Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Təsviri Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Erkəklərin boynu qaradır, lakin iki yerdə ağ "boyunluğu" var.

Yayılması Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Azərbaycan, növün ümumi populyasiyasının təxminən 69%-ni təşkil edən, qlobal əhəmiyyətli qışlayan populyasiyaya ev sahibliyi edir.

Həyat tərzi Yarımsəhra və bozqırlarda, bəzən taxıl sahələrində yaşayır. Gündüz fəal olur. Azərbaycanda qışlayan və ötüb keçən populyasiyaları var. Payız miqrasiyası sentyabrın sonu, oktyabrın əvvəllərində, yaz miqrasiyası isə martda olur. Həşəratla, bitki toxumları və cücərtilərlə qidalanır Sayı XX əsrin birinci yarısında Kür-Araz ovalığında bəzi sürülərində 20 minə qədər quş olub. Azərbaycanda bəzi illərdə 40–50 min bəzgək ovlanıb, 1990-cı illərə qədər bəzgəyin sayı kəskin azalmışdır. Yuvalayan populyasiyası məhv edilmişdir.

Azərbaycanda hər il qışlayan bəzgəklərin sayı həm ümumilikdə, həm də bölgələr üzrə dəyişir və bu, regional və yerli hava şəraitindən asılıdır. 1971-ci ildə Qızılağacda 62,300 quş qeydə alınsa da 1984/85 və 1985/86-cı illərdə heç bir quş tapmamışdır.

2005/06 qış monitorinqindən sonra Gauger (2007) Azərbaycan üzrə qışlayan bəzgəklərin minimum sayını 150,000, maksimum sayını isə 200,000 olaraq qiymətləndirmişdir. Ən son sorğuların məlumatlarına əsaslanaraq, Azərbaycan üzrə bəzgəklərin illik qışlayan populyasiyası təxminən 65 600 ilə 208 100 fərd arasında qiymətləndirilir.

Azalma səbəbləri 1990-cı illərə qədər bozqır və yarımsəhra sahələrinin əksər hissəsinin pambıq, üzüm və meyvə-tərəvəz əkini altına alınması, dağətəyi və düzən rayonlarda çoxlu mal-qara otarılması, taxıl əkini sahələrinin azaldılması və qanunsuz ovçuluq halları bəzgəyin sayını azaldır. Son bir neçə ildə bəzgəklər Azərbaycanda yeni və önəmli bir problemlə də üzləşmişdirː Körfəz ölkələrinin laçınçıların tərəfindən ovlanmaq riski

Qorunması üçün qəbul edilmiş tədbirlər: Ovlanması qadağandır. Qızılağac, Türyançay, Samux və Körçay Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkları bəzgəyin qışlaması üçün yararlıdır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CİTES və Bern konvensiyalarına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər: Yuvalayan populyasiyasını bərpa etmək üçün süni şəraitdə çoxaldılıb növ üçün səciyyəvi olan biotoplara buraxmaq, Kür-Araz və Lənkəran ovalıqlarında taxıl bitkiləri əkininin genişləndirilməsi, Ceyrançöl, Acınohur və Sarıca düzlərində yasaqlıq yaradılması vacibdir.

Şəkillər

Mənbə

AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 162 səh, Bəzgək.

Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Qırmızı kitaba düşmüş heyvanlar Kateqoriya:Türkiyə quşları Kateqoriya:Nəsli kəsilmək təhlükəsi altında olan heyvanlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları