Əbu Səid Əbdülməlik ibn Qureyb əl-Əsmai əl-Bəhili (; ) — Bəsrə dilçilik məktəbinin nümayəndəsi, şeir və əxbər ravisi. Bir çox ərəb şairinin şeirləri məhz onun sayəsində dövrümüzə qədər gəlib çatmışdır. O, həmçinin dil və ədəbiyyat alimidir. Ən məşhur əsəri isə "əl-Əsmaiyyat" adlı şeir antologiyasıdır.
Bioqrafiyası O, hicri 122-ci (740) ildə Bəsrədə anadan olmuşdur. Nisbəsi "əl-Əsmai"dir.
Əl-Əsmai Əbu Əmr ibn Əla, əş-Şafei, İsa ibn Ömər əs-Səqəfi, Xəlil ibn Əhməd və Xələf əl-Əhmərdən elm öyrənmişdir.
O, şeir dinləmək, qrammatika və lüğət sahələrinə aid məlumatlar toplamaq məqsədilə bədəvilər arasında gəzmiş və 16 min urcuzə (əruz bəhrlərindən biri) əzbərləmişdir.
Əbu Ubeyd Qasım ibn Səllam, Əbu Hətim əs-Sicistani, Əbül-Fəzl ər-Riyaşi, Sükkəri və Əbu Nəsr Əhməd ibn Hətim əl-Bəhili (bütün əsərlərinin ravisi) onun tələbələrindən bəziləridir.
Əl-Əsmai Harun ər-Rəşidin dövründə Bağdada gedərək xəlifənin oğlu Əminin təhsili ilə məşğul olmuşdur. Məmun tərəfindən yenidən Bağdada dəvət olunan əl-Əsmai, səhhətinin pisləşməsi səbəbindən Bağdada gedə bilməmiş və hicri 216-cı (831) ildə yaşadığı Bəsrə şəhərində vəfat etmişdir.
Ərəb dili və lüğət alimləri şeir, dil və lüğət sahəsindəki biliklərinin böyük bir hissəsini Əbu Ubeydə və Əbu Zeydlə yanaşı ona da borcludurlar.
Hədis də rəvayət etmiş olan əl-Əsmai, Əhməd ibn Hənbəl, Əli ibn Mədini və Yəhya ibn Məin tərəfindən təriflənmişdir.
İstinadlar Kateqoriya:Ərəb filoloqlar