünc medala sahib olub. 2015-ci ildə ISU ABŞ Qran-Prisinin, 2016-cı ildə ISU Fransa Qran-Prisi və ISU Kanada Qran-Prisinin, 2017-ci ildə ISU Rusiya Qran-Prisi və ISU Yaponiya Qran-Prisinin qızıl medallarına sahib olub. Yevgeniya Medvedeva ISU Qran-Pri turnirlərinin Çin mərhələsi istisna olmaqla digər beş mərhələsində — ABŞ, Fransa, Kanada, Rusiya və Yaponiya mərhələlərinin qalibi olan azsaylı idmançılardan biridir.
Yevgeniya Medvedeva 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında qazandığı uğurlara görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib.
ISU-nun əvvəl mövcud olmuş qiymətləndirmə sisteminə görə, Medvedeva qadınlar arasında sərbəst proqramda 160-dan, qısa proqramda 80-dən çox, ümumi nəticədə isə 240-dan çox bal toplayan yeganə fiquristdir. Sərbəst proqramda və ümumi nəticədə dünya recordlarının sahibidir. Qısa və sərbəst proqramlar üzrə 4 dəfə, ümumi nəticələr üzrə isə 3 dəfə dünya recordlarını yenilədi. O, Yuna Kim və Mao Asadanın imza atıdğı dünya recordlarını qırıb. Medvedeva gənclər arasında Dünya Çempionatını qazandıqdan bir il sonra seniorlar arasında Dünya Çempionatını qazanan, həmçinin gənclər arasında Dünya Çempionatını qazandıqdan bir il sonra ardıcıl olaraq 2 dəfə seniorlar arasında Dünya Çempionatını qazanan yeganə qadın fiquristdir. Rusiyadan dünya çempionu titulunu qoruyan birinci və hazırda yeganə fiquristdir.
Yevgeniya Medvedeva "Pantene", "NIKE" və digər məşhur brendlərin səfiri və siması olub, ABŞ, Cənubi Koreya, İtaliya, Kanada, Tayvan və Yaponiyada baş tutan buz şoularında çıxış edib, "Birinci Kanal", "TNT" daxil olmaqla bir sıra televiziya layihələrində aparıcı olub, barəsində bir sıra sənədli filmlər lentə alınıb.
2023-cü ilin noyabrında Yevgeniya Medvedevanın həyatından, idmana gəlişindən, zədələrindən və qazandığı uğurlarından bəhs edən "Medvedeva vs. Medvedeva" sənədli filminin təqdimatı olub.
Həyatı Yevgeniya Medvedeva 1999-cu il noyabrın 19-da anadan olub. Atası — Arman Babasyan erməni biznesmenidir, anası — Janna Devyatova isə rus fiquristidir. Yevgeniya bir müddət Babasyan soyadını daşısa da, valideynləri boşandıqdan sonra ana nənəsinin soyadını — Medvedeva götürdü.
Yevgeniya Medvedeva 2017-ci ildə Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinə qəbul oldu və 2022-ci ildə həmin təhsil müəssisəsinə fərqlənmə diplomu ilə bitirdi. 2021-ci ildə M. V. Lomonosov adına Dövlət Universitetinin tələbəsidir.
Yevgeniya Medvedeva 3.5 yaşından idmanla məşğul olmağa başlayıb. Onu bölməyə anası Janna Devyatova gətirib. Uşaq yaşlarda Medvedeva "Gənc pionerlər" stadionunda məşq edib. Daha sonra Medvedeva Ordunun İdman Klubunda (OİK) Lyubov Yaxovlevanın qrupuna və ondan ayrıldıqdan sonra — Yelena Selivanova qrupunda məşq edib. 2007-ci ildə anası onu "Sambo-70" İdman və Təhsil Müəssisəsinin "Xrustal" bölməsinə Eteri Tutberidzenin qrupuna aparmaq barədə qərara gəlib. Eteri Tutberidzenin rəhbərliyi altında ciddi uğurlara imza atmağa başlayan Yevgeniya Medvedeva 2011-ci ildə Rusiya yığmasının üzvü oldu.
Karyerası
2010–2013: Rusiya Çempionatlarında Karyerası ərzində Yevgeniya Medvedevanın birinci nüfuzlu turniri 2011-ci ilin 2–4 fevralında Kazan şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatı oldu. 11 yaşlı Medvedeva həmin turniri 131.50 balla 12-ci pillədə başa vurdu.
Yevgeniya Medvedyeva 2011–2012-ci illər mövsümündə də Rusiya Çempionatlarında mübarizə apardı. Seniorlar arasında Rusiya Çempionatını 162.76 (54.22+108.54) balla 8-ci pillədə başa vuran Yevgeniya Medvedyeva gənclər arasında Rusiya Çempionatında bu səfər 160.50 (54.86+105.64) balla altıncı pillənin sahibi oldu.
ISU qaydalarına əsasən 14 yaşı tamam olmamış idmançılar beynəlxalq turnirlərdə mübarizə apara bilməz. Buna görə də Yevgeniya Medvedyeva 2012–2013-cü illər mövsümündə də Rusiya Çempionatında mübarizə apardı. 2013-cü ilin fevralında baş tutan gənclər arasında Rusiya Çempionatını Yevgeniya Medvedyeva 181.20 bal topladı və bürünc medala sahib olan Mariya Sotsovadan 3.45 bal geri qalaraq çempionatını dördüncü pillədə başa vurdu.
Rusiya Federasiyası İdman Nazirliyinin 21 fevral 2013-cü il tarixli əmrinə əsasən Yevgeniya Medvedyevaya idman ustası adı verildi.
2013–2014: Gənclər arasında Dünya üçüncülüyü thumb|315x315px|alt=|Yevgeniya Medvedyeva 2013-cü ildə gənclərin ISU Qran-Pri Finalında Yevgeniya Medvedyeva 2013–2014-cü illər mövsümündə gənclər arasında turnirlərdə mübarizə apardı. Yevgeniya Medvedyevanın birinci turniri 28–31 avqustda Latviyanın Riqa şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri turnirinin Riga Cup mərhələsi idi. Turnirin qısa proqramını Medvedyeva 56.18 balla Rusiya və ABŞ idmançılarından sonra üçüncü pillədə başa vurdu. Avqustun 30-da baş tutan sərbəst proqramda isə Medvedyeva 114.36 balla birinci pillədə qərarlaşdı. Bununla da ümumi nəticədə Yevgeniya Medvedyeva 170.54 balla gənclər arasında ISU Qran-Pri turnirinin Riga Cup mərhələsinin qızıl medalına sahib oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi.
Yevgeniya Medvedyeva üçün mövsümün növbəti turniri 18–22 sentyabrda Polşanın ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri turnirinin Baltic Cup mərhələsi oldu. Turnirin qısa proqramında Medvedyeva 62.62 balla birinci pillənin sahibi oldu. Sentyabrın 22-də baş tutan sərbəst proqramda isə Medvedyeva 118.36 balla mərhələni birinci pillədə başa vurdu. Bu minvalla da Yevgeniya Medvedyeva ümumi nəticədə 180.98 balla gənclər arasında ISU Qran-Pri turnirinin Baltic Cup mərhələsinin qalibi oldu. Yevgeniya Medvedyeva həm də gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Gənclər arasında ISU Qran-Pri Finalından əvvəl Yevgeniya Medvedyeva Belarusda baş tutan Ice Star beynəlxalq turnirində mübarizə apardı. Qısa proqramı 62.12 balla birinci pillədə başa vuran Medvedyeva sərbəst proqramda da birinci pillənin sahibi oldu (118.02 balla). Bununla da Yevgeniya Medvedyeva ümumi nəticədə 180.14 balla Ice Star beynəlxalq turnirinin qızıl medalına sahib oldu.
Mövsümün birinci nüfuzlu turniri Yaponiyada baş tutan Gənclər arasında ISU Qran-Pri Finalı oldu. Mövsüm ərzində ISU Qran-Pri turnirinin Latviya və Polşa mərhələlərinin qalibi olan Yevgeniya Medvedyeva turnirin favoritlərindən biri hesab olunurdu. Qısa proqramı Medvedyeva 58.75 balla Rusiya nümayəndələri Mariya Sotsova və Serafima Saxanoviçdən sonra üçüncü pillədə başa vurdu. Turnirin sərbəst proqramı da Medvedyeva üçün uğursuz oldu. Mərhələni 105.95 balla beşinci pillədə başa vuran Yevgeniya Medvedyeva ümumi nəticədə 164.70 balla gənclər arasında ISU Qran-Pri Finalının bürünc medalına sahib oldu. 14 yaşlı Yevgeniya Medvedyeva 2013-cü ili üç qızıl və bir bürünc medalla başa vurdu.
2013-cü ilin son turniri Soçi şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatı oldu. Turnirin qısa proqramında 62.20 balla, sərbəst proqramında isə 120.68 balla 8-ci pillələrdə qərarlaşan Yevgeniya Medvedyeva ümumi nəticədə Rusiya Çempionatını 182.88 balla yeddinci pillədə başa vurdu.
Yevgeniya Medvedyevanın 2014-cü ildə birinci turniri 22–25 yanvarda baş tutan gənclər arasında Rusiya Çempionatı oldu. Çempionatın qısa proqramında 64.25 bal, sərbəst proqramında isə 120.45 bal toplayan Yevgeniya Medvedyeva ümumi nəticədə gənclər arasında Rusiya Çempionatını 184.70 balla dördüncü pillədə başa vurdu.
Mövsümün əsas turniri 10–16 martda Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. Turnirin qısa proqramında Medvedyeva 65.72 balla üçüncü pillədə qərarlaşdı. Martın 16-da baş tutan sərbəst proqramda da Medvedyeva mərhələni üçüncü pillədə başa vurdu (114.72 balla). Bu minvalla da ümumi nəticədə Yevgeniya Medvedyeva gənclər arasında Dünya Çempionatını Rusiya nümayəndələri Yelena Radionova və Serafima Saxanoviçdən sonra üçüncü pillədə başa vurdu və turnirin bürünc medalına sahib oldu. 14 yaşlı Yevgeniya Medvedyeva 2013–2014-cü illər mövsümünü 3 qızıl və 2 bürünc medalla başa vurdu.
2014–2015: Gənclər arasında Dünya çempionluğu thumb|315x315px|alt=|Yevgeniya Medvedyeva 2015-ci ildə gənclərin Dünya Çempionatında|left Yevgeniya Medvedyeva 2014–2015-ci illər mövsümündə də gənclər arasında turnirlərdə mübarizə apardı. Yevgeniya Medvedyevanın birinci turniri 20–24 avqustda Fransanın Kurşevel şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri turnirinin Fransa mərhələsi oldu. Turnirin qısa proqramında Medvedyeva 62.12 balla birinci pillədə qərarlaşdı. Sərbəst proqramda isə Medvedyeva 118.44 balla mərhələni birinci pillədə başa vurdu. Bu minvalla da Yevgeniya Medvedyeva gənclər arasında ISU Qran-Pri turnirinin Fransa mərhələsinin 180.56 balla qızıl medalına sahib oldu.
Yevgeniya Medvedyevanın növbəti turniri 2–8 sentyabrda Çexiyanın Ostrava şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri turnirinin Çexiya mərhələsi oldu. Turnirin qısa proqramında Medvedyeva 55.92 balla ABŞ nümayəndəsi Karen Çendən sonra mərhələni 2-ci pillədə başa vurdu. Sentyabrın 8-də baş tutan sərbəst proqramda isə Medvedyeva 116.20 balla mərhələni növbəti dəfə 2-ci pillədə başa vurdu. Qısa proqramı birinci pillədə başa vuran ABŞ nümayəndəsi Karen Çenin bu proqramı dördüncü pillədə başa vurması onu qızıl medaldan uzaqlaşdırdı. Nəticədə Yevgeniya Medvedyeva ümumi nəticədə 172.12 balla gənclər arasında ISU Qran-Pri turnirinin Çexiya mərhələsinin qalibi oldu. Yevgeniya Medvedyeva həm də növbəti dəfə gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.
2014–2015-ci illər mövsümünün gənclər arasında ISU Qran-Pri Finalı İspaniyanın Barselona şəhərində baş tutdu. Mövsüm ərzində gənclər arasında ISU Qran-Pri turnirlərinin Fransa və Çexiya mərhələlərinin qalibi olan Yevgeniya Medvedyeva turnirin əsas favoriti hesab olunurdu. Qısa proqramda Medvedyeva 68.10 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramı isə 124.80 balla birinci pillədə başa vuran Yevgeniya Medvedyeva ümumi nəticədə 192.90 balla gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu. Bu 15 yaşlı Yevgeniya Medvedyeva həmin dönəmdə qazandığı ən ciddi uğurlu idi.
İlin sonuncu turniri Soçi şəhərində baş tutan Rusiya Çempionatı oldu. Qısa proqramı 72.58 balla, sərbəst proqramı isə 138.24 balla üçüncü pillələrdə başa vuran Yevgeniya Medvedyeva ümumi nəticədə 210.82 balla Rusiya Çempionatının bürünc medalına sahib oldu. 2014-cü ili Yevgeniya Medvedyeva 3 qızıl və 2 bürünc medalla başa vurdu.
2015-ci ildə Yevgeniya Medvedyeva birinci uğuruna 4–8 fevralda baş tutan gənclər arasında Rusiya Çempionatında imza atdı. Turniri qısa proqramını Medvedyeva 70.95 balla birinci pillədə başa vurdu. Sərbəst proqramda da Medvedyeva birinci pillənin sahibi oldu (134.10 balla). Bununla da ümumi nəticədə Yevgeniya Medvedyeva 205.05 balla gənclər arasında Rusiya Çempionatının qalibi oldu.