Ziya Bünyadovun qətli — Azərbaycan şərqşünası, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun siyasi sui-qəsdə məruz qalması. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilmişdir. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi.
Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmış, prezident Heydər Əliyev isə bunu "Azərbaycan xalqı və elmi üçün böyük itki" adlandırmışdır. Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah" və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinmişdir. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olunmuş və Azərbaycan–İran sərhədində öldürülmüşdür. Azərbaycan hüquq-mühafizə orqanlarına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran müctəhidləri onun ölümünə fətva vermişdir.
Buna baxmayaraq, ictimaiyyətdə Ziya Bünyadovun qətli ilə əlaqədar çoxlu iddialar yayılmışdır. İddialara görə, Ziya Bünyadovun qətlinin səbəbi onun Murtuz Ələsgərovun Milli Məclisin spikeri təyin edilməsinə münasibəti, Milli Ordunu, hökuməti, hətta prezident Heydər Əliyevi onlarla əlaqədar korrupsiya hallarını ifşa edəcək sənədləri yayımlamaqla hədələməsi idi. Nəzəriyyələrdə cinayətə görə həbs olunanlar əslində günahsız olduğunu, cinayətə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarının, o cümlədən keçmiş polis polkovnik-leytenantı Hacı Məmmədovun dəstəsinin məsulliyyət daşıması var.
Zəmin Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuş, İkinci Dünya müharibəsində iştirak etmişdir. Ziya Bünyadov 27 fevral 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı ilə mükafatlandırılmışdır. O, 1954-cü ilə qədər ali təhsilini Rusiyada davam etmiş, həmin il aspiranturanı bitirdikdən sonra Azərbaycana qayıtmışdır. Ziya Bünyadov Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi fəaliyyətinə davam etmiş, 1965-ci ildə professor adını almışdır. O, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1973-cü ildə isə akademiyanın həqiqi üzvü seçilmişdir. Tarixçi alim olan Ziya Bünyadov 1981-ci ildə Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmiş, sonra Milli Məclisin deputatı olmuşdur.
Bünyadov və islamşünaslıq 200px|thumb|right|Ziya Bünyadov İkinci Dünya müharibəsi illərində.
Yenidənqurma dövründə, 1980-ci illərin ortalarından başlayaraq Azərbaycan cəmiyyətində islama maraq tədricən artmağa başlamışdır. Qara Yanvar hadisələrindən sonra Quran "azərbaycanlı" kimliyinin və sovet rejiminə etirazın yeni simvoluna çevrilmişdir. Türkoloq-tarixçi Altay Göyüşov və Bünyadovun keçmiş həmkarı Nəriman Qasımoğluya görə, Ziya Bünyadov yeni kimliyin və milli kimliyin ən mühüm komponentinin islamın olmasına inanmağa başlamışdı. Göyüşovun fikrincə, Bünyadovun "türkofil" meyli olan tarixçilərə qarşı çıxması onu yeni tədqiqat mövzusu kimi islama sövq edən əsas amil olmuşdur.
Ziya Bünyadovun islamşünas alim kimi şöhrəti onun şərqşünas alim Vasim Məmmədəliyevlə birgə Quranı Azərbaycan dilinə tərcümə etməsinə gətirib çıxarmışdır. Quranın bu tərcüməsi 1991-ci ildə Məmmədəliyevin müəllifi olduğu müqəddimə və Bünyadovun yazdığı şərh ilə nəşr edilmişdir. Həmin il bu nəşr "Hacı Zeynalabdin Tağıyev adına" mükafata layiq görülmüşdür. Zərdüşt Əlizadə və Arif Yunusa görə, 1980-ci illərin əvvəllərindən başlayaraq Quranın Azərbaycan dilinə yeni tərcümələri nəşr olunmağa başlamışdır və onlar bu cərəyanı İran İslam inqilabı ilə əlaqələndirirlər. Xüsusilə, iki ərəbşünas və islamşünas alim Tariyel Həsənov və Nəriman Qasımoğlu hələ 1980-ci illərin sonlarında Quranı tərcümə etmiş, 1988-ci ilin əvvəlindən isə Qasımoğlu Quranın fraqmentlərini nəşr etdirməyə başlamışdır. Qasımoğlunun fikrincə, onun etdiyi tərcümə Quranın poetik xarakterini Bünyadov və Məmmədəliyevin tərcüməsi ilə müqayisədə daha çox saxlamışdır. Buna baxmayaraq, Ziya Bünyadov Azərbaycandakı ən məşhur alim idi və ölkənin mənəvi siması sayılırdı, elə bu səbəbdən onun tərcüməsi indi də Azərbaycanda ən populyar tərcümədir.
Ziya Bünyadov islamşünaslıq fəaliyyətini başqa işlərlə davam etdirmişdir. Onun tərəfindən 1993–1995-ci illər arasında yazılmış və ölümündən sonra 1997-ci ildə nəşr olunmuş Azərbaycan dilində "Dinlər, təriqətlər, məzhəblər" ensiklopedik lüğəti buna nümunədir. Əsərin ön sözündə Bünyadov öz motivlərindən bəhs edərkən Azərbaycan xalqının o dövrdə qədər "din və din xadimləri haqqında bilikləri yalnız ateist yanaşmadan, marksizm–leninizm prizmasından alması"nı əsas gətirərək bu əsərin onun "insanlar qarşısında mənəvi borcu" olduğunu qeyd etmişdir. O əlavə etmişdir ki, "sovet dövründə yazılan bütün kitablar, məqalələr, broşürlər tamamilə bu perspektivə tabe" olmuş, bu da öz növbəsində "o günlərdə yazılan hər şeyi çox subyektiv" hala salmışdır. Onun fikrinə görə, bu, "insanların həqiqəti bilməsinə mane olurdu".
Ensiklopediyanın ən əlamətdar cəhəti Bünyadovun bu əsərdə diqqətini təkcə islama deyil, ümumilikdə dinlərə yönəltməsidir. Niderland alimi Sara Krombaxa görə, ensiklopediyanın yazılmasının motivini postsovet Azərbaycanını islam dünyasına deyil, daha geniş kontekstə inteqrasiya etmək üçün ilk cəhd hesab etmək olar. Krombax əlavə etmişdir ki, postmüstəmləkəçiliyin çağırışları ilə üzləşən Azərbaycan üçün bu, özünü Şərqin, eləcə də Avropanın bir hissəsi kimi yenidən düşünmək üçün zəruri addım hesab etmək olar.
"Hizbullah" Azərbaycanda thumb|left|250px|Azərbaycanın Beyləqan rayonunda, İranla həmsərhəd ərazidə yerləşən qaçqınlar üçün düşərgə.
İran Azərbaycan müstəqilliyini bərpa etdikdən az sonra islam inqilabı və dövlətçilik ideyalarının Azərbaycanda yayılmasını fəal şəkildə təşviq etməyə başlamışdır. Qaçqın düşərgələri nüfuz aşılamaq üçün İranın əsas hədəfi olmuşdu. Bəzi azərbaycanlı gənclər İrandakı dini məktəblərdə və İranın dəstəyi ilə yaradılmış "Hizbullah" düşərgələrində təhsil almağa cəlb edilmişdi. Onlar Azərbaycana qayıtdıqdan sonra "Hizbullah"ın siyasi ideyalarını yaymaqla məşğul olmuşdular.
1993-cü ilin axırlarında Birinci Qarabağ müharibəsi səbəbilə evlərindən didərgin düşən qaçqınların əhəmiyyətli hissəsi Azərbaycanın cənub rayonlarında, İranla sərhəddə, eləcə də ölkənin mərkəzi hissəsində toplanmışdı. Məcburi köçkünlərin paytaxt Bakıya axın etməməsi üçün 1993-cü ilin avqustunda Azərbaycan Prezidenti Heydər Əliyevin göstərişi ilə Bakıya və ölkənin digər iri şəhərlərinə gedən bütün yollar bağlanmışdır. Hər halda, hakimiyyət bunun kifayət etməyəcəyi qənaətinə gəlmiş və tezliklə dəstək üçün İrana üz tutmuşdur. 1993–1994-cü illərdə İran hökuməti Azərbaycanın cənub rayonlarında 7 qaçqın düşərgəsi salmışdır. Buraya 100 min nəfərə yaxın qaçqın yerləşdirilmişdir. Bunlar Azərbaycanda ilk qaçqın düşərgələri idi. Çox keçməmiş öyrənilmişdir ki, İran hökuməti bu düşərgələrdən qaçqınlar arasında şiə ehkamını təbliğ etmək üçün onlardan istifadə edir. Sonrakı araşdırmalarda məlum olmuşdur ki, İran eyni vaxtda Azərbaycanda açıq şəkildə radikal və silahlı islamçı təşkilatlar yaratmağa başlamışdı. Onların arasında "Hizbullah" dini-siyasi strukturu sonradan daha fəallaşmış və populyarlaşmışdır. "Hizbullah"ın qurucuları Ayətullah Ruhullah Xomeyni tərəfindən yaradılmış "Vilayəti-Fəqih" anlayışına arxalanırdılar. Bu anlayışa görə, ümmətin qanuni rəhbəri hesab etdikləri İmam Mehdinin olmadığı halda rəhbərlik Quranı düzgün təfsir edəcək ilahiyyatçılara həvalə olunmalı idi.
1993-cü ildə "Vilayəti-Fəqih" konsepsiyasının iranlı təbliğatçıları Bakıda azərbaycanlı gəncləri öz sıralarına cəlb edərək "Hizbullah"ın Azərbaycan qolu olan "Vilayəti əl-Fəqih Hizbullah" adlı yerli təşkilat yaratmışdılar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, "Hizbullah"ın Azərbaycan qolu özlərini İran vətəndaşı kimi təqdim edən Məhəmməd və Nəsrullah adlı şəxslər tərəfindən təsis edilmişdir. 2000-ci ilə qədər təşkilatın rəhbəri Tariyel Ramazanov olmuşdur. Təşkilat bir neçə on nəfərdən ibarət idi. Bundan bir müddət sonra Azərbaycanın cənubunda, Lənkəran şəhərində "Hizbullah"ın daha kiçik başqa bir qolu yaradılmışdır.
Hökumət ilə münaqişələr Ziya Bünyadov qətlindən əvvəl Milli Ordunu, hökuməti, hətta prezident Heydər Əliyevi onlarla əlaqədar korrupsiya hallarını ifşa edəcək sənədləri yayımlamaqla hədələmişdir. O, 1995-ci ildən Milli Ordunu və Müdafiə Nazirliyini dəfələrlə korrupsiyada ittiham etmişdir. Bünyadov radio və televiziyada dəfələrlə Yeni Azərbaycan Partiyasının bəzi üzvlərini onları ifşa edəcək materiallar dərc etməklə hədələmişdir. Həyat yoldaşı Tahirə Bünyadovanın sözlərinə görə, ölümündən bir müddət əvvəl naməlum şəxslər sənəd axtarmaq üçün onların mənzilinə daxil olmuşdur.
Ziya Bünyadov mütəmadi olaraq televiziyada Heydər Əliyevlə Azərbaycanda özəlləşdirmə prosesi ilə mübahisə etmişdir. O, bu prosesi çox qəfil və ifrat hesab etmişdir. Ziya Bünyadovun qətlindən bir qədər əvvəl Milli Məclisin keçmiş spikeri Rəsul Quliyevin istefasından sonra bu posta Murtuz Ələsgərov gətirilmişdir. Bu ərəfədə Ziya Bünyadov demişdi ki, "Murtuz Ələsgərov parlament sədri olsa, kül mənim başıma".
Qətlə hazırlıq Azərbaycan məhkəməsinin hökmündə qeyd edilənlərdən məlum olur ki, Nizami Nağıyev, Mahir Zeynalov, Qalib Babayev və Cavanşir Aslanov Tariyel Ramazanovun göstərişi ilə Cəlilabad rayonu ərazisindən İrana qanunsuz keçmişdir. Onlar Tehran şəhəri yaxınlığında üç ay ərzində əlbəyaxa döyüş, küçə döyüşləri və şəhərətrafı sahədə döyüş, eləcə də gizli müşahidə üzrə təlimlərdən keçmişdilər.
200px|thumb|Cinayətkar dəstənin üzvlərindən olan Tariyel Ramazanov İçərişəhərdəki "Məhəmməd" məscidinin başçısı olmuşdur. Nizami Nağıyevin sözlərinə görə, o, Tariyel Ramazanov ilə hələ 1983-cü ildə Sovet Ordusunda xidmət edərkən tanış olmuşdur. Onlar tərxis olunduqdan sonra tez-tez bir-birləri ilə görüşürdülər. Ramazanovun atası Ramiz fizika-riyaziyyat elmləri namizədi idi və buna görə də Azərbaycan Elmlər Akademiyasının institutlarından birində işləmişdir. Nağıyev Ramazanovun səyləri nəticəsindən 1992-ci ildən namaz qılmağa və İçərişəhərdəki "Məhəmməd" məscidinə baş çəkməyə başlamışdır. Odur ki, məscid o vaxt Ramazanovun vəsaiti hesabına təmir edilmişdi və özü də məscidin başçısı olmuşdur. Nağıyevin sözlərinə görə, Tariyel Ramazanov məsciddə dindarlar arasında rəhbər sayılırdı, hamı onu dinləməyə və onun göstərişlərini yerinə yetirməyə çalışırdı. Burada Nağıyev Cavanşir Aslanovla qarşılaşmışdır. Ramazanov 1992-ci ilin yayında Nağıyevi İrana təlimlərə getməyə dəvət etmişdir.
Tariel Ramazanov İrandan qayıtdıqdan sonra Nizami Nağıyevə 32 min dollar vermişdir. Nağıyev bu pulla Bakı şəhərində, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 85/259 "a" ünvanındakı evi satın almışdır. O, daha sonra dəstənin digər üzvlərinə verilməli olan silahları saxlamaq üçün bu evin zirzəmisində quyu qazmışdır. Nağıyev 1996-cı ilin mart ayında Ramazanovun göstərişi ilə Cavanşir Aslanovla birlikdə bu evdə 2 ədəd avtomat, 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı tapança, 3 ədəd səsboğucu, 1 ədəd əl qumbarası, həmçinin müxtəlif çaplı patronlar yerləşdirmişdir. Həmin sursat Tariyel Ramazanov, Mahir Zeynalov, Qalib Babayev və Maarif Əliyev tərəfindən evin zirzəmisində qazılmış quyuda gizlədilmişdir.