Şarl Teodor Anri De Koster (; 20 avqust 1827-ci il, Münhen – 7 may 1879-cu il, Brüssel) — Belçika yazıçısı, Belçika milli ədəbiyyatının banisi.

Həyatı Fransız dilli yeni Belçika ədəbiyyatının yaradıcısı Şarl de Koster 1827-ci il avqustun 20-də Almaniyanın Münhen şəhərində ruhani ailəsində anadan olmuşdur. Onun atası İprli flamand idi və Bavariyada Tir yepiskopu və Papa üsul-idarəsinin rəhbəri qraf Şarl-Mersi d‘Arjantonun sarayında təsərrüfat rəhbəri vəzifəsində işləyirdi. Vaxtilə Belçika ordusunun zabiti olmuş d‘Arjanto öz həmyerlisinə və qulluqçusuna rəhmdillik göstərir və vallon əsilli Anna-Mariya Kartreylin "gözəlliyini özündə əks etdirən" oğlu de Kosterə himayədarlıq edir. D‘Arjanto de Kosterin xaç atası idi. Bu vəziyyət Şarlın dünyaya gəlməsi haqqında bir sıra dedi-qoduların yaranmasına səbəb olmuşdur. Bəzi tədqiqatçılar, o cümlədən də yazıçının bir sıra müasirləri Şarlın ya qrafın, ya da onun qardaşının ögey oğlu olduğunu deyirdilər. Ancaq bütün bunlar faktlarla sübut olunmamışdır. Məşhur Belçika tənqidçisi H. Juen yazıçının 1962-ci ildə Brüsseldə çapdan çıxmış "Ulenşpigel əfsanəsi" romanına yazdığı giriş məqaləsində deyir: "Ulenşpigel əfsanəsi"nin gələcək müəllifi, hətta romantizm bundan ziyan çəksə belə, öz valideyinlərinin övladı idi". Gələcək yazıçının uşaqlıq illəri D‘Arjantonun sarayında keçmişdir.

Yazıçının atası 1834-cü ildə vəfat etmişdir. Bundan bir il öncə isə onlar artıq vətənə qayıdaraq, Brüsseldə məskunlaşmışdılar və gələcək yazıçının ömrünün bütün qalan hissəsi bu şəhərdə keçmişdir. Onun yeganə bacısı Karolina da elə həmin il burada dünyaya gəlmişdi. Atası öləndən sonra anası onu təhsil aldığı pansiondan çıxarır. Məktəbdən çıxarılmasının səbəbini yazıçı xatirələrinin birində belə əsaslandırmışdır: "Mən o zaman zəif, kövrək bir uşaq idim… mən ağlayırdım, ancaq görəndə ki, mənə gülürlər, onda göz yaşlarımı saxlayırdım, lakin hirs başıma vururdu". thumb|200px|Şarl de Kosterin abidəsi Lyej şəhərinə köçən D‘Arjanto öz xaç oğlunu unutmur və onun Sen-Mişel kollecinə verilməsini tələb edir. Şarl bu məktəbdə çox yaxşı təhsil almış, qədim yunan və latın dillərini mükəmməl öyrənmişdir. Ancaq burada təhsil aldığı zaman onun dinə inamı sarsılır və bu məktəbi bitirdikdən sonra o, ilahiyyat seminariyasında təhsilini davam etdirməkdən birmənalı şəkildə imtina edir. Bu vaxt artıq onun on yeddi yaşı tamam olmuşdu və Şarl işləyərək anasına kömək etmək qərarına gəlir. Şarl məşhur Mərkəzi Belçika bankına kiçik klerk (köməkçi) vəzifəsinə işə düzəlir və altı il burada işləyir (1844–1850).

Şairlik xülyasına düşmüş, azad həyat sürmək istəyən bir gəncin bu illər ərzində həyatını təsəvvür etmək elə də çətin deyil. O, 1847-ci ildə bir neçə dostu ilə birlikdə "Şən gənclər cəmiyyəti" adlı bir ədəbi dərnək yaradır. Bu dərnəyin açılışında de Koster Fransua Rable üslubunda şən və zarafatyana bir çıxış edir və bununla da azadfikirli bir gənc olduğunu göstərir.

İyirmi gənc brüsselli – onların içərisində rəssamlar, musiqiçilər, şairlər, ümumiyyətlə ədəbiyyat və sənət pərəstişkarları olan hərbçilər, hüquqşünaslar, naşirlər və s. var idi və onlar qarşılarına belə bir məqsəd qoymuşdular ki, böyük yazıçıların əsərlərini öyrənsinlər və öz yaradıcılıqlarını da inkişaf etdirsinlər. Bu "Şən gənclər" həftədə bir dəfə toplaşır, şam işığında öz əsərlərini oxuyur və onları müzakirə edirdilər. Yaxşı əsərlər özlərinin təsis etdikləri bir nüsxədə çıxan "Jurnal"da çap olunurdu.

XIX əsrin 40–50-ci illəri Belçika ədəbiyyatı hələ müstəqil deyildi, sırf milli səciyyə daşımırdı. Bu ədəbiyyat, Avropa, xüsusilə də, fransız romantizminin təsiri altında idi. "Şən gənclər" də ilk vaxtlar romantik əhval-ruhiyəli idilər. Gənc de Koster öz ilk əsəri olan "Şərq nağılı" adlandırdığı "Məhəmməd" novellasını məşhur fransız romantiki Rene Şatobrianın təsiri altında yazmışdır.

"Şən gənclər" yalnız ədəbiyyatla deyil, teatrla da məşğul olurdular. Onların bu teatrı üçün, dramaturq olmaq arzusu ilə yaşayan de Koster dram əsərləri yazırdı.

Şair olmaq istəyən bir adamın bankda işləməsi mümkün olmadığına görə de Koster ərizə verib işdən azad olur və 1850-ci ildə Brüssel Universitetinin ədəbiyyat və fəlsəfə fakültəsinə daxil olur. O, nümunəvi bir tələbə idi. Ancaq Niderland inqilabı haqqında dərs istisna olmaqla, başqa sahələr o qədər də onu cəlb etmirdi. Bu vaxt de Kosterin diqqətini XVI əsr Flandriya tarixi daha çox özünə cəlb edir.

Tələbəlik illərində de Koster bir sıra istedadlı gənclərlə tanış olur. Xüsusilə, 1851-ci ildə onların dərnəyinə daxil olan rəssam Felisyen Rops onu başqa rəssamlarla da tanış edir. Ropsla yanaşı, o, rəssam Adolf Dillens və heykəltaraş Şarl Samuellə də yaxın dost olur. thumb|250px|left|Şarl de Kosterin qəbri 1851-ci ildə birinci kurs tələbəsi olan 24 yaşlı Şarl de Koster 19 yaşlı Eliza Spryöytlə tanış olur. Bu qız Şarlın həyatında və yaradıcılığında həddindən artıq böyük rol oynamışdır. Yazıçı "Love" adlı şerini bu qıza həsr etmişdir. Bundan əlavə, onun "Aşiq olmuş gəncin silueti" romantik povestinin baş qəhrəmanı və "Ulenşpigel əfsanəsi" romanındakı Nele bu qızın prototipləridir.

Böyük vəzifə sahibi və çox varlı adam olan Elizanın atası, qızının heç bir maddi imkanı olmayan Şarl kimi bir adamla görüşməyinə razı ola bilməzdi. Ona görə də bu gənclər gizli görüşməyə məcbur olurlar. Daha çox isə məktublaşma yolu ilə əlaqə saxlayırdılar.

De Koster Elizaya çoxsaylı məktub ünvanlamışdır ki, bu məktublar yazıçının daxili aləminin açılmasında, onun mənəvi-psixoloji durumunun müəyyənləşdirilməsində və bir sənətkar kimi yetişməsində böyük əhəmiyyət kəsb edir. Bu məktubların həm də xüsusi bədii əhəmiyyəti var. Yazıçı yazmaq istədiyi əsərlər haqqında bu qızla məsləhətləşir, öz gələcək planları və düşüncələri barədə ona məlumatlar verirdi. Məsələn o, məktublarının birində yazırdı: "Bu günlərdə sənə oxumaq üçün verəcəyim əsəri mənim əvvəllər yazdığım əsərlərlə müqayisə etdikdə görəcəksən ki, mənim ağlım nə qədər inkişaf edib. Mən indi hiss edirəm ki, həyatım daha dərin olubdur. Fikirlərim genişlənibdir…" Bəzən De Koster məktub vasitəsilə sanki Elizaya hesabat verirdi: "Bu gün axşam mən "Sir Halevin"in ilk 80 səhifəsini nəzərdən keçirtdim. Hələ uzunçuluq var" (De Koster özü bu məktubları üzə çıxartmamışdır. Bu məktubları ilk dəfə onun bioqrafiyasını yazan Ş. Potven çap etdirmişdir. O, məktubları məzmununa və bir sıra başqa xüsusiyyətlərinə görə sıralamışdır).

De Kosterin məktublarında bu "qəribə" yazıçının bütün qeyri-adi xasiyyətləri öz əksini tapmışdır. Belə ki, onun şəxsiyyətinin zahirən çox ziddiyyətli görünməsinə baxmayaraq o, "birsifətli" və bütün adam idi. Yumoru və gülüşü çox sevən, dünya ədəbiyyatında ən şən qəhrəmanlardan birinin müəllifi olan de Koster kədərli, qəmli bir adam olmuşdur. O özü haqqında deyirdi: "Mənim ürəyimin dərinliklərində əbədi bir kədər kök salıb. Mən təbiətən kədərli bir insanam". De Kosterin üzərində hakim kəsilən kədər, həyatı bütün varlığı qədər sevən, onu daha gözəl görmək istəyən, onun arzuladığı şəkildə olmamasından narahat olan bir ziyalının, sənətkarın kədəri idi.

De Koster 1855-ci ildə universiteti ədəbiyyat və fəlsəfə elmləri namizədi kimi bitirir. Bu diplom ona müəllimlik etmək hüququ versə də, De Koster bu sahədə işləmək istəmir. Daha münasib iş tapmaq üçün o, yenə xaç atası d‘Arjantoya müraciət edir. Qraf bacısının da köməyi ilə ona çox gəlirli bir iş yeri (şərab ticarəti müfəttişi) tapır. Ancaq de Koster bu işdən də imtina edir və yoxsul həyat tərzini, hətta öz xaç atasından belə asılı olmaqdan üstün tutur. Bundan sonra o, ömrünün bütün qalan hissəsini daim ehtiyac içərisində yaşamışdır.

1856-cı ildə Brüsseldə "Ulenşpigel" jurnalı nəşrə başlayır. Jurnalda əsasən gənclər çalışırdı. Bu jurnal əvvəlcə siyasətdən və sosial mövzulardan uzaq olan bir mətbu orqan kimi nəzərdə tutulmasına baxmayaraq, 1860-cı illərdən başlayaraq Belçikanın mütərəqqi ziyalılarının xitabət kürsüsünə çevrilir. Felisyen Rops bu jurnalın ürəyi idi. O, de Kosteri də jurnalın işinə cəlb edir. Beləliklə, bir təsadüf nəticəsində de Koster də "Ulenşpigel"çi olur və özünün gələcək qəhrəmanı ilə yaxından tanış olur.

Yaradıcılığı De Koster bədii yaradıcılığa da çox erkən yaşlarından başlamışdır. 1840–1850-ci illərdə Avropa romantiklərinin təsiri altında yazdığı ilk əsərləri bədii xüsusiyyətləri ilə elə də seçilmirdi. Bu dövrdə o, eyni zamanda ədəbi tənqidlə də məşğul olurdu və ilk tənqidi qeydlərini 1851–1852-ci illərdə "Yeni xülasə" jurnalında çap etdirmişdir. Bu jurnalın səhifələrində bir publisist kimi tez-tez sosial və siyasi mövzularda kəskin tənqidi məqalələrlə çıxış edən de Koster, öz hüquqları uğrunda mübarizəyə qalxan fəhlə sinfini də müdafiə edirdi.

Demokratik dünyagörüşə malik olan bu gənc ziyalı, liberal partiyanın sol qanadına qoşularaq, flamand xalqının müstəqilliyi, istismardan xilas olması uğrunda katolik qaragüruhuna qarşı mübarizə aparmışdır. De Koster, ümumiyyətlə, müstəmləkəçilik siyasətini kəskin tənqid atəşinə tutmuş, Fransa burjua dairələrinin qəsbkarlıq siyasətini ifşa etmişdir.

1850–1860-cı illərdə Belçikanın siyasi və mədəni həyatında Fransa respublikaçıları böyük rol oynamışdır. 1851-ci il dövlət çevrilişindən sonra III Napoleonun rəqibləri Belçikada sığınacaq tapmış və bu ölkədə siyasi fəallığın artmasında onların çox böyük xidmətləri olmuşdur. Belçika alimi H. Firens-Gevartın dediyi kimi, həmin dövrdə bu ölkədə mühacirət həyatı yaşayan məşhur fransız alimi, Sorbon Universitetinin professoru Emil Deşanelin mühazirələri flamandları sanki qış yuxusundan oyatmışdır. De Kosterin "Flamand əfsanələri" haqqında mətbuatda ilk çıxış edən də məhz bu fransız alimi olmuşdur.

Beləliklə, 1850-ci illərin sonları və 1860-cı illərin əvvəllərindən başlayaraq Belçikada da siyasi fəaliyyət güclənməyə başlamışdır. Dövlətdə böyük nüfuza malik olan ruhanilər universitetlərdə azad təhsil sisteminin əleyhinə çıxır, hər yolla azadfikirliliyin inkişafına maneə olmağa çalışırdılar. Bu dövrdə həm də sinfi mübarizə genişlənmiş, ölkəni kütləvi üsyanlar bürümüşdü. Belə bir şəraitdə "Ulenşpigel" jurnalı Belçika ictimai-siyasi və mədəni həyatının və eləcə də ilk böyük flamand yazıçısı Şarl de Kosterin ədəbi-bədii səriştəsinin də formalaşmasında əvəzsiz rol oynamışdır.

De Koster özünün ilk böyük əsəri olan "Flamand əfsanələri"ni 1857-ci ildə yazıb başa çatdırmışdır. Bu kitaba daxil olan dörd əfsanə flamand və brabant folkloru materialları əsasında işlənmişdir. Bu əsəri ilə de Koster artıq özünün gələcək yaradıcılıq istiqamətini də müəyyənləşdirir. Belə ki, xalq yaradıcılığını yüksək qiymətləndirən, onların lazımi səviyyədə öyrənilmədiyini və qiymətləndirilmədiyini hesab edən yazıçı bu xəzinənin böyük potensialını müəyyən etmiş və öz yaradıcılığını onun əsasında qurmuşdur. Bu barədə o, Elizaya yazdığı məktubların birində deyirdi: "Bizdə tez-tez bunları tənqid etmələrinə baxmayaraq, mən bu əfsanələri çox sevirəm. Bu janrda canlı xarakterlər, canlı adamların surətlərini yaratmaq olar, onların sağlam təfəkkürünü göstərmək və öz şəxsində bunu əks etdirmək olar".

Yazıçı "Flamand əfsanələri" əsərini XVI əsrə aid olan arxaik fransız dilində yazmış, bununla də bu əsərə xüsusi bir kolorit vermişdir. Bu əsərdə nağıl aləmi real varlığın fonunda təsvir edilmişdir. Bu əsərdə folklor fantastikası məişət hadisələri ilə qaynayıb-qarışaraq xalqın gündəlik həyatının real təsvirini ifadə etmişdir. E. Deşanel bu əsəri çox yüksək qiymətləndirmişdir: "O, orta əsrləri necə varsa eləcə təsvir edib: kobud, sərt, qəmli, kələkbaz, eyni zamanda da uşaq kimi sadədil. O, özündən personajlarına, onlara məxsus olmayan nə bir fikir, nə bir instinkt, nə də bir hiss əlavə etməmişdir"Emil Deschanel. Prefase in:Charl de Coster. Legendes flamandes, Paris,1858, p. IV. thumb|250px|Ulenşpigel və Lamme Qudzak əfsanəsi romanının keçmiş təsviri