Bakirə Məryəmin tacqoyması () — Donatellonun eskizi əsasında Florensiya kafedralının günbəz barabanında yaradılmış vitraj. Təxminən 1434–1437-ci illərə aid edilən vitraj, dairəvi formaya və 480 sm diametrə malikdir.
Tarixi Florensiya kafedralının günbəzində inşaat inşaat işlərinin yekunlaşdırılmasına başlandıqda (günbəzin açılışı 1436-cı ildə baş tutmuşdur), Opera-del-Duomo, günbəz barabanındakı okulusların Bakirə Məryəmin həyatına ithaf edilmiş vitrajlar seriyası ilə bəzədilməsinə qərar verir. İlk növbədə, əsas altar üzərində yerləşən və nefdən yaxşı görünən şərq okulusu üçün vitraj sifariş edilir. Bunun üçün də, həmişə olduğu kimi müsabiqə elan edilir. Həmin dövrdə şəhərin müxtəlif inşaat meydanlarında məşğul olan və artıq Florensiya kafedralının kontrfasadı üçün üç vitraj dizayn etmiş Lorenzo Giberti və o vaxt arıq kafedral üçün kantoriya dizayn etmiş Donatello müsabiqəyə qatılır. Onların təklif etdiyi iki eskiz arasından Donatellonun işi qalib seçilir. 25 avqust 1434-cü ildə müəllifə eskizin dəyəri ödənilir və şüşə ustaları Domeniko di Pyero da Piza və Ancelo Lippi tərəfindən eskiz əsasında vitrajın hazırlanmasına başlanılır. 1435-ci ildə əvvəlcə Domeniko di Pyero, daha sonra isə Ancelo Lippinin şəhərdən getməsi ilə vitraj üzərində işlər dayandırılır. 1436-cı ildə ustaların Florensiyaya qayıdışından sonra işə yenidən start verilir və 1437-ci ildə vitraj tamamlanır.
Bu vitraj, Donatellonun rəssamlıq fəaliyyətini sübut edən dövrümüzə çatmış yeganə sənət əsəridir.
Təsvir və stil Təəssüf ki, vitraj dövrümüzə olduqca pis vəziyyətdə çatmışdır: detalların əhəmiyyətli bir hissəsi məhv olmuş və bərpa edilməmişdir, buna görə də, bu gün tədqiqatçılar yalnız vitrajın ümumi kompozisiyası haqqında fikir söyləyə bilirlər. Vitrajın hazırlandığı dövrdə Florensiya kafedralının himayədarı olan Bakirə Məryəmlə əlaqəli Səmavi Mələkə mövzusu çox məşhur idi.
Vitrajda, Məryəm və İsa fiqurları bir-birinin qarşısında taxtda oturmuş vəziyyətdə təsvir edilmiş, kompozisiyanın vitrajın yumru formasına uyğunlaşdırılması üçün isə fiqurlar bir-birinə doğru əyilmişdir. Hər iki personaj tacın qoyulması zamanı göstərilir; Bakirə Məryəm başını aşağı əyərək və əllərini bükərək şərəfi qəbul edir. Donatello, heykəltəraşlıqda tətbiq etdiri eyni prespektiv üsullarını vitrajda da tətbiq edərək, taxtın ayaqları sayəsində, bir neçə qatlı dərin görüntü yaratmağa müvəffəq olmuşdur. Onların ətrafında düzülmüş mavi xeruvimlər və qırmızı serafimlər çərçivə formalaşdırır.
Ədəbiyyat Laura Cavazzini, Donatello, Roma, Gruppo Editoriale L'Espresso, 2005. Rolf C. Wirtz, Donatello, Könemann, Colonia 1998. ISBN 3-8290-4546-8
Kateqoriya:Bakirə Məryəmin tacqoyması Kateqoriya:Florensiya kafedralının vitrajları Kateqoriya:Donatellonun əsərləri