“Qisasçılar: Sonsuzluq savaşı” və “Qisasçılar:Final” filmləri “Marvel Studios”un prodüserliyi və “Walt Disney Studios Motion Pictures”- in distribütorluğu ilə istehsal edilmiş, Marvel Comics superqəhrəman heyəti “Qisasçılar”ın fəaliyyətindən bəhs edən ABŞ supərqəhrəman filmidir. Filmlər “Qisasçılar” (2012) və “Qisasçılar: Altron dövrü” (2015) filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatının on doqquzuncu və iyirmi ikinci filmləri kimi nəzərdə tutulmuşdur. Kristofer Markus və Stefan MakFilinin yazdığı ssenarilər əsasında Entoni və Co Russo qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmış filmlərdə MKK aktyor heyətinin əksər üzvləri iştirak etmişlər.
Layihənin inkişaf etdirilməsinə “Marvel Studios”un erkən filmlərində Sonsuzluq daşları və Sonsuzluq əlcəyinin təqdim edilməsindən sonra başlanmışdır. Filmin aktyor seçiminə 2013-cü ildə Robert Dauninin Toni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalaması ilə başlanılır. Bir il sonra müqavilədə bəhs edilən filmilərin “Qisasçılar: Sonsuzluq savaşı I və II hissə” olması elan edilmişdir. Russo qardaşları, həmçinin Markus və MakFili isə 2015-ci ilin əvvəllərində layihəyə qoşulmuşlar. 2016-cı ilin iyulunda Marvel elan etdi ki, I və II hissə adları ləğv edilərək, hər bir hissə müstəqil adla adlandırılacaq; birinci hissənin adı “Qisasçılar: Sonsuzluq savaşı” elan edilmiş, II hissənin adı isə sirr olaraq saxlanmışdır.
Hər iki film ard-arda, Corciya ştatının Fayett dairəsindəki “Pinewood Atlanta Studios”-da çəkilmişdir. “Sonsuzluq savaşı”nın istehsalına 23 yanvarda başlanılmış və 14 iyul 2017-ci ildə tamamlanmışdır; əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta Mərkəzi və Nyu-Yorkda aparılmışdır. "Qisasçılar: Final" filminin çəkilişlərinə isə 10 avqustda başlanılmış və 11 yanvar 2018-ci ildə çəkilişlər tamamlanmışdır; əlavə çəkilişlər Mərkəz və Metropolitan Atlanta ərazisində aparılmışdı. Dilogiya “Arri” şirkəti tərəfindən istifadə edilmiş 2D dijital kamera vasitəsiylə tamamilə IMAX formatda çəkilmiş ilk filmlərdir. Filmlərdə xüsusi effektlər “Industrial Light & Magic”, “Framestore”, “Method Studios”, “Weta Digital”, “Double Negative”, “Cinesite”, “Digital Domain”, “Rise”, “Lola VFX” və “Perception” studiyaları tərəfindən işlənmişdir.
Ərəfə
Erkən filmlərindən başlayaraq “Marvel Studios” “Sonsuzluq əlcəyi” komiks xəttini uyğunlaşdıraraq güclü “Sonsuzluq daşları”nı MakQaffinlər kimi təqdim edir: Kosmos daşı Tesserakt formasında “Kapitan Amerika: İlk qisasçı” filmində; Zəka daşı Lokinin skepeterində “Qisasçılar” filmində; Reallıq daşı Efir kimi “Tor: Qaranlıq dünya” filmində; Güc daşı Sfera kimi “Qalaktika keşikçiləri” filmində; Zaman daşı isə “Aqamottonun gözü” kimi “Doktor Strenc” filmində təqdim edilmişdir. “Qisasçılar: Altron dövrü” filmində isə ilk dəfə “Sonsuzluq əlcəyi” təqdim edilmiş və Tanosun onu daşlarla doldurmaq istəməsi göstərilmişdir. Bundan əlavə əlcək əvvəlcə “Tor” filmində görünsə də, “Tor: Raqnarök” filmində onun saxta əlcək olması müəyyən olur. Birinci Qisasçılar filminin sonunda Tanosun ilk dəfə qısa müddətə görünməsindən sonra, əksər fanatlar onun ikinci Qisasçılar filminin antaqonisti olacağını düşüncələr də, hər iki filmin rejissoru olmuş Coss Uidon bildirir ki, “Tanos çox güclüdür. O, sadəcə sıradan biri deyil. Komikslərdəki kimi o, kainat üçün təhlükə olacaq və böyük final böyük finalda baş verəcək.”
Marvel Kinematoqrafiya Kainatına daxil olan bütün qeyri-Qisasçılar filmləri bu süjet xətti əsasında qurulmaqla böyük finala gedən yol açmalarına baxmayaraq, prodüser və “Marvel Studios”un prezidenti Kevin Fayqi üçüncü fazadakı “Qara Pantera” və “Tor: Raqnarök” filmlərini xüsusilə vurğulayaraq üçüncü Qisasçılar filmi üçün “çox vacib” adlandırmışdır. Sikvellər 2008-ci ildə “Dəmir adam” filminin çıxarılmasından sonra “MKK-da baş vermiş bütün hadisələrin kulminasiyası”, “bildiyimiz formada kino kainatının tamamlanması və yeni formada başlanması” adlandırılmışdır.
2013-cü ilin iyununda aktyor Robert Dauni üçüncü Qisasçılar filmində Toni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalamış, daha sonra Coş Brolin bir neçə filmdə Tanosu canlandırmaq üçün multi-film müqaviləsi imzalamışdır. 2014-cü ilin iyununda Fayqi qeyd edir ki, üçüncü Qisasçılar filmində hadisələrin necə inkişaf etddirilməsi və MKK aktyorlarının müqavilə ilə bir yerə yığılması yaqqında “bəzi fikirləri”i vardır. O, həm də deyir ki, studiya 2015-ci ildə çıxarılacaq “Altron dövrü” və sikvel arasında üç illik dövrün olmasını nəzərdə tutub. 2014-cü ilin sentyabrında Ceremi Rennerin Klint Barton / Şahingöz rolunu üçüncü Qisasçılar filmində canlandırmaq üçün müqavilə imzalaması elan edilir. 240px|thumb|left|2014 San-Diyeqo Komik-Kon festivalında Coş Brolin "Sonsuzluq əlcəyi" ilə. 2014-cü ilin oktyabrında Marvel “Altron dövrü”nün iki hissəli sikvelinin “Qisasçılar: Sonsuzluq savaşı. I hissə” adı ilə 4 may 2018-ci ildə və “Qisasçılar: Sonsuzluq savaşı. II hissə” adı ilə 3 may 2019-cu ildə çıxarılacağını elan edir. Bu elandan sonra Fayqi filmin böyüklüyündən bəhs edərkən “Marvel Television”un Netflix “Müdafiəçilər” seriyallarının personajlarının da filmə gətirilməsindən bəhs edərək deyir: “Sonsuzluq savaşı böyük olacaq. Burada digər filmlərdən çoxlu insanlar rol alacaq. Onların bir çoxu kosmosdandırlar. Lakin rol alan personajlar hamısı bir davamlılığa malikdir. Ona görə də, əlbəttə ki, onların filmə gətirilməsi imkanı vardır.” Bundan başqa Fayqi Mark Ruffalonun öz roluna qayıdaraq Brüs Benner / Halk rolunu canlandıracağını, Dauni və Brolinin isə həm üçüncü, həm də dördüncü qisasçılar filmlərində rol alacağını elan edir. Noyabrda “Qisasçılar: Sonsuzluq savaşı. I hissə” və “Qisasçılar: Sonsuzluq savaşı. II hissə” filmlərinin çəkilişlərinin 2015-ci ilin sonlarında başlayacağı və Tom Hidlstonun hər iki filmdə Loki roluna qayıdacağı məlum olur.
2015-ci ilin yanvarında Uidon deyir ki, “Sonsuzluq savaşı” filmlərinin çəkilişində iştirakına şabhə ilə yanaşır. Apreldə isə, daha əvvəl son iki Kapitan Amerika filminin çəkilişlərini həyata keçirmiş Russo qardaşları Sonsuzluq savaşı filmlərini də ekranlaşdırmaq haqqında müqavilə imzalayır, çəkilişlərin isə 2016-cı ildə başlanacağı dəqiqləşir. Uidon nəyə görə rejissor kürsüsünə qayıtmamasını izah edərkən deyir ki, “Ekranlaşdırdığım filmlərin hər birində heyət üzvlərinin sayı tədricən artırdı...Lakin mən, Sonsuzluq savaşına, ona lazım olacaq həcmi verə bilməyəcəm.” Fayqi isə deyir ki, “Filmlər arasında çoxsaylı uyğun elementlər olduğuna görə, onların bu şəkildə iki hissəyə bölünməsi qərara alınmışdır. Lakin, mən onları iki hissəyə bölünmüş bir hekayə adlandırmazdım. Mən deyərdim ki, onlar iki fərqli film olacaqlar.” Entoni Russo da iki Sonsuzluq savaşı filminin bir-birindən çox fərqləndiklərini qeyd edir: “Onlar eyni ssenarinin birinci və ikinci hissəsi deyil. Sadəcə, iki fərqli ssenaridir. Məncə bizim onları ard-arda çəkməyimiz yanlış təsəvvür yaradır.” “Altron dövrü”nün təbliğat kompaniyası zamanı Tor rolunu canlandırmış aktyor Kris Hemsvort bildirir ki, özünün və Stiv Rocers / Kapitan Amerika rolunu canlandıran Kris Evansın müqaviləsi hər iki Sonsuzluq savaşı filmlərinə kimi uzanır. Nataşa Romanova / Qara dul rolunu oynayan aktrisa Skarlett Yohansson isə deyir ki, “danışmaq üçün hələ tez olsa da, heç olmasa filmlərdən birində rol alacağıma ümid edirəm.” Aprelin sonlarında Evans bildirir ki, çəkilişlərin 2016-cı ilin sonlarında başlaması, doqquz ay davam etdikdən sonra 2017-ci ilin avqust-sentyabr aylarında tamamlanması nəzərdə tutulmuşdur.
2015-ci ilin mayında daha əvvəl Kapitan Amerika filmlərinin ssenariləri üzərində çalışmış Kristofer Markus və Stefan MakFili hər iki Sonsuzluq savaşı filminin ssenarisini işləmək üçün müqavilə imzalayır. Cütlük “Kapitan Amerika: Vətəndaş müharibəsi”nin çəkilişləri zamanı işləməyə başlamışdı: “Çəkiliş arasında bizim altı saata yaxın vaxtımız var idi. Biz ofisə gedib komiksi oxuduq, əlaqəli ideyalarımızı yazdıq və masa üzərinə qoyduq 'bunlar əlimizdə olan bütün personajlardır' deyə düşündük.” Markus əlavə edir ki, “Biz onlara 60 səhifəyə yaxın bir-biri ilə əlaqəsi olmayan materiallar göndərdik" və “Bu dəlisov filmdə bu şeylərin bəzisi baş verə bilər dedik. Sonra biz Atlantaya gəldik və artıq göndərdiyimiz yazılar əldən-ələ gəzir, insanlar bunun möhtəşəm olduğunu deyirdilər.” Həmin ay Vilyam Hört "Şimşək zərbəsi” Ross rolu ilə Sonsuzluq savaşı filminə qayıtmaq istədiyini bildirir. Sentyabrda Fayqi deyir ki, Qisasçıların “Altron dövrü”ndəki gözəgörünmələri gerçəkləşəcək, “bunlar kiçik gözəgörünmələridimi? Bunlar fikirləşdiyiniz ən pis hadisələrdirmi? Bu gələcəyin görünməsidirmi? Yoxsa bu sizi gecələr yuxudan oyanmağa məcbur edən qarabasmalarınızdır? Məncə bütün bu suallara cavab tapmaq üçün biz Sonsuzluq savaşını gözləməliyik və yalnız o zaman sualların nə qədər hərfi olduğunu başa düşərik.” Dekabrda Entoni Russo bildirir ki, teleserial nəql üslubuna görə, MKK teleseriallarındakı personajların Sonsuzluq savaşına uyğunlaşdırılması “çətindir”, həmçinin “həm seriallar, həm də filmlər MKK daxil olsalar da, Fayqi yalnız filmləri idarə edir, teleseriallar isə Marvel Television tərəfindən idarə olunur.” Co Russo sonradan deyir ki, televiziya personajlarının istifadəsi “demək olar ki, mümkünsüzdür”, “bizim işimiz Marvel film dünyasına fokuslanmaq və onu ətraflı əhatə etməkdir.”
Pre-prodakşn
2016-cı ilin yanvarında Russo qardaşları qeyd edirlər ki, onlar “iki film arasınqa qal”salar da, çəkilişlər 2016-cı ilin noyabrında Corciya ştatının Atlanta şəhərində başlayaraq 2017-ci ilin iyununa kimi davam edəcəyini, Markus və Makfilinin isə birinci filmin ssenarisi üzərində işə başladıqlarını xəbər verirlər. 2016-cı ilin martında Russo qardaşları izah edirlər ki, onlar adətən fiziki ev media buraxılışı üçün nəzərdə tutulmuş əlavə media materiallarının izləyicilərə çatdırılması üçün yeni yollar axtarırlar. Blu-ray və DVD satışının azalmasını nəzərdə tutan Entoni qeyd edir ki, “Biz hələ bu prosesin lap başlanğıcındayıq. Bəli, DVD artıq səhnədən gedir, lakin, bizim YouTube kimi gözəl platformamız vardır.” Onun gətirdiyi nümunələrdən biri “xüsusi olaraq onlayn yayım üçün hazırlanmış daha mürəkkəb və filmdə yer almayan səhnələrlə zəngin tereylerlərin hazırlanmasıdır. Belə treylerlər qısa metrajlı film xarakteri daşıyır.” Co isə əlavə edir ki, onlar, “Facebook, Twitter və Instagrama da köməkçi materialların izəyicilərə ötürülməsi üçün əlavə variantı kimi baxırlar.” Növbəti ay Markus onlar ssenarinin “yarıya kimi” yazıldığını bildirirlər, ilk iki Dəmir adam filminin rejissorluğundan sonra iki Qisasçılar filminin icraçı prodüseri olmuş Con Favro isə yenidən bu vəzifədə qayıdacağını elan edir.