Fallout 76 () — "Bethesda Game Studios" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan onlayn çoxnəfərli döyüş rol videooyunu. Fallout oyun seriyasındakı 5-ci spin-off epizod (bütövlükdə 9) və 1-ci prikveldir."Fallout 4"-ün süjetinin açılış hissəsi "Fallout 76"-dan iyirmi beş il əvvəl cərəyan edir. Halbuki, süjetin qalan hissəsi müharibədən düz 200 il sonra cərəyan edir. Oyun 14 noyabr 2018-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır. Oyun ABŞ-nin Qərbi Virciniya ştatında cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 4"-dən 185 il əvvəl, "Böyük müharibə"dən () isə 25 il sonra, yəni 2102-ci ildə baş verir.
Böyük müharibə zamanı ABŞ-nin Appalaç dağları və ətrafında yerləşən əraziləri (ümumi olaraq, Appalaç) ÇXR üçün əhəmiyyətli bir hədəf hesab edilmirdi. Buna görə də, Qərbi Virciniyanın da içərisində olduğu bu regiona atom bombası atılmır. Buna baxmayaraq, ətraf regionlara atılan atom bombaları Appalaçı radioaktiv maddələrlə zəhərləmək üçün kifayət idi. Volt-Tek (, hərfi tər. Sığınacaq texnologiyası) korporasiyası müharibədən əvvəl xalqı radioaktiv-yağıntıdan qorumaq üçün yeraltı sığınacaq sistemi qurmaqla vəzifələndirilmiş bir dövlət qurumu idi. Sığınacaqlara yalnız əvvəlcədən seçilmiş şəxslər alınırdı. Oyunçu personaj 2102-ci ildə "Sığınacaq 77"-ni "Amerika torpaqlarında yenidən yaşayış qurmaq" üçün tərk edir.
"Bethesda" oyunu özünün istehsal etdiyi "Creation Engine" mühərrikinin modifikasiya edilmiş versiyasından istifadə edərək yaratmışdır. Bu, studiyaya geympleyə çoxnəfərli rejim amilləri əlavə etməyə və daha təfsilatlı bir oyun dünyası yaratmağa imkan vermişdir. "Fallout 76" tənqidçilər tərəfindən qarışıq rəylər almışdır. Müsbət tənqidçilər oyunun kraftinq sistemini və saundtrekini tərifləmiş, mənfi rəy verən tənqidçilərsə oyunun texniki problemlərini, ümumi dizaynını, geympleyin mənasızlığını və oyunda insan QOP-larının olmamasını tənqid etmişdir. Oyun satışa çıxarıldıqdan sonra oyunun xüsusi buraxılışına daxil edilən şeylərin saxta şəkildə reklam edilməsi və "Bethesda"nın vəziyyət təshih etmək cəhdləri qalmaqal yaratmışdır.
Geympley "Fallout 76" açıq dünyalı, onlayn çoxnəfərli döyüş rol videooyunudur. "Fallout 76" "Bethesda Game Studios" studiyasının yaratdığı ilk onlayn çoxnəfərli oyundur.2006-cı ildə "Interplay Entertainment" və "Masthead Studios" şirkətləri "Fallout Online" adlı bir oyunu hazırlamağa başladılar. Bu oyun "Fallout" kainatında cərəyan edən bir kütləvi çoxnəfərli onlayn oyun olacaqdı. Oyun "Interplay Entertainment" və "Bethesda Softworks" arasında baş verən bir hüquqi mübahisə nəticəsində ləğv edilmişdir. Buna əlavə olaraq, "Bethesda Softworks" məhkəmə xaricində həll yolu ilə oyuna olan hüquqları satın almışdır. Buna baxmayaraq, oyunun kiçik həcmli birnəfərli hissələri də var. "Fallout 76"-nın geympleyi "Fallout" oyunlarının geympleyinə çox bənzəyir. Oyunda birinci və üçüncü şəxs perspektivlərinə dəyişə bilən bir kamera sistemi mövcuddur. Oyunun ilkin buraxılışında robotlardan başqa qeyri-oyunçu personaj yox idi. Buna baxmayaraq, 2019-cu iyun ayında "Bethesda Game Studios" oyunun ilk əsas yeniləməsini açıqlamış, oyuna qeyri-oyunçu personajlar daxil etmişdir. Oyunçu dünyanı sərbəst gəzə və söhbətlərdən istədiyi vaxt çıxa bilər. Oyunçu bir yeri kəşf etdikdən sonra müəyyən qədər butulka qapağı ödəyərək oraya sürətli-səyahət edə bilərlər.
Oyunçu personajların səs aktyorları yoxdur və dialoq seçimləri çox məhdudidir. Oyunun hər bir serverində maksimum 24 oyunçu olur. Oyunun bütün serverləri ayrılmışdır və oyunçular onların birinə avtomatik olaraq təyin edilir, ancaq oyunçular öz dostlarını oynadıqları serverə dəvət edə bilərlər. Oyunçular həmçinin dörd nəfərlik oyunçu qrupları da qura bilərlə. Oyunun yalnız ictimai serverlərlə buraxılacağı gözlənilsə də, "Bethesda Game Studios" studiyasının rejissoru Todd Hovard özəl serverlərin yaradılması xüsusiyyətinin buraxılışdan bir müddət sonra, ictimai serverlərin sabitliyi tamamilə təmin olduqda aktivləşəcəyini açıqlamışdır.
"Fallout 76"-nın çoxnəfərli rejim funksiyalarına oyunçu oyunçuya qarşı ( OOQ və ya PvP, ) döyüş vəziyyəti də daxildir. Bu, 5 səviyyədən yüksək hər bir oyunçu üçün aktivdir. Buna baxmayaraq, oyunçular seçimlər menyusunda pasifist bayrağını aktivləşdirərək OOQ vəziyyətini qeyri-aktivləşdirə bilərlər. Oyunçular hər hansı bir oyunçu personajı məğlub edərək butulka qapaqları qazana bilərlər, ancaq əldə edilən butulka qapaqlarının miqdarı məğlub edilən oyunçu personajın səviyyəsindən asılıdır. Oyunçu personaj digər oyunçu personajlara minimal zərər yetirərək onları təkbətək döyüşə çağıra bilərlər. Əgər zərər alan oyunçu cavab zərbəsi yetirsə bu zaman təkbətək döyüş başlayır. Bu vəziyyətdə aşağı və yuxarı səviyyəli oyunçuların zərbə gücü və sağlamlıq sayğacı bir qədər bərabərləşir. Cavab zərbəsi yetirməyən oyunçu personajları qətlə yetirən oyunçular xəritədə "qatil" () olaraq nişanlanırlar və onları öldürən oyunçulara daha böyük miqdarda butulka qapağı verilir.
Oyunda oyunçuların bir-birlərinə atmaları və ya resursları aşkar etmək üçün nüvə raketləri də mövcuddur. Nüvə raketlərinin partladığı yerlərə daxil olub resursları əldə etmək üçün oyunçulara güclü anti-radiasiya qurğuları lazımdır. Oyunçular həlak olan digər oyunçuları stimpaklarla () sağalta bilərlər. Oyun zamanı ölən və ya öldürülən oyunçular daşıdıqları əşyaları itirirlər. Yenidən peyda olduqdan sonra onlara həmin əşyaları geri götürmək üçün tapşırıq verilir.
Oyun "Fallout 4"ün dünyasından dörd qat daha böyük bir dünyaya malikdir. Oyunun əsas süjetinin cərəyan etdiyi Qərbi Virciniya burada "Appalaç" () adlanır. Appalaç əsasən şəhərətrafı coğrafiyaya malikdir. Buna görə də, "Böyük müharibə" () zamanı çox az zərər görmüşdür. Buna baxmayaraq, regionda radiasiyalı mutantlaşmış məxluqlar yaşayır. Oyunda Qərbi Virciniya Ştat Kapitolu, Qrinbriye, Uidbern dairəsi Nyu-River-Qorc körpüsü və Kamden Park kimi gerçəkdə olan yerlər var. Buna əlavə olaraq, oyunda Qərbi Virciniya folklorundakı Fletvud və Kəpənək-adam kimi mutasiyaya məruz qalmış bədheybətlər mövcuddur. Appalaç 6 regiondan ibarətdir. Onlar – "Şlak uçurumu" (), "Bataqlıq mərcanı" (), "Meşə" (), "Bataqlıq" (), "Vəhşi sərhəd" (), "Zəhərli vadi" ().
Oyunun kraftinq sistemi daha da çox təkmilləşdirilmişdir. Oyunçular dülgər stolunda () qida, zireh və silahlar kimi fərqli-fərqli şeylər hazırlaya bilərlər. "Fallout: New Vegas"da olduğu kimi "Fallout 76"-da da sursat hazırlamaq olur. Modifikasiyalar silahlar və zirehlərə uzun nişangah və süngü kimi əvvəlcədən müəyyən edilmiş komponentləri yerləşdirməklə edilir. Oyunçular hansısa bir silahı dəmir qırıntısına çevirərək silah üçün yeni modifikasiyalar kəşf edə bilərlər. Həm kraftinq, həm modifikasiyanın təməli xam komponentlər yığmaqdır. Oyunçular bu materialları əldə etmək üçün obyektləri dəmir qırıntısına çevirə bilərlər. "Dülgər stolu rejimi"ndə () olan zaman bu cür obyektlər sarı və yaşıl rənglə verilir. Yaşıl yeri dəyişilə bilən, sarı isə yeri dəyişilə bilməyən obyektləri təmsil edir.
İlk dəfə "Fallout 4"-də təqdim edilmiş bazatikmə funksiyası da geri dönən funksiyalardan biridir, ancaq bu funksiya çoxlu dəyişikliklərə məruz qalmışdır. İlkin olaraq, yaşayış məntəqələri Konstruksiya və Assambleya Mobil Platforması (abr. K.A.M.P. və ya C.A.M.P., ) ilə qurulur. K.A.M.P.-ı istənilən düz ərazidə quraşdırmaq olar, ancaq bu proses müəyyən miqdarda butulka qapağı tələb edir. Oyunçular hansısa bir serverdə qurduğu yaşayış məntəqəsini daha sonra başqa bir serverdə yenidən quraşdırmaq üçün K.A.M.P.-da saxlaya bilər. Saxlanılan yaşayış məntəqələri həmin serverdə istənilən zaman K.A.M.P. vasitəsilə başqa bir yerə köçürmək olar. Əvvəlki iterasiyada olduğu kimi yaşayış məntəqəsi sistemi üç əsas ehtiyat ətrafında qurulub. Onlar — elektrik, su və qida. Oyunçular öz yaşayış məntəqələrini "Bədheybət basqını" () adlı hücumlardan qorumaq üçün tarretlər və tələlər kimi müdafiə qurğuları qura bilərlər. Çoxnəfərli rejimdə yaşayış məntəqəsinin tikinti və inkişafında bir neçə oyunçu iştirak edə bilər.
Oyunçu personajın biləyinə bağlanan Pip-Boy şəxsi bir hesablayıcı qurğudur. Pip-Boy vasitəsilə oyunçular oyun menyusuna daxil ola bilərlər. Oyun-içi menyuda statistikalar, xəritələr, məlumatlar və s. mövcuddur. "Fallout 76"-da ilk dəfə "Fallout 3"-də təqdim olunan və istifadə etdikdə oyunçunun hansısa bir düşmənin müəyyən hissələrinə atəş açması üçün vaxtı yavaşladan Volt-Tek Yardımlı Hədəfləmə Sistemi ( V.Y.H.S. və ya ) də var. Keçmiş iterasiyalarda V.Y.H.S-dən istifadə edən zaman gerçək-zamanlı oyun yavaşlayırdı. Bununla oyunçular düşmənlərini məğlub etmək üçün bu sistemdən fikirləşərək istifadə edirdilər. "Fallout 76"-da funksiyanın bu xüsusiyyət yığışdırılmışdır.
Oyunçular "S.P.E.C.I.A.L." (, "Güc, Qavrama, Dözümlülük, Xarizma, Kəşfiyyat, Cəldlik və Uğur" sözləri üçün bir abreviatur) personaj irəliləyiş sistemində hər atribut üçün bir xal ilə başlayırlar. Sistem 7 statistikanı (və ya atribut) — "Güc, Qavrama, Dözümlülük, Xarizma, Kəşfiyyat, Cəldlik və Uğur"u təmsil edir. Oyunçular yeni səviyyə əldə etmək üçün kifayət qədər təcrübə xalları yığanda hər hansı bir atributa vermək üçün yeni xal əldə edirlər. Bu proses 50-ci səviyyəyə qədər davam edir. Bu səviyyədən sonra oyunçular yeni səviyyə əldə edə bilərlər, lakin onlara yeni xallar verilmir. Hər bir atributa maksimum 15 xal vermək olar. Əvvəlki iterasiyada olduğu kimi "Fallout 76"-da da üstünlüklər (artıq üstünlük kartları) daha keçmiş epizodlardakı bacarıqların yerini alır. Bu kartlardan istifadə etmək üçün müəyyən qədər S.P.E.C.I.A.L. xalına ehtiyac var. İki eyni kartı birləşdirərək səviyyəsi daha yüksək olan üstünlük kartları əldə etmək olur, ancaq onlardan istifadə etmək üçün lazım olan S.P.E.C.I.A.L. xalı daha çoxdur. Yüksək səviyyəli kartların effektlrəi də çox olur. Oyunçulara hər S.P.E.C.I.A.L. atributu üçün bir üstünlük kartı daşıya bilərlər. Oyunçulara 4-cü, 6-cı, 8-ci, 10-cu və daha sonrakı hər 5-ci səviyyədə üstünlük kartı paketi verilir. Bu proses 50-ci səviyyəyə qədər davam edir. Üstünlük kartı paketlərinin hər birində cəmi 4 kart olur. Oyunçular əldə etdikləri üstünlük kartlarını digər oyunçulara verə bilərlər. Oyunda cəmi 205 üstünlük kartı mövcuddur.
Digər oyunçularla qarşılıqlı əlaqə emosiya çarxı vasitəsilə saxlanılır. "Fallout 76"-da şəkil rejimi də var. Oyunçular öz personajlarının şəkillərini müxtəlif pozalarda müxtəlif mimikalar və filterlərlə çəkə bilərlər.
Tapşırıq sistemi Todd Hovard 2018-ci ildə təşkil edilən E3 tədbirində Ceff Keyli ilə keçirdiyi müsahibədə Hovard oyunun tapşırıq sisteminin keçmiş "Fallout" oyunlarındakı "miscellaneous" () kateqoriyasındakı tapşırıqlara bənzəyəcəyini demişdir. Tapşırıqlar oyunçulara holodisklər, terminallar və qeyd dəftərlərində verilir. Əlavə olaraq, Hovard "IGN" ilə keçirdiyi müsahibədə robotların tapşırıq hekayələrini və keçmiş iterasiyalarda qeyri-oyunçu personajlar tərəfindən göstərilən digər ənənəvi rolları verəcəyini demişdir.
Mikroödəniş
"Fallout 76" bir mikroödəniş sisteminə malikdir. Oyunçular atomlar () satın alıb onları "Atom mağazası"ında () xərcləyə bilərlər. Buna baxmayaraq, oyunçular xüsusi tapşırıqları (və ya meydan oxumalar, ) yerinə yetirərək də kiçikhəcmli atomlar qazana bilərlər. Mağazada kozmetik əşyalar, K.A.M.P. əşyaları, şəkil rejimi üçün pozalar və çərçivələr, emosiya çarxı üçün reaksiyalar və ikonalar satılır. Bu mağazada satılan kozmetik əşyaları Appalaçda tapmaq mümkündür. Satın alınan əşyalar oyunçunun yaratdığı bütün personajlar üçün aktivdir. Silah-sursat kimi geympleyə təsir edən resurları atomlarla satın almaq olmur.
Süjet
Qurma Oyunun əsas hekayəsi "Fallout 4"-dən 185 il əvvəl, "Böyük müharibə"dən () isə 25 il sonra, yəni 2102-ci ildə cərəyan edir. Oyun ABŞ-nin Qərbi Virciniya ştatında, postapoliktik və retro-futuristik bir regionda keçir. "Fallout 76"-nın süjet xəttinin cərəyan etdiyi tarix "Fallout" seriyasındakı ən erkən tarixdir.