Mehrimah Sultan () — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Həyatı Mehrimah Sultan, Osmanlı səltənətinin ləğvindən 10 gün sonra — 11 noyabr 1922-ci ildə atasına məxsus Heydərpaşa köşkündə dünyaya gəldi və beləcə, səltənətin ləğvindən sonra dünyaya gələn ilk xanım sultan oldu. Atası Sultan Rəşadın böyük oğlu Ziyaəddin Əfəndi, anası isə onun son xanımı Neşəmənd xanımdır. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, hələ 2 yaşı tamam olmayan Mehrimah Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Misirin İsgəndəriyyə şəhərində yaşamağa başladı. Bu müddət ərzində Mehrimah Sultan Qahirə və Parisdə təhsilini tamamladı. 1934-cü ildə anası Neşəmənd xanım, 1938-ci ildə isə atası Ziyaəddin Əfəndi İsgəndəriyyədə vəfat etdi və Mehrimah Sultan, bacısı Lütfiyə Sultan və ailəsiylə birlikdə İordaniyaya köçdü.
İkinci Dünya müharibəsi davam edərkən, 30 sentyabr 1940-cı ildə Mehrimah Sultan İordaniya kralı I Abdullahın kiçik oğlu Nayef ibn Abdullahla nikahlandı. Cütlüyün toy mərasimi isə 7 oktyabrda Lütfiyə Sultanın köşkündə baş tutdu və ənənəyə sadiq qalaraq 7 gün boyunca davam etdi. Mərasimin ardından Ammana köçən cütlüyün ilk övladı Əli 10 avqust 1941-ci ildə, ikinci övladı Asim isə 27 aprel 1948-ci ildə məhz bu şəhərdə dünyaya gəldi. Kral ailəsinin digər xanım üzvlərindən daha azad həyat sürən Mehrimah Sultan hicaba girməmiş, sadəcə üzünü şəffaf niqabla örtmüşdür.
Kral Abdullahın Qüdsdə öldürülməsinin ardından böyük oğlu Təlal İordaniya kralı, Mehrimah Sultanın əri olan Nayef isə vəliəhd elan olundu. Ancaq Kral Təlal əqli zəif idi və bu səbəblə cəmi 1 il sonra taxtdan endirilərək müalicə məqsədilə İstanbula göndərildi. Vəliəhd Nayef isə siyasətlə maraqlanmadığını bildirərək taxtdan imtina etdi və taxt Kral Təlalın oğlu Hüseynə qaldı. Mehrimah Sultan və əri Nayef ibn Abdullah isə ailənin ən nüfuzlu üzvləri olaraq Ammanda yaşamağa davam etdilər.
Ərinin 1983-cü ildə ölümündən sonra, bir müddət ABŞ və Birləşmiş Krallıqda yaşayan Mehrimah Sultan daha sonra İordaniyaya qayıtdı. Tutulduğu leykoz xəstəliyi səbəbilə, 30 mart 2000-ci ildə vəfat edən Mehrimah Sultanın cənazəsi İstanbula gətirilərək Sultan Rəşad türbəsinə — babasının yanına dəfn olundu.
Mənbə Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32 Shumsky, Adaia; Shumsky, Abraham (1997). A Bridge Across the Jordan: The Friendship Between a Jewish Carpenter and the King of Jordan. Arcade Pub. pp. 103–104. ISBN 978-1-55970-391-8 Farah, Caesar E. (2008). Abdülhamid II and the Muslim World. Publications of Yıldız Yayıncılık, Reklamcılık. Foundation for Research on Islamic history, Art and History. p. 398. ISBN 978-975-7874-31-7
Kateqoriya:Osmanlı sülaləsi Kateqoriya:XX əsr Osmanlı sultanlarının qızları