Diskurs — söhbət anlayışının istənilən ünsiyyət formasını əhatə edən ümumiləşdirilmiş formasıdır.İsim “ora-bura hərəkət etmək” mənasını verən latın felindən yaranmışdır. Termin və anlayışın tarixi haqqında qısa məlumat üçün bax: Dorschel, Andreas. 2021. “Diskurs”. Zeitschrift für Ideengeschichte, XV/4: Falschmünzer, səh. 110–114. Redaktorlar: M. Mulsow və A. U. Sommer. Münhen: C. H. Beck. Diskurs sosial nəzəriyyənin əsas mövzularından biridir və sosiologiya, antropologiya, kontinental fəlsəfə və diskurs təhlili kimi sahələri əhatə edir. Mișel Fukonun əsərlərindən sonra bu sahələrdə diskurs dünyanı qavramağımızı formalaşdıran düşüncə, bilik və ya ünsiyyət sistemi kimi nəzərdən keçirilir. Diskursa nəzarət dünyanın necə qavranılmasına nəzarət etmək demək olduğundan, sosial nəzəriyyədə diskurs çox vaxt hakimiyyət münasibətlərini anlamaq vasitəsi kimi araşdırılır. Nəzəri dilçilikdə isə diskurs daha dar mənada, dil vasitəsilə məlumat mübadiləsi kimi başa düşülür və dinamik semantika nəzəriyyəsinin formalaşmasının əsas səbəblərindən biri olmuşdur. Bu yanaşmalarda denotasiyalar diskurs kontekstini yeniləmək qabiliyyətinə görə müəyyən edilir.

Sosial nəzəriyyə

Humanitar elmlər və sosial elmlər sahələrində diskurs dil vasitəsilə ifadə edilə bilən sistemli düşüncə tərzini təsvir edir. Diskurs müəyyən mövzu haqqında hansı fikirlərin ifadə edilə biləcəyini müəyyənləşdirən sosial sərhəddir. Diskursun bir çox tərifi əsasən fransız filosofu Mișel Fukonun əsərlərindən qaynaqlanır. Sosiologiyada diskurs “fərdlərin reallığa məna verdiyi müxtəlif formalarda təzahür edən istənilən praktika” kimi müəyyən edilir.

Siyasi elmlər diskursu siyasət və siyasətin formalaşdırılması ilə sıx əlaqəli hesab edir. Müxtəlif elmi sahələrdəki nəzəriyyələr də diskursu hakimiyyət və dövlət anlayışları ilə əlaqələndirir. Çünki diskurslara nəzarət reallığın özünə nəzarət etmək kimi başa düşülür. Məsələn, dövlət kütləvi informasiya vasitələrinə nəzarət edirsə, “həqiqət” üzərində də nəzarət əldə edə bilər.

Mahiyyət etibarilə diskursdan qaçmaq mümkün deyil, çünki dilin hər bir istifadəsi fərdi baxışlara təsir göstərir. Başqa sözlə, seçilmiş diskurs ünsiyyət üçün lazım olan söz ehtiyatını, ifadələri və üslubu müəyyənləşdirir. Məsələn, müxtəlif partizan hərəkatları haqqında iki fərqli diskursdan istifadə edilə bilər: onlar ya “azadlıq döyüşçüləri”, ya da “terrorçular” kimi təqdim edilə bilər.

Psixologiyada diskurslar onları məhdudlaşdıran və eyni zamanda imkanlarını genişləndirən müxtəlif ritorik janrlar və metajanrlarla əlaqəlidir. Bu, dil haqqında danışan dil vasitəsilə ifadə olunur. Buna nümunə olaraq Amerika Psixiatriya Assosiasiyasının (APA) Psixi pozuntuların diaqnostik və statistik təlimatı nəşrini göstərmək olar. Bu nəşr psixi sağlamlıq haqqında danışarkən istifadə edilməli terminləri müəyyənləşdirir və bununla da psixologiya və psixiatriya mütəxəssislərinin mənaları necə şərh etməsinə və hansı təcrübələrdən istifadə etməsinə təsir göstərir.Schryer, Catherine F. və Philippa Spoel. 2005. “Genre theory, health-care discourse, and professional identity formation.” Journal of Business and Technical Communication, 19: 249. SAGE nəşrindən götürülmüşdür.

Modernizm

Modernist nəzəriyyəçilər tərəqqiyə nail olmağa diqqət yetirir və biliyin inkişafı, bununla da cəmiyyətin daha yaxşı anlaşılması üçün universal şəkildə tətbiq oluna bilən təbiət və sosial qanunların mövcudluğuna inanırdılar.Larrain, Jorge. 1994. Ideology and Cultural Identity: Modernity and the Third World Presence. Kembric: Polity Press. . Google Books vasitəsilə əldə edilmişdir. Bu nəzəriyyəçilər əminlik və proqnozlaşdırıla bilmə xüsusiyyətlərinə malik nəzəriyyələr yaratmaqla “həqiqəti” və “reallığı” müəyyənləşdirməyə çalışırdılar. Buna görə də modernist nəzəriyyəçilər diskursu funksional hesab edirdilər.Strega, Susan. 2005. “The View from the Poststructural Margins: Epistemology and Methodology Reconsidered.” Research as Resistance kitabında, səh. 199–235. Redaktorlar: L. Brown və S. Strega. Toronto: Canadian Scholars’ Press.

Diskurs və dildəki dəyişikliklər tərəqqi, yaxud kəşfləri, anlayışları və maraq doğuran sahələri təsvir etmək üçün yeni və ya daha “dəqiq” sözlər yaratmaq zərurəti ilə əlaqələndirilirdi. Modernist nəzəriyyədə dil və diskurs hakimiyyət və ideologiyadan ayrı nəzərdən keçirilir, sağlam düşüncənin və ya tərəqqinin “təbii” məhsulları kimi qəbul edilirdi. Modernizm hüquq, bərabərlik, azadlıq və ədalət haqqında liberal diskursların yaranmasına da səbəb olmuşdur. Bununla belə, Regnierin fikrincə, bu ritorika mahiyyət etibarilə mövcud olan bərabərsizlikləri gizlədirdi və fərqlilikləri nəzərə almırdı.Regnier, 2005

Strukturçuluq (Sössür və Lakan)

Strukturçuluq nəzəriyyəçiləri, o cümlədən Ferdinand de Sössür və Jak Lakan, bütün insan fəaliyyətlərinin və sosial formalaşmaların dillə əlaqəli olduğunu və qarşılıqlı əlaqədə olan elementlər sistemləri kimi başa düşülə biləcəyini irəli sürürlər. Bu o deməkdir ki, “sistemin ayrı-ayrı elementləri yalnız bütöv struktur daxilində nəzərdən keçirildikdə məna daşıyır və strukturlar öz daxilində qapalı, özünü tənzimləyən və özünü dəyişdirən vahidlər kimi başa düşülməlidir”.

Başqa sözlə, sistemin ayrı-ayrı elementlərinin əhəmiyyətini, mənasını və funksiyasını strukturun özü müəyyənləşdirir. Strukturçuluq dil və sosial sistemlər haqqında anlayışımızın inkişafına töhfə vermişdir.Sommers, Aaron. 2002. “Discourse and Difference.” Cosmology and our View of the World, Nyu-Hempşir Universiteti. Seminarın xülasəsi. Sössürün dil nəzəriyyəsi məna və mənalandırmanın ümumilikdə insan həyatının strukturlaşmasında həlledici rolunu vurğulayır.

Poststrukturçuluq (Fuko)

Müasir dövrün məhdudiyyətlərinin dərk edilməsindən sonra postmodern nəzəriyyə meydana gəlmişdir. Postmodern nəzəriyyəçilər cəmiyyətin bütün aspektlərini izah edən vahid nəzəri yanaşmanın mövcudluğu haqqında modernist iddiaları rədd edirdilər. Bunun əvəzinə onlar fərdlərin və qrupların müxtəlif təcrübələrini araşdırmağa, oxşarlıqlardan və ortaq təcrübələrdən daha çox fərqliliklərə diqqət yetirməyə üstünlük verirdilər.

Modernist nəzəriyyədən fərqli olaraq, postmodern nəzəriyyə universal həqiqətlərə və reallıqlara şübhə ilə yanaşır. Buna görə də sosial qanunlar anlayışını rədd edərək fərdi fərqliliklərə imkan verən çevik yanaşma formalaşdırmağa çalışır. Postmodern nəzəriyyəçilər həqiqəti axtarmaqdan uzaqlaşaraq həqiqətlərin necə yaradıldığı və qorunub saxlanıldığı sualına cavab axtarırdılar. Postmodernistlər həqiqət və biliyin çoxsaylı, kontekstdən asılı və diskurslar vasitəsilə tarixən formalaşan xarakter daşıdığını iddia edirdilər. Buna görə də postmodern tədqiqatçılar mətnlər, dil, siyasətlər və praktika kimi diskursları təhlil etməyə başladılar.

Fuko

Filosof Mișel Fukonun əsərlərində diskurs “ifadələrdən (énoncés) ibarət olan işarələr ardıcıllığı” kimi müəyyən edilir. İfadə (l’énoncé) müəllifə və danışana sözlərə məna verməyə, eləcə də diskurs daxilindəki ifadələr, obyektlər və subyektlər arasında təkrarlana bilən semantik əlaqələri çatdırmağa imkan verən dil konstruksiyasıdır. İşarələr arasında daxili əlaqələr mövcuddur. “Diskursiv formasiya” termini diskursları yaradan semantik əlaqələrə malik yazılı və şifahi ifadələri müəyyənləşdirir və təsvir edir. Fuko tədqiqatçı kimi diskursiv formasiya anlayışını böyük bilik sahələrinin, məsələn, siyasi iqtisadiyyat və təbiət tarixinin təhlilində tətbiq etmişdir.

Mișel Fuko düşüncə sistemlərinin (“epistemelərin”) və biliklərin (“diskursiv formasiyaların”) metodologiyası və tarixşünaslığı haqqında olan Biliyin arxeologiyası (1969) əsərində diskurs anlayışlarını inkişaf etdirmişdir. Sosioloq İara Lessa Fukonun diskurs tərifini belə ümumiləşdirir: “Fikirlərdən, münasibətlərdən, fəaliyyət istiqamətlərindən, inanclardan və praktikalardan ibarət olan, danışdıqları subyektləri və dünyaları sistemli şəkildə formalaşdıran düşüncə sistemləri”.

Fuko cəmiyyətin hakimiyyətinin müasir həqiqətləri yaratmaq, həmin həqiqətləri qoruyub saxlamaq və yaradılmış həqiqətlər arasında mövcud olan hakimiyyət münasibətlərini müəyyənləşdirmək rolunu araşdırır. Buna görə də diskurs hakimiyyət münasibətlərinin danışa bilən kişi və qadınları formalaşdırdığı ünsiyyət vasitəsidir.

Hakimiyyət və bilik arasındakı qarşılıqlı əlaqə bütün insan münasibətlərini hakimiyyət uğrunda danışıqlar prosesinə çevirir.Foucault, Michel. Power/Knowledge: Selected Interviews and Other Writings, 1972–1977 (1980). Nyu-York: Pantheon Books. Bunun səbəbi hakimiyyətin daim mövcud olması, həqiqəti yaratması və eyni zamanda onun sərhədlərini müəyyənləşdirməsidir. Hakimiyyət müzakirə edilə bilən mövzuları, insanın nə vaxt, harada və necə danışa biləcəyini, eləcə də kimin danışmaq hüququna malik olduğunu müəyyən edən istisna qaydaları, yəni diskurslar vasitəsilə həyata keçirilir. Bilik həm hakimiyyəti yaradan, həm də hakimiyyət tərəfindən yaradılan amildir. Fuko fərdi mütəfəkkirlərin fikir və bilik inkişaf etdirdiyini fərz etmək əvəzinə, nəyin bilinəcəyini müəyyənləşdirən mücərrəd qüvvəni göstərmək üçün “hakimiyyət/bilik” anlayışını yaratmışdır.

İnterdiskurs diskurslar arasında mövcud olan xarici semantik əlaqələri araşdırır. Bunun səbəbi diskursların digər diskurslarla əlaqə daxilində mövcud olmasıdır.

Diskurs təhlili

Diskurs təhlilinin bir neçə növü mövcuddur və “diskurs” anlayışının tərifi bu növlərə görə müəyyən qədər dəyişir. Ümumilikdə, diskurs təhlilini “kiçik d” diskursu və “böyük D” Diskursu ilə məşğul olan yanaşmalara ayırmaq olar. Birinci anlayış (“kiçik d”) istifadə olunan dili, məsələn, şifahi ünsiyyəti ifadə edir. İkinci anlayış (“böyük D”) isə sosial-siyasi diskursları, yəni dili sosial və mədəni kontekstlərlə birlikdə əhatə edir.

Diskurs təhlilinin geniş yayılmış formalarına aşağıdakılar daxildir:

Tənqidi diskurs təhlili Fukoçu diskurs təhlili Söhbət təhlili Janr təhlili Nəql təhlili

Formal semantika və praqmatika

Formal semantika və praqmatika sahələrində diskurs çox vaxt ortaq bilik bazasındakı məlumatların dəqiqləşdirilməsi prosesi kimi nəzərdən keçirilir. Diskursun təqdimatı nəzəriyyəsi kimi bəzi semantika nəzəriyyələrində cümlələrin denotasiyaları özləri ortaq bilik bazasını yeniləyən funksiyalarla eyniləşdirilir.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Antropologiya Kateqoriya:Dilçilik terminləri Kateqoriya:Diskurs təhlili Kateqoriya:Epistemologiya Kateqoriya:Etik prinsiplər Kateqoriya:Fransız dilində sözlər və ifadələr Kateqoriya:Mətn Kateqoriya:Müasir fəlsəfə Kateqoriya:Nitq kommunikasiyası Kateqoriya:Postmodernizm Kateqoriya:Praqmatika Kateqoriya:Psixolinqvistika Kateqoriya:Rabitə Kateqoriya:Ritorik fiqurlar Kateqoriya:Semantika Kateqoriya:Siyasi fəlsəfə Kateqoriya:Sosial elmlər metodologiyası Kateqoriya:Sosial fəlsəfə Kateqoriya:Sosioloji terminologiya Kateqoriya:Tətbiqi dilçilik