Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması.

Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı.

Mart soyqırımının milli mətbuata təsiri thumb|250px|Kaspi qəzetinin Nikolayevski küçəsində yerləşən binası Mart hadisələrində baş vermiş yanğından sonra. Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır. Azərbaycan tarixşünaslığında erməni-bolşevik birləşmələrinin 1918-ci ilin 31 martında xalqımıza qarşı törətdiyi faciələr arxiv materialları, Qərb alimlərinin bu mövzuda yazdıqları kitab və elmi tədqiqat əsərləri ilə tədqiq olunub və bu gün də araşdırmalar davam etməkdədir. 31 mart soyqırımının tədqiqində əvəzsiz mənbə kimi 1918-1920-ci illərdə nəşr olunan Cümhuriyyət dövrü mətbuatının materialları, çap olunan siyasi yazılar, şahid ifadələri bu faciənin tədqiqinin əhatəli aparılmasında əsas mənbəələrdir. Çox təəssüf ki, 31 mart soyqırımının araşdırılmasında çox məhdud sayda Cümhuriyyət dövrü mətbuat nümunələrinə istinadlar var. Nə fayda ki, 1918-ci ildə nəşr olunan “Azərbaycan” qəzetindən başqa digər mətbu orqanlardakı yazılara, siyasi münasibətlərə geniş yer verilmir. Bu da həqiqətdir kı, 1918-ci il mart soyqırımından sonra Azərbaycanda anadilli mətbuat orqanları da “soyqırıma” məruz qaldılar. “Kaspi” və “Açıq söz” qəzetləri redaksiyaları, Orucov qardaşlarının elektrik mətbəəsi yandırıldı, hətta bu mətbu orqanların sırasına bir neçə “neytral” rusdilli qəzet və jurnallar da daxil edilərək qapadıldı. Ancaq həmin vaxt Tiflisdə nəşr olunan anadilli mətbu orqanlarımızı diqqətdən kənarda saxlamamalı, onların tədqiqata cəlb olunmasını həyata keçirməliyik. Çünki Azərbaycan tarixinin olduqca ziddiyyətli və həmçinin qürurla öyündüyümüz 1918- 1920-ci illər mətbuatı bu dövrün tədqiqi üçün əvəzsiz mənbəələrdir. Daşnaksütyun Partiyası tərəfindən 1917-ci ildə planlaşdırılan, bolşeviklərlə birgə həyata keçirilən 31 mart qırğını Azərbaycan xalqının millimənəvi dəyərlərinə, tarixi yaddaşına, ziyalılarına qarşı mənəvi soyqırım idi. Azərbaycan xalqının mədəniyyətinə vurulan bu ağır yaraları o dövrün qələm sahibləri “mədəni zərbə” adlandırırdılar. 1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq anadilli mətbu orqan fəaliyyət göstərməyinə baxmayaraq, qətliamdan sonra yalnız “Hümmət” və “Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu. “Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı” və başqa ana dilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ, martın 17-si və 18-nə təsadüf edir. Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat bürosunun qərarı ilə “mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər belə bağlanıldı. “Kaspi”, “Bakı”, “Bakinets”, “Vesti Baku” menşeviklərin “Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu. Tiflisdə nəşr olunan anadilli mətbuat orqanlarını çıxmaq şərtilə Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-i, Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı. V.İ.Lenin tərəfidən Qafqaza fövqəladə komissar kimi göndərilən Şaumyanın rəhbərliyi ilə hələ 1918-ci ilin yanvar ayından başlayaraq Azərbaycan xalqına qarşı terror və qətliamlar planlaşdırıldığını anlayan milli mətbuat orqanları bu barədə xalqı məlumatlandırır, onlara özünü müdafiə hissi aşlayırdılar. “Açıq söz”, “İttihad”, “İstiqlal” kimi qəzetlərdə “Birlik tələb olunur”, “Birləşəlim”, “İttifaq edəlim”, “İttihad gərək” çağırışları qəzetin əsas sütunlarında dərc olunurdu. S.İbrahim “Açıq söz” qəzetində bolşeviklərin və Daşnaksütyun Partiyasının, Erməni Milli Şurasının silahlı hərbi birləşmələrinin xalqımıza qarşı planlaşdırdığı faciəvi hadisələri “Milli fəlakət” kimi dəyərləndirərək xalqı xəbərdar edirdi: “Müsəlman partiyaları da xalqı milli fəlakətdən xilas etmək xatirinə birləşməyə borcludurlar... Dəhşətli saət gəliyor, birləşəlim!” S.İbrahim bu xəbərdarlığı qətliamdan 3 gün əvvəl etmişdi. “Hümmət” partiyasının sədri, doktor Nəriman Nərimanov xalqımızı bolşevik-daşnak birləşmələrinin qırğınından qorumaq üçün martın 18-də saat 12 radələrində öz evində toplantı keçirdi. Bakıda ictimai-siyasi, sosial-psixoloji durumun partlayış həddinə çatdığını görüb, S.Şaumyanı qırğın planından çəkindirmək üçün onu Bakı ağsaqqalları, “Hümmət” Partiyasının üzvləri və Müsəlman Milli Şurası nümayəndələri ilə görüşdürdü. Doktor üzünü S.Şaumyana tutub dedi:

“Yoldaş! Siz də, mən də müsəlmanların halını bilirik. Hərgah bir iğtişaş başlansa, ayaq altında qalan fəqir-fuqəra olacaqdır. Ona görə Sizdən təvəqqe edirəm, sizə yalvarıram, bu işi sülh yolu ilə qutarınız.”

“Dikaya diviziya” əsgərlərinin silahlarının qaytarılması əvəzində müsəlmanlara qarşı hərbi əməliyyatlara hazırlaşanlar martın 18-də (təzə təqvimlə martın 31-də) axşam qanlı olayların icrasına başladılar: “Saat 5-də müsavatçılar İcraiyyə komitəsində silahların qaytarılmasını gözləyirdilər. Bu halda xəbər yetişir ki, Şamaxı caddəsində müsəlmanlara hücum edib onları öldürürlər”. Qırğınları icra edən isə Stopka Lalayevin erməni dəstəsi idi. Həmin gün axşam saat 7-də bir neçə azərbaycanlı qətlə yetirildi və sonra qətliamlar şəhərin müsəlmanlar yaşayan hissəsinə keçirildi, əhali Mars teatrının damında yerləşdirilən pulemyotlardan atəşə tutuldu. Artıq saat 10-da məlum oldu ki, mərkəzi küçələr işğal edilib, şəhərin aşağı hissəsi ilə əlaqə kəsilib. 3 gün ərzində Bakı qan gölünə çevrildi. Uşaq, qoca, qadın bilmədən qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri bəzən insanları diri-diri alovlanan evlərin içinə atırdılar. Küçələr, evlər parçalanmış qadın, qoca, uşaq cəsədləri ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatları talan edilirdi. Bakı əhalisinin 3 gün aramsız qətlini gözləri ilə görüb bu barədə kitab yazan Seyidağa Axundzadə qeyd edir ki, şəhəri bürüyən tüstüdən qırğının miqyasını təyin etmək olardı: “Daşnak firqəsi əllərinə düşən müsəlman övrət və uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yarasınayan böylə qəbahətlərin icrasına qədər varmışlar”. Bu qanlı olayları öz səhifələrinə köçürən milli mətbuat orqanlarımız soyqırımın təfərrüatına vararaq yazır:

“Bütün vəhşət və zalımlıqları sayıbqurtarmaq olmaz. Bunu bilirəm ki, bolşeviklərin öz hesabına görə, 8 min müsəlman qırılmışdı. Bu yalandır. Çünki onlar ətrafda, kəndlərdə qırılanları hesaba daxil etmirlər.”

Nəinki Bakının mərkəzində, keçidlərdə yaşayan əhali də kütləvi qırğınla üzləşdi. Nəvai kəndinin tamamən yerlə-yeksan olduğu, əhalisinin məhv edildiyi barəsində də mətbuatda məlumat dərc edilib.

“Qardaş qayğısı” -31 mart soyqırımına həsr olunan qəzet