thumb|300px|Qobu bələdiyəsinin binası Azərbaycanda bələdiyyə — Azərbaycanda yerli özünüidarəetmə formasıdır.
Azərbaycanda bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası, tərəfdar çıxdığı beynəlxaqlü müqavilə, habelə Azərbaycan Respublikasının Qanunları ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.
Azərbaycan bələdiyyələrinin tarixi Azərbaycanda 1995-ci ilə qədərki yerli özünüidarə üsuli üçün bax: Yerli özünüidarəetmə
Azərbaycanda yerli özünüidarəetmə süulu kimi bələdiyyə 12.11.1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib.
Həmin Konstitusiyanın "Keçid müddəaları" bölməsinin 6-cı hissəsinə əsasən: "Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir". Həmin bölmənin 7-ci hissəsinə əsasən isə: "Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir", yəni 1997-ci ildə ilk seçkilər keçirilməli idi.
Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12.12.1999-cu ildə keçirilmişdir. Bu seçkilərdə 74 dairə və 4683 məntəqə seçki komissiyası yaradılmışdır. Seçkilərin təşkili ilə 90,5 min insan məşğul olmuşdur. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən bir sıra partiyalar bu seçkilərdə aktiv iştirak etmişlər. Məntəqə seçki komissiyalarının tərkibi 18% və 30%, uyğun olaraq siyasi partiyaların və ictimai təşkilatların nümayəndələrindən tərtib edilmişdi. Məntəqə seçki komissiyalarına 21 siyasi partiyanın 5 mindən çox namizədi daxil edilmişdir.
Həmin seçkilərdə 2667 bələdiyyəyə namizədlər qismində 35,6 min insan qeydiyyata alınmış, səsvermədə 4.312.265 ölkə seçicilərindən 52,6% iştirak etmiş, seçkilər nəticəsində 20 min 454 bələdiyyə üzvü seçilərək 2667 bələdiyyə fəaliyyətə başlamışdı.
Növbəti bələdiyyə seçkiləri 2004, 2009, 2014 və 2019-cu illərdə təşkil edilmişdir.
2009 və 2014-cü illərdə bələdiyyələrin birləşməsi nəticəsində ölkə bələdiyyələrinin sayı azalaraq 1607-yə enmişdir.
1999 – 2015-ci illər arşında bələdiyyələrin fəaliyyətinə həsr olunmuş 22 ayrıca qanunlar qəbul edilib, bir sıra digər sahə qanunlarına, o cümlədən Mülki Məcəlləyə və Vergi Məcəlləsinə bələdiyyərlərlə əlaqədar mühüm müddəalar daxil edilib. 2000-ci ildən başaqlayar, ilk illərdə bələdiyyələr haqqında qəbul edilən normativ-hüquqi aktların böyük əksəriyyəti SSRİ dönəmindəki xalq deputatları sovetləri haqqında normativ-hüquqi aktların təkrarı idi (bəzi hallarda maddəbəmaddə təkrarlar olmuşdu). Zaman keçdikdə, qanunlar daha çox Avropa Şurası ölkələrinin təcrübəsinə yaxınlaşdırıldı.
25.12.2001-ci il tarixli 238-IIQ nömrəli Qanunla Azərbaycan Respublikası "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına qoşulub və qeyd-şərtlə bu Xartiyanın 2-ci, 3-cü (I və II bəndlər) −4-cü (I, II, IV, V və VI bəndlər), 5-ci, 6-cı (I və II bəndlər), 7-ci (I və III bəndlər) 8-ci (I, II və III bəndlər), 9-cu (I, II, III, IV, VII və VIII bəndlər), 10-cu (I, II və III bəndlər) və 11-ci maddələri üzrə öhdəlik götürüb.
03.05.2005-ci il tarixində Azərbaycan bələdiyyələrinin digər ölkədəki bələdiyyələrlə əlaqələrini və beynəlxalq tədbirlərdə təmsil edilmələrini təmin etmək məqsədilə "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə" Qanun qəbul edilmiş, Bələdiyyələrin şəhər, qəsəbə və kənd assosiasiyaları yaradılmışdır.
2019-cu ildə keçirilmiş seçkilərin nəticəsində əvvəlki seçkilərdə olduğu kimi, yeni seçilən bələdiyyə üzvləri sırasında qadınların, gənclərin sayında xeyli artım müşahidə edilmişdir. Belə ki, qadınların sayı 5.847 nəfər (38,8 %), gənclərin sayı isə 6.012 nəfər (39,9%) olmuşdur.
05.04.2024-cü il tarixli 1128-VIQD nömrəli “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunla bələdiyyələrin növbəti islahatına start verildi. Həmin Qanunla müəyyən edildi: "Ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir".
Eyni tarixli 129-VIQD nömrəli "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunla isə müəyyən edildi ki, "Təşkil və ya yenidən təşkil nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir".
Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər.
Azərbaycanda bələdiyyə terminləri lüğəti (əsas anlayışlar) Azərbaycan qanunvericliyi yerli özünüidarəetmə üsulu kimi bələdiyyələri seçdiyinə görə, burada "bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfindən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.
Azərbaycan qanunvericliyinə əsasən bələdiyyə sahəsində əsas anlayışlar aşağıdakılardır:
Bələdiyyə – qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bələdiyyə maliyyəsinin iqtisadi əsasları - bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir. Bələdiyyə mülkiyyəti – bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. Bələdiyyə orqanları – səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Bələdiyyə orqanlarının vəzifəli şəxsi – yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir. Bələdiyyə qulluğu – yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir (Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər). Bələdiyyələrin Dövlət Reyestri - Azərbaycan Respublikasının bələdiyyələri barədə sənədləşdirilmiş məlumatları əks etdirən dövlət informasiya ehtiyatı mənbəyidir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Bələdiyyələrin məhəllə komitələri - bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədi ilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir. Bələdiyyələrin regional assosiasiyası - Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsində fəaliyyət göstərən bələdiyyələrin öz fəaliyyətini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə yaratdıqları ittifaqdır (hüquqi şəxsdir). Bələdiyyələrin su təsərrüfatı – bələdiyyə torpaqlarında yerləşən yerli əhəmiyyətli yeraltı və yerüstü suların tənzimlənməsi, istifadəsi, mühafizəsi, habelə suların vurduğu zərərin qarşısının alınması ilə əlaqədar tədbirlər. Bələdiyyələrin su təsərrüfatı obyekti – bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə, habelə Sudan İstifadəedənlər Birliyinin istifadəsində olmayan su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular. Drenaj suları – drenaj qurğuları vasitəsilə kənara axıdılan sular. Su istehlakçısı – öz ehtiyaclarını təmin etmək üçün müəyyən olunmuş qaydada su obyekti istifadəçilərindən su alan hüquqi və ya fiziki şəxs. Su obyekti – relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur. Su obyektinin istifadəçisi – su obyektlərindən istifadə hüququ verilmiş hüquqi və ya fiziki şəxs. Su obyektlərinin çirklənməsi – suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması. Su obyektlərinin mühafizəsi – su obyektlərinin qorunması və bərpasına yönəldilmiş fəaliyyət. Tullantı suları – istehsal, sosial və mülki obyektlərdə istifadə nəticəsində çirklənmiş sular. Yerli əhəmiyyətli məsələlər – bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlərdir. Yerli əhəmiyyətli su mənbəyi – bələdiyyə torpaqlarında yerləşən və yerli ehtiyacları ödəmək üçün istifadə olunan su obyektləri. Yerli ödənişlər – “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödəmələrdən ibarətdir; hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir və yalnız təyinatı üzrə istifadə olunmalıdır. Yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları - Azərbaycan Respublikasında bələdiyyələrin səlahiyyətlərinə aid olan yerli əhəmiyyətli məsələlərin müzakirə edilməsi, həmin məsələlərlə əlaqədar ortaya çıxan problemlərin birgə həlli yollarının müəyyən edilməsi, səmərəli iş təcrübəsinin öyrənilib ümumiləşdirilməsi və yayılması, dövlət orqanları ilə bələdiyyələrin qarşılıqlı fəaliyyətinin uzlaşdırılması, yerli özünüidarə sisteminin inkişafı üzrə təkliflərin hazırlanması məqsədi ilə yaradılan əlaqələndirmə mərkəzləridir.