Ceyranlar düşərgəsi — Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində, Kiçikdaş dağının düzən sahəsinin şimal-şərq hissəsində yerləşən qədim yaşayış məskəni. Düşərgə üzərində qayaüstü təsvirlər saxlanılmış 49, 49a və 49b nömrəli daşların arasında yaranmış, sahəsi təxminən 12 kvadratmetr olan yarımörtülü sığınacaqda aşkar olunub. Arxeoloji materiallar və qayaüstü təsvirlərin xüsusiyyətləri abidədən Üst Paleolitin sonundan başlayaraq Mezolit və Neolit dövrlərinin əvvəllərinə qədər uzun müddət istifadə olunduğunu göstərir.
Düşərgə 2001-ci ildə Azərbaycanda dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına, 2007-ci ildə isə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.
Haqqında
Tədqiqi Ceyranlar düşərgəsində 1973-cü ildə, sığınacağın daxili və xarici hissələrini əhatə edən 52 kvadratmetr sahədə arxeoloji qazıntılar aparılıb. Daş dövrünə aid qalıqlar sığınacağın içərisində, orta əsrlərdə maldarların qışlaq yeri kimi istifadə etməsi nəticəsində yaranmış təbəqənin altında aşkar edilib. Qazıntılar zamanı sığınacağın içərisində əvvəlcə təxminən 20 santimetr qalınlığında peyin qatı, onun altında orta əsrlərə aid gil qab qırıqları və iki ocaq qalığı olan çürüntülü torpaq təbəqəsi, daha aşağıda isə bir metr dərinliyə qədər Daş dövrünə aid gil və qum qarışıqlı torpaq qatı qeydə alınıb. Mədəni təbəqənin dəniz qumu ilə qarışması səbəbindən onun sərhədlərini və qalınlığını dəqiq müəyyən etmək mümkün olmayıb.215x215px|leftDüşərgədən əldə olunmuş daş məmulatları və qayaüstü təsvirlərin xarakteri abidənin əsasən Üst Paleolitdən Mezolitə keçid mərhələsi və Neolit dövrünün əvvəlləri üçün səciyyəvi olduğunu göstərir. Arxeoloji və paleocoğrafi məlumatlar Ceyranlar düşərgəsindən minilliklər boyu istifadə edildiyini və onun Qobustanın qədim insan məskənlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını göstərir.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə düşərgə 26–1037 nömrəsi ilə dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Arxeoloji abidənin yerləşdiyi Qobustan Milli Tarixi-Bədii Qoruğu 2007-ci il iyunun 29-da Yeni Zelandiyanın Kraystçerç şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin XXXI Sessiyasında "Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı" adı ilə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.
Paleocoğrafi xüsusiyyətləri Qazıntılar zamanı müəyyən olunub ki, 49 nömrəli qaya üzərindəki bəzi təsvirlərin aşağı hissəsi dəniz qumu təbəqəsi ilə örtülüb. Həmçinin qum qatının içərisində balıq təsviri və səthi yuyularaq hamarlanmış üç ədəd əhəngdaşı parçası aşkar edilib. Bu tapıntılar müəyyən dövrlərdə Xəzər dənizinin səviyyəsinin indiki sahəyə qədər yüksəldiyini göstərir. Paleocoğrafi məlumatlara görə, Xəzər dənizinin səviyyəsi müxtəlif dövrlərdə dəfələrlə dəyişib. Dəniz səviyyəsinin son Paleolit–Mezolit dövründə baş vermiş yüksəlmələrinin Ceyranlar düşərgəsinin mədəni təbəqəsinin qismən yuyulmasına və burada qum və lil qatlarının formalaşmasına səbəb olduğu ehtimal edilir. Ceyranlar düşərgəsinin materiallarının qum və lil təbəqələri içərisində aşkar edilməsi, Xəzər dənizinin səviyyə dəyişmələrinin Qobustan ərazisindəki qədim yaşayış məskənlərinə təsirini göstərən mühüm paleocoğrafi dəlillərdən hesab olunur.
Arxeoloji materiallar Düşərgədən aşkar edilmiş maddi mədəniyyət qalıqları əsasən çaxmaqdaşı, çaydaşı və dəvəgözündən hazırlanmış alətlərdən ibarətdir. Çaxmaqdaşından hazırlanmış tapıntılar arasında beş ədəd nüvə, dörd ədəd qaşov, bir ədəd trapes formalı alət, bıçaqvari lövhədən hazırlanmış bir seqmentşəkilli alət, bir dişəkli mikro lövhə, beş işlənmiş qəlpə və on bir adi qəlpə müəyyən edilib. Nüvələrin üçü konusvari, ikisi isə az işlənib. Çaydaşından hazırlanmış materiallar arasında yeddi qəlpə, bir çopper tipli alət, iki qaşov və bir ucundan deşik açılmağa başlanmış, lakin tamamlanmamış uzunsov daş əşya aşkar edilib. Ölçülərinə görə həmin əşyanın asma kimi istifadə edildiyi ehtimal olunur. Dəvəgözündən hazırlanmış materiallar dörd qəlpə, bir hündür qaşov və iki dişəkli qəlpədən ibarətdir.
Qayaüstü təsvirlər Ceyranlar düşərgəsinin yerləşdiyi sığınacaq və ətrafındakı 49, 49a, 49b və yaxınlıqdakı 50 nömrəli qaya daşları üzərində çoxsaylı qədim qayaüstü təsvirlər qeydə alınmışdır. Bu təsvirlər arasında yan görünüşdə döymə üsulu ilə işlənmiş qadın, öküz, ceyran və tək-tək gur təsvirləri üstünlük təşkil edir. İshaq Cəfərzadənin ilkin qeydəalmasında yalnız 49 nömrəli daş ayrıca inventarlaşdırılmış, sığınacağın digər divar daşları ayrıca nömrələnməmişdir. Buna görə sonrakı tədqiqatlarda girişin sağ tərəfindəki daş 49b, arxa divar daşı isə 49v kimi qeydiyyata alınmışdır. Qayalarda ön görünüşdə təsvir edilmiş silahlı qadın və kişi fiqurları, öküz və qayıq təsvirləri də aşkar edilib.
49 nömrəli daş 215x215px|right "Ceyranlar" düşərgəsinin cənub-qərb divarını təşkil edən 49 nömrəli daşın içəriyə baxan hamar səthində ümumilikdə 94 qayaüstü təsvir və çoxsaylı xətt qalıqları qeydə alınmışdır. Təsvirlərin əksəriyyətini qadın, öküz və ceyran fiqurları təşkil edir. Daş üzərində 33 qadın, 17 öküz və 16 ceyran təsviri ilə yanaşı, 3 kişi, 2 qayıq, 1 keçi, 1 gur, 1 balıq və aidiyyəti müəyyənləşdirilməyən bir sıra heyvan və işarə təsvirləri aşkar edilmişdir. Qadın fiqurları iri döşlü, dolğun ombalı və əzələli ayaqlı təsvir olunmuş, bir hissəsi isə çiyinlərində əmək aləti ilə verilmişdir. Bu xüsusiyyətlər onların yuxarı paleolit dövrünün qadın fiqurları ilə yaxınlığını göstərir. Kişi təsvirləri sayca azdır və döşsüz, daha incə bədən quruluşu ilə qadın təsvirlərindən fərqlənir.
Öküz təsvirləri dolğun bədənləri, qısa və qüvvətli boyunları ilə seçilir, ceyran fiqurlarının isə hamısı sağa istiqamətlənmişdir; onlardan bəziləri buynuzsuz, cavan heyvanlar kimi təsvir edilmişdir. Qobustanda ceyran ən çox ovlanan heyvanlardan biri olsa da, qayaüstü rəsmlərdə nadir hallarda təsvir edilmişdir. Məhz bu daşda ceyran təsvirlərinin çoxluğu düşərgənin "Ceyranlar" adlandırılmasına səbəb olmuşdur. Daş üzərində bir keçi, bir gur və bir balıq təsviri də qeydə alınmışdır. Gur təsvirinin e.ə. XIV–XIII minilliklərə aid edilməsi, balıq təsvirinin isə qədim Qobustanda balıqçılığın mühüm təsərrüfat sahələrindən biri olduğunu göstərməsi diqqəti cəlb edir.
İki qayıq təsviri mezolit və neolit dövrlərinə aid edilir; onlardan birində beş, digərində isə səkkiz insan simvolu qorunub saxlanmışdır. Daş üzərindəki ən qədim təsvirlər yan görünüşdə verilmiş qadın, ceyran və öküz rəsmləridir və onların e.ə. XVIII–XV minilliklərə aid olduğu ehtimal edilir. Digər qadın və öküz təsvirləri e.ə. XII–X minilliklərdə, kişi fiqurları isə mezolit-neolit dövründə, təxminən e.ə. VIII–VII minilliklərdə yaradılmışdır.
49a nömrəli daş 49a nömrəli daş "Ceyranlar" düşərgəsinin girişindən 7–8 metr şərqdə, 48 və 49b nömrəli daşlar arasında yerləşən iri qaya parçasıdır. Onun maili qərb səthində beş sxematik keçi təsviri qeydə alınmışdır. Keçi təsvirlərindən yalnız birinin istiqaməti sola, qalanlarının isə sağa yönəlmişdir. Onlar olduqca sadə və sxematik formada, düzbucaqlı bədən, qövsvari buynuz və yuxarı qalxmış quyruqla təsvir edilmişdir. Təsvirlərin sxematikliyi və xətlərinin nisbətən təzə görünməsi onların qədim dövrə deyil, son əsrlərdə maldarlar tərəfindən həkk edildiyini göstərir.
49b nömrəli daş 215x215px|right 49b nömrəli daş "Ceyranlar" düşərgəsinin şərq divarını təşkil edir və onun cənub-qərb səthində 36, üst hissəsində isə 7 qayaüstü təsvir və xətt qalığı qeydə alınmışdır. Daşın cənub-qərb üzündə 10 qadın, 2 kişi, 15 heyvan, 3 qayıq, 1 damğa və bir neçə naməlum xətt qalığı təsvir edilmişdir. Qadın fiqurları yan və ön görünüşdə, iri döşlü, dolğun ombalı və əzələli ayaqlı təsvir edilmiş, bəzilərinin çiyinlərində əmək alətləri göstərilmişdir. Kişi fiqurları isə daha sadə və sxematik şəkildə işlənmişdir.
Heyvan təsvirləri arasında öküz, keçi, ceyran və gurun seçilməsi mümkündür. Öküzlər dolğun bədənli, qısa boyunlu və sallanan quyruqlu, ceyranlar isə dik buynuzlu və incə quruluşlu təsvir edilmişdir. Daş üzərində üç qayıq təsviri qeydə alınmışdır. Qayıqların daxilində müvafiq olaraq 3, 4 və 5 insan simvolu göstərilmişdir. Təsvirlər arasında kiçik dairə və üç şüadan ibarət bir damğa da mövcuddur. Bu işarənin ilk orta əsrlərdə düşərgədən istifadə etmiş bir şəxs tərəfindən mülkiyyət nişanı kimi həkk edildiyi ehtimal olunur.
Təsvirlərin ən qədim nümunələri ceyran və yan görünüşdə verilmiş qadın fiqurları olub, onların e.ə. XVIII–XV minilliklərə aid edilməsi mümkündür. Ön görünüşlü qadınlar və qədim öküz təsvirləri e.ə. XII–X minilliklərə, bəzi öküz və kişi təsvirləri isə neolit dövrünə (e.ə. VII–VI minilliklər) aid edilir. Daşın üst səthində qeydə alınmış yeddi keçi təsvirindən beşi yaxınlıqdakı 49a və 48 nömrəli daşlardakı sxematik keçi rəsmləri ilə eyni xüsusiyyətlərə malikdir və ehtimal ki, eyni dövrdə, hətta eyni şəxs tərəfindən həkk edilmişdir.
Daşın üstündə, təsvirlərdən təxminən bir metr şərqdə, yağış suyunun toplanması üçün diametri 18 sm, dərinliyi 8 sm olan bir yalaq da qazılmışdır.
49v nömrəli daş 49v nömrəli daş "Ceyranlar" düşərgəsinin arxa divarını təşkil edən, hündürlüyü 8–10 metr olan iri qaya massividir. Daşın düşərgəyə baxan üzü dik və hamar divar əmələ gətirir. Burada aparılmış arxeoloji qazıntılar nəticəsində yer səviyyəsindən təxminən 1 metr hündürlüyə qədər olan hissədə 6 təsvir və qədim rəsmlərə aid 4 qrup xətt qalığı aşkar edilmişdir. Təsvirlər arasında bir kölgəvari qadın fiquru, iki tam və üç yarımçıq öküz təsviri üstünlük təşkil edir. Yarımçıq rəsmlərdə yalnız quyruq, bədən və süksün hissələri qalmışdır ki, bunlar da onların öküz tipli heyvanlar olduğunu göstərir. Bundan əlavə, kiçik dairə və qövsdən ibarət bir xətt qrupu, eləcə də digər qeyri-müəyyən xətt qalıqları qeydə alınmışdır. "Ceyranlar" düşərgəsində aparılmış arxeoloji qazıntıların nəticələrinə əsasən, 49v nömrəli daş üzərindəki təsvirlər üst paleolit dövrünə aid edilir və Qobustanın ən qədim qayaüstü təsvirləri sırasında yer alır.
"Ceyranlar" düşərgəsində aparılmış qazıntılar zamanı üzərində təsvirlər olan iki kiçik daş da aşkar edilmişdir. Onlardan biri inventar üzrə 22, digəri isə 23 nömrəsi ilə qeydə alınmış və hazırda Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun fondunda saxlanılır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan arxeologiyası Kateqoriya:Qobustan Kateqoriya:Qobustan dövlət tarixi-bədii qoruğunun ərazisindəki düşərgələr