Qumral Hüseyn qızı Sadıqzadə () — Azərbaycan yazıçısı və tərcüməçisi. Şair Ümmügülsüm və yazıçı Seyid Hüseynin qızıdır.
Həyatı 1929-cu il dekabrın 6-da Bakıda, İçərişəhərdə əslən Novxanıdan olan ziyalı ailəsində anadan olub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib.
Yaradıcılığı Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqidçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs edən iki hissədən ibarət "Son mənzili Xəzər oldu" adlı tarixi-sənədli romandır.
Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım" romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir.
2000–2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın", "Uzunçu", "Deyingən", "Təranə" və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir. Onun sonuncu "İnəkli Peçenye" adlı hekayəsi 6 noyabr 2009-cu il tarixli "Ədəbiyyat" qəzetində çap olunub. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kitabları Son mənzili Xəzər oldu… Bakı: Gənclik, 1991. Son mənzili Xəzər oldu… II hissə. Bakı: Boz oğuz, 1998. Mənim nakam qardaşım. Bakı: Çaşıoğlu, 2002. Analar tək qalmasın. Bakı: Şirvannəşr, 2009.
Ailəsi Qumral həyatını məşhur ziyalı Əlipaşa Səbur Hüseynzadənin oğlu, alim və yazıçı Aydın Hüseynzadə ilə bağlayıb. Uşaqları Gülər Hüseynzadə və Tokay Hüseynzadə.
Mükafatları Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Sadıqzadələr Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:İçərişəhərdə_doğulanlar