Hans Karl Avqust Simon fon Eyler-Helpin (; 15 fevral 1873, Auqsburq, Almaniya imperiyası — 6 noyabr 1964, Stokholm, İsveç) — İsveç biokimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı (1929). Leonard Eylerin nəslindəndir, Ulf fon Eylerin atasıdır.
Həyatı Eyler-Helpin 1873-cü ilin fevralın 15-də Almaniyada Auqsburqda anadan olmuşdur. Riyaziyyatçı L.Eylerin nəslindəndir. 1895-ci ildə Berlin Universitetini bitirmişdir. 1896-1897-ci illərdə Qettingen Universitetində V.F.Q. Nernstin və Berlin universitetində Y.X. Vant-Hoffun rəhbərliyi altında, 1897-ci ildən Stokholm universitetində işləyir. 1906-cı ildən Stokholm Universitetinin professoru olur. 1929-1937-ci illərdə bu universitetin Biokimya İnstitutunun direktoru, 1938-1948-ci illərdə Üzvi Kimya İnstitutunun direktoru və eyni zamanda 1940-cı ildən Vitamin İnstitutunun direktoru olmuşdur.
Əsas işləri biokimyəvi proseslərin mexanizmlərinin öyrənilməsinə həsr olunub. Şəkərlərin spirtə qıcqırmasının kinetikasını tədqiq etmiş və mexanizmini aydınlaşdırmışdır.
1905-1940-cı illərdə fermentləri tədqiq etmişdir. İlk dəfə olaraq canlı orqanizmlərdə kimyəvi reaksiyaların sürətinin fermentlərin təsiri ilə artmasını müəyyən etmiş və bu hadisəni biokataliz adlandırmağı təklif etmişdir. R.M. Vilştetter ilə birlikdə 1922-ci ildə söyləmişdir ki, fermentlərin hissəcikləri kimyəvi aktiv qruplardan və kolloid daşıyıcıdan ibarətdir.
1928-ci ildə müəyyən etmişdir ki, karotin fizioloji aktivliyinə görə A vitamininə yaxındır. 1933-cü ildə müəyyən etmişdir ki, maya fermentləri ilə bütün nukleotidlərin dehidratasiyası kozimaza ilə katalizləşdirilir; belə nəticəyə glmişdir ki, fermentlərin strukturunda koferment və apofermenti ayırmaq lazımdır. Şişlərin biokimyasını öyrənmək sahəsində böyük xidmətlər göstərmişdir. Bir sıra elmlər akademiyalarının və kimya cəmiyyətlərinin üzvü olmuşdur.
1929-cu ildə Qardner ilə birlikdə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
İstinadlar
Həmçinin bax Nobel mükafatı
Xarici keçidlər
Kateqoriya:Biokimyaçılar Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Berlin Humboldt Universitetinin məzunları Kateqoriya:Stokholmda vəfat edənlər Kateqoriya:Almaniya uzunömürlüləri Kateqoriya:İsveçli Nobel mükafatı laureatları Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri