300px|thumb|right|Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı Cıdır düzündə.
Azərbaycan at mədəniyyəti — Azərbaycanda tarixən atçılığın inkişafı, Azərbaycan həyat tərzində və mədəniyyətinin müxtəlif sahələrində atın oynadığı rolu.
Terminologiya Azərbaycanda atlar yaşına görə müxtəlif şəkildə adlandırılır. Yeni doğulana "dayça" (bəzən "qulun"), altı aylıq ata "daylaq", iki yaşına qədər "dayça" və ya "day", 3 illik erkəyinə "üryə", dişisinə "qulan", dördyaşarına "at" və ya "minək" (erkəyinə), "madyan" (bir balanın doğulmasından sonra dişisinə), döllük qabiliyyətli ata "ayğır", xayadan məhrum edilmiş ata "axta", təsərrüfatda istifadə edilən atlara "yabı" deyilir.
Naxçıvan bölgəsində at balası altı aylığına qədər "qulan" və ya "qulun", bəzi yerlərdə isə "kurik" adlandırılır. Altı aydan bir yaşına qədər ata "dayça", bir yaşından sonra "day", iki yaşlı at isə "şilxor" və ya "şiləxor" adlandırılır. Yavaş qaçan at da "şilxor at" adlandırılır. Bəzi Naxçıvan kəndlərində yavaş gedən at "alaca at" adlandırılır. Bu ifadə "Kitabi-Dədə Qorqud"da Qaraca çoban tərəfindən kafirin atına deyilir.
Atçılığın inkişaf tarixi
Arxeoloji dövr 200px|thumb|right|Qobustanda at və sahibinin təsviri Azərbaycanda Eneolit dövründə atçılıq mədəniyyəti mövcud olmuşdur. Əliköməktəpədən tapılmış at sümükləri göstərir ki, Azərbaycanda e.ə. V minillikdə uzun diş düzümü olan, iki at cinsi var idi. Azərbaycanda atın geniş yayılmasını göstərən sübutlardan biri də Qobustanda tapılan at sümükləri və təsvirləridir. At təsvirləri e.ə IV minilliyə aiddir.
Azərbaycanda erkən Dəmir dövrünə aid tapılan qəbirlərdə kişilər silahları və atı ilə dəfn edilmiş şəkildə olurdu. Silah olmayan kişi qəbirlərində isə at olmurdu. Bu faktın özü onu göstərir ki, süvarilər o dövrdə xüsusi hərbçilər silkini təşkil edirdi. Həmin dövrdə at qurban kəsilir, ölən o biri dünyaya atlı getsin deyə, at da qəbirdə dəfn edilirdi.
Orta əsrlər və erkən müasir dövr
Qafqaz Albaniyası ordusunda yüngül və ağır silahlanmış, iki ayrı süvari dəstəsi mövcud idi. Ağır silahlanmış dəstənin atları da zirehli paltar geyirdi. Alban çarı Cavanşir 662-ci ildə danışıqlar nəticəsində hunların ələ keçirdiyi 8 min atı geri qaytarmışdı. Bundan başqa, Naxçıvanda Cavanşirə aid olduğu ehtimal edilən, at üzərində təsvir edilmiş hökmdar heykəli tapılmışdır. Ərəblərin Cənubi Qafqazı ələ keçirməsindən sonra, ərəb atları ilə yerli atlar cütləşdirilmiş, bununla da yüksək qabiliyyətli yerli at cinsləri yaranmışdır. Bu dövrdə poçt xidməti üçün atlı çaparlar istifadə edilirdi.
Quba atının tarixi inkişafına monqol atının təsir ediyi fikirləşilir. Azərbaycanda "müsəlman yəhəri"nin inkişafında isə ərəb və monqol yürüşləri dövrünə aid olan mədəni-texniki təmas vacib rol oynamışdır. Elxani vəziri Fəzlullah Rəşidəddinin Oğuznaməsində Şirvan və Şamaxının Oğuz xana 9 Qır at verməsi qeyd edilmişdir. Şirvanşah I İbrahim isə Əmir Teymura at hədiyyələri vermişdir. Ağqoyunlular dövründə bu dövlətin şimal ordugahı Naxçıvanda yerləşirdi. Ağqoyunlu süvariləri qışı Naxçıvan qışlaqlarında, bəzən Əlincədə, yayı isə Naxçıvan tüməninin Bazarçay yaylaqlarında keçirirdilər.
200px|thumb|right|Kəngərli süvariləri fəxri bayrağı Səyyah Adam Oleari (1599–1671) "İrana və Moskva ölkəsinə səyahət" adlı əsərində yazırdı: "Ərəb atlarından sonra, onlar türk atlarını yüksək qiymətləndirirlər, xüsusən Turkomaniyada bu atlar öndə gəlir, onlarda bu atlardan da çoxdur. Şahın özünün müxtəlif yerlərdə, əksərən, ən yaxşı çəmənləri, otlaqları olan Ərəş, Şirvan, Qarabağ və Muğanda at zavodları vardır".
Xanlıqlar dövründə, Qarabağ xanı İbrahimxəlil xanın İran və Türkiyədə məşhur olan atları var idi. Ümumi sayca İbrahimxəlil xan 4 mindən çox madyan və xüsusi cins ayğırlara malik idi. Doğar madyanların sayı 3500-ü keçirdi. Qarabağ bəylərinin özlərinin də at zavodları var idi. 1787-ci ildə Naxçıvan xanlığında Kəngərli tayfasından olan süvarilərə arxalanan Kəlbəli xan saray çevrilişi nəticəsində hakimiyyətə gəlmişdir. O, qısa müddət ərzində Naxçıvan xanı kimi köçəri tayfaları və elləri özünə tabe edib tam hakimiyyət qurmuşdur.
1822-ci ildə Qarabağ xanlığının ləğvi, həmçinin o biri xanlıqların süqutu yerli at zavodlarının inkişafına mənfi təsir göstərmişdir. XVIII əsrin II yarısından XX əsrin əvvəllərinədək, təqribən 170 il ərazində Qarabağda xanlara və bəylərə məxsus, hərəsində 50–100 ayğır və madyan olan at zavodları fəaliyyət göstərmişdir. Pənahəli xan, İbrahimxəlil xan, Mehdiqulu xan, Cəfərqulu xan, Xurşidbanu Natəvan, Rüstəm bəy Behbudov, Kərim ağa Cavanşir, Əbdül bəy Qalabəyov, Hüseyn ağa Aranlı, Adıgözəl bəy Gilani, Səlim bəy Rüstəmbəyov, Fərrux bəy Vəzirov, Məmməd bəy Qaradağlı, kavaler Əli bəy və digərləri at zavodları yaratmış, cins atlar saxlamışdır.
Çar Rusiyası
250px|thumb|left|Qarabağ atı 250px|thumb|left|Borçalı qadınları at üstündə Çar Rusiyası Azərbaycan atları ilə xüsusi maraqlanırdı. Dilboz və Qarabağ atları rus ordusunun süvarilərini atla təmin etmək üçün istifadə edilirdi. Bu dövrdə Çar Rusiyası hər birində 600 atlı olmaqla qeyri-nizami müsəlman süvari alaylarını, həmçinin Kəngərli süvarilərini yaratmışdır. Süvarilər daha çox zadəgan sinfindən, xan və bəylərdən təşkil edilirdi. Azərbaycan tarixçisi Fərhad Nağdəliyev hesab edir ki, Nikolay Kəngərli süvarilərinin mükəmməlliyini gördükdən sonra konvoyunda Azərbaycan əsilzadə ailələrinin nümayəndələrindən ibarət olan bir müsəlman dəstəsi yaratmağı əmr etmişdir.
Çar Rusiyası dövründə atçılıq zavodları zəifləsə də, bu zavodlar rus süvarilərinin ehtiyaclarını ödəmək üçün saxlanmışdır. İlxı sahibləri öz atlarını bazara gətirir, rus süvari zabitləri də münasib bazar qiymətlərinə onları satın alırdı. 1831-ci ildə Qarabağ atının qiyməti 30 çevronla 300 çevron arası idi. Bu, o dövr üçün baha qiymət idi.
Varşavaya göndərilən Zaqafqaziya atlı-müsəlman alayı yaxşı səviyyədə atıcılıq və süvari yarışı bacarığı göstərmişdir. Rusiyanın "Atçılıq və ov" jurnalının 1843-cü ilə aid saylarından birində ingilis atlarının Qərbdə məşhur olduğu kimi, şərqdə də Qarabağ atlarının məşhur olduğu qeyd edilmişdir. XX əsrdə at baha olduğu üçün Azərbaycan kəndlilərinin atı olmurdu. At ilxıları daha çox varlıların əlində toplaşmışdı. 1869-cu ildə Moskvada Dilboz və Sarılar atları nümayiş edilmiş və çox yaxşı qiymətləndirilmişdir. XIX əsrin sonunda Əbdürrəhim ağa Dilbozovun 200 atdan ibarət ilxısı, Böyük ağa Dilbozovun isə bir ilxıdan ibarət atçılıq təsərrüfatı var idi.
Zülqədərovların, Usmiyevlərin, Ədil xanın və digərlərinin zavodlarında Dilboz və Qarabağ atları təmizqanlı ingilis atları, Ahaltəkə və ərəb atları ilə cütləşdirilir, cinslər yaxşılaşdırılırdı. Buna səbəb ordu üçün orta boylu atlar əldə etmək, cıdır və sərgi üçün idman atı hazırlamaq istəyi idi. Zülqədərovlar cins yetişdirmə işləri ilə Şəmkirdə məşğul olmuş, Usmiyevlər isə Qarabağ atını təkmilləşdirmişdir. 1912-ci ildə Pyatiqorskda keçirilən sərgidə Ədil xanın yarımqanlı atları ("Elbrus", "Ləkmə" və s.) nümayiş etdirilmişdir. Ədil xan onları Daşüz at zavodunda yetişdirmişdir. Birinci Dünya müharibəsində (1914–1918) iştirak etmiş Vəhşi diviziyanın Tatar süvari alayı Dilboz və Qarabağ atlarından istifadə edirdi.
1918-ci ildən indiki dövrə qədər 300px|thumb|right|Qafqaz müsəlman alayına qoşulacaq şuşalılar 300px|thumb|right|1952-ci ildə Kraliça II Elizabetə hədiyyə edilmiş, "Zaman" adlı Qarabağ atı 300px|thumb|right|Xınalıq kəndinin atlı sakinləri. Xınalıqlıların mədəni mühiti və köç yolu 2023-cü ildə Ümumdünya irsi kimi qeydiyyata alınmışdır. 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyətində bir sıra süvari alayları yaradılmışdır. Qafqaz İslam Ordusunun və Azərbaycan Əlahiddə Korpusunun 1918-ci ilin yayında Bakını azad etmək üçün həyata keçirdiyi döyüş əməliyyatlarında süvari qoşun hissələri vacib rol oynamışdır. 1919-cu ilin aprelində Bakıda yerləşdirilən hissə və bölmələrə 400 nəfərlik süvari heyəti daxil idi. Polkovnik Fərhad bəy Ağalarov bütün bu qüvvələrə, Birinci Tatar süvari alayına rəhbərlik edirdi. General-leytenant Məmməd bəy Sulkeviçin təyinatından sonra 3-cü Şəki süvari alayının təşkili tamamlanmışdır. 1920-ci ildə sovet işğalı ərəfəsində Azərbaycan ordusunda 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü Şəki süvari alayları mövcud idi.
1920–1930-cu illərdə, ilkin sovet dövründə həbslər və repressiyalar ənənəvi atçılığın sıradan çıxmasına səbəb olmuş, kollektivləşmə dövrü atçılığı zəiflətmiş, 1934-cü il məlumatlarına görə atların sayı 2 dəfədən çox azalmışdı. 1921-ci ildə mərkəzi cütləşdirmə məntəqəsi yaradılmış, burada 20 törədici ayğır yerləşdirilmişdi. 1923-cü ildə Bakı Dövlət Cıdır Meydanı yaradılmışdır. Üç dövr ərzində (1924–1929, 1939–1941, 1945–1960) 2 mindən çox döllük bura gətirilərək sınaqdan keçirilmişdir. Şəkinin Daşüzündə 1925-ci ildə atçılıq zavodu yaradılmışdır.
İkinci Dünya müharibəsində alman ordusuna qarşı İrana göndərilən sovet qoşunları Azərbaycan SSRİ-də təşkil edilmiş, Azərbaycan atları ilə təmin edilmişdi. 1946-cı ildə Ağstafa atçılıq zavodu, 1949-cu ildə Ağdam atçılıq zavodu yaradılmış, atçılığın inkişafı üçün vacib qərarlar verilmişdir. XX əsrdə Qarabağ atı üçün ən vacib hadisə Ağdam at zavodunun yaradılması idi.
Sovet Azərbaycanında "Kolxozlarda, sovxozlarda və at zavodlarında 1950–1951-ci illərdə atçılığın inkişafı haqqında" qərarının verilməsi atçılığın inkişafına müsbət təsir göstərmişdir. Bu qərara görə, minik atının minik-işlək atı istiqamətində təkmilləşdirilməsi, Qarabağ atının bərpa edilməsi nəzərdə tutulurdu. 1952-ci ildən etibarən, Moskvada keçirilən yarışlarda "Naliv", "Siqnal", "Sumqaida" kimi Azərbaycan atları yaxşı nəticələr qazanmışdı. 1956-cı ildə SSRİ-nin rəhbəri Nikita Xruşşov Kraliça II Elizabetə "Zaman" adlı Qarabağ atı və "Melakuş" adlı Ahaltəkə atı hədiyyə etmişdir. Hədiyyələr bahalı yəhər avadanlıqları ilə birlikdə verilmiş, II Elizabet bu hədiyyələri yüksək qiymətləndirmişdir. 1980-ci illər Moskvada bir çox Qarabağ atı xarici ölkələrə hərrac yolu ilə satılmışdı. Bu ölkələr arasında Hollandiya, Frans, Almaniya, İtaliya, İsveçrə və s. ölkələr var idi. Həmin illərdə respublika içindəki atçılıq zavodlarında da bir çox damızlıq at satılmışdı.
Dağlıq Qarabağ münaqişəsinin başlaması atçılıq sahəsinə böyük ziyan vurmuşdur. Ağdam Atçılıq zavodu bu dövrdə dağıdılmış, Qarabağ atları "Aran" damazlıq qoyunçuluq təsərrüfatında, daha sonra isə Bərdənin Lənbəran qışlağında yerləşdirilmişdir. Qarabağ atçılıq kompleksi 1994-cü ildən Ağcabədinin Xamtorpaq ərazisində fəaliyyətini davam etdirmişdir. Müstəqillik dövründə görülən işlərə damazlıq işinin keyfiyyətinin yüksəldilməsi, milli at cinslərin qorunması, at idmanı və cıdır yarışlarının keçirilməsi, çapar və at idmanı məktəblərinin açılması, at üstündə gəzintinin, at turizminin təşkil edilməsi və s. daxildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ildə Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak etmişdir. Ağstafa rayonunun "Dilbaz" Atçılıq Təsərrüfatında 2018–2019-cu ildə quruculuq işləri görülmüş, atçılıq təsərrüfatı üçün zəruri binalar, yarışlara hazırlıq üçün cıdır meydanı tikilmişdir. Ağdam Azərbaycan nəzarətinə keçəndən sonra, 2022-ci ilin oktyabrında tarixi ənənəyə uyğun olaraq, Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Nəsilartırma Mərkəzinin əsası qoyulmuşdur.
2025-ci ildə Türkiyəyə verilməsi üçün Ağcabədidəki Qarabağ Atçılıq Kompleksindən 5 Qarabağ atı seçilmişdir. Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Keşe Türkiyədə çövkən oyununu dirçəltmək və Azərbaycanın köməyi ilə bu idmanın birlikdə inkişafı üçün iş aparmaq istədiklərini qeyd etmişdir. 6 mart 2026-cı ildə Azərbaycan Atçılıq Federasiyası ilə "Türkmən atları" Dövlət Birliyi (Türkmənistan) arasında atçılıq idmanı və bu idmanın sənayesi sahəsində əməkdaşlığa aid memorandum imzalanmışdır.
Növləri