Əbu Həsən Bürhanəddin Əli ibn Əbu Bəkr ibn Əbül-Cəlil əl-Fərğani əl-Mərğinani (; ) — "əl-Hidayə" adlı əsəri ilə tanınan hənəfi fəqihi.

Bioqrafiyası Mərğinani, Əbu Bəkrin nəslindən olan, müxtəlif alimlər yetişdirmiş bir ailəyə mənsubdur. Əsl adı Əli, atasının adı isə Əbu Bəkirdir. Fərqanə vadisinin şəhərlərindən olan Mərğinanda doğulub böyümüşdür. Qaraxanilər dövrü Mavəraünnəhr hüquqçularındandır. Həm "Mərğinani" həm də "Fərqani" olaraq məşhurdur.

Mərğinani, hənəfi məzhəbi fəqihlərin təsnifinin beşinci təbəqəsində olub, "bu daha səhihdir", "bu daha üstündür" demək səlahiyyətinə sahib bir fəqihdir. Təhsil aldığı müəllimlərin çoxluğu və sahələrində məşhur olmaları, verdiyi əsərləri və hənəfi məzhəbində görkəmli şagirdlər yetişdirməsi onun elmi səviyyəsini və qabiliyyətini göstərir. Məşhur olmasının əhəmiyyətli səbəblərindən biri də Mavəraünnəhr kimi bir elm mərkəzində yetişməsi və buralarda xidmət etmiş olmasıdır. Mərğinani, bu dövrlərdə cərəyan edən buxaralılar ilə Çingiz Xan arasındakı döyüşlərdə sülh edilməsi üçün vəzifələndirilmişdi. Buxara xalqından bəziləri edilən razılığa müxalif davrandıqlarına görə Çingiz şəhəri yandırmış və xalqını qətl etmişdi. Həmin vaxt Mərğinani də qətlə yetirilmiş (28 oktyabr 1197) və Səmərqənddə dəfn edilmişdir.

Metodikası Mərğinani "əl-Hidayə"də fiqhi mövzuların təsnifatı ilə bağlı əvvəlki hənəfi fəqihlərinin sistematikasına riayət etsə də, zaman-zaman fərqli tənzimləmələr də etmişdi, məsələn, talağa dair hökümlər nikah bölməsində və ya müstəqil bir bölmədə dəyərləndirilərkən, Mərğinani talağı boşanma bölməsində dəyərləndirmişdir. Onun digər fəqihlərdən fərqli baxışlar qəbul etdiyi də görünür. Ərin cinsi zəifliyi halında bir illik gözləmə müddətində günəş təqviminin əsas götürülməsi fikrindən fərqli olaraq, Mərğinani ay təqvimi əsas olaraq götürmüşdür.

Müəllimləri Mərğinani, bir çox sahədə ixtisas sahibi tanınmış alimlərdən dərs almışdır. Ustadları arasında fiqh, təfsir, hədis, əqaid və kəlam sahəsində çox məşhur alimlər vardır. Bəziləri bunlardır:

Əbu Həfs ən-Nəsəfi, Əs-Sədruş-Şəhid Hüsaməddin Ömər ibn Ömər ibn Əbdüləziz, Osman ibn Əli əl-Bikəndi, Ziyəddin Məhəmməd ibn Hüseyn əl-Bəndəci, Əli əl-İsbicabi, Qivaməddin Əhməd ibn Əbdürrəşid əl-Buxari, Əbu Həfs Ömər ibn Əli əz-Zəndəramisi.

Tələbələri Mavəraünnəhr alimlərinin ən görkəmli alimləri ondan dərs almışlar. Bəziləri bunlardır:

Şəmsül-Əimmə əl-Kərdəri, Burhanul-İslam əz-Zərici, Mahmud ibn Hüseyn əl-Ustruşəni, Nizamuddin Ömər (müəllifin öz oğludur), Əbül-Fəth Zeynəddin Əbdürrəhman ibn Əbu Bəkr İmadəddin (müəllifin nəvəsidir), Şəmsül-Əimmə Əbdüssəttar.

Əsərləri Mənbələrdən əldə olunan məlumatlara görə müəllifin əsərlərinin hamısı fiqh sahəsinə aiddir. Mərğinani çox əsər yazmışdır ki, bu əsərlərin bir neçəsi nəşr edilmiş və əlyazma olaraq mövcuddur. Digərlərinin bir qisiminin yalnız qaynaqlarda adları keçməkdədir. Bunlardan bəziləri:

Bidayətül-Mübtədi. Bu əsərdə Qudurinin "Müxtəsər"ini, Məhəmməd Şeybaninin "əl-Cəmius-Səğir"ini əsaslanmışdır. Əl-Hidayə. On üç ildə yazılan bu əsər "əl-Bidayə"nin şərhi olub, müəllifinin elmi qüdrəti və səviyyəsi, mövzularının yığcam bir bütün halında olması səbəbiylə hənəfi fiqhinin ən əhəmiyyətli kitablarından qəbul edilmişdir. Hənəfi fiqhinin təməl kitablarından sayılan "Hidayə"nin ən əhəmiyyətli xüsusiyyətlərindən biri fiqhə dair məsələləri üsulla izah etmiş olmasıdır. Əsərin yazılma müddətində Mərğinaninin oruclu olaraq işlərini davam etdirdiyi rəvayət edilməkdədir. "Əl-Hidayə" uzun illər həm Anadolu Səlcuqlu Dövləti mədrəsələrində, həm də Osmanlı dövləti mədrəsələrində elm əhli arasında çox etibar görmüş və bəyənilərək mədrəsələrin proqramlarına dərs kitabı olaraq qəbul edilmişdir. Fateh dövründən başlamaq üzrə, Osmanlı mədrəsələrində fiqh dərslərində davamlı olaraq oxudulmuşdur. Kitabüt-Təcnis vəl-Məzid fil-Fətava. Mərğinaninin bu əsəri fətvaları ehtiva etməkdədir. Müxtəsərun-Nəvazil. Kitabul-Fəraiz. Mərğinaninin "əl-Hidayə" adlı əsərində fəraiz mövzusu olmadığından qənaətə görə "Kitabul-Fərail"i müstəqil olaraq ələ almışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Matüridilər Kateqoriya:İslam filosofları Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Müctəhidlər Kateqoriya:Hənəfilər Kateqoriya:Şeyxülislamlar