Quba qəzasında rus qoşunlarının tərksilah edilməsi və ya Xaçmaz stansiyası hadisələri — 1918-ci ilin yanvar ayında Qafqaz cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələri ilə Azərbaycanın milli qüvvələri arasında baş vermiş silahlı toqquşma. Hadisənin əsas səbəbi Zaqafqaziya Komissarlığının qərarı ilə milli qoşun hissələri yaratmaq üçün geri çəkilən rus ordusunun tərksilah edilməsi cəhdi və rus əsgərlərinin yerli əhaliyə qarşı törətdiyi qarət əməlləri olmuşdur.

İlkin hadisələr Quba qəzasında daxili asayişin mühafizəsi və milli müdafiə potensialının formalaşdırılması kontekstində Əli bəy Zizikskinin rəhbərliyi altında hələ 1917-ci ilin payız aylarından etibarən cəbhədən geri çəkilən hərbi eşelonların tərksilah edilməsi və strateji hərbi resursların nəzarətə götürülməsi prosesinə start verilmişdi. 1917-ci ilin dekabrında Zaqafqaziya Komissarlığı milli hərbi hissələrin yaradılması haqqında qərar qəbul etdi. Bu qərara əsasən, cəbhədən qayıdan keçmiş rus ordusunun silah və təchizatı yeni yaradılan milli hissələrin əsas təminat mənbəyi olmalı idi. Lakin bolşevik və şovinist ideologiyaların təsiri altında olan rus əsgərləri silahları təhvil verməkdən imtina edərək onları Rusiyaya aparmağa çalışırdılar. Quba qəzasından keçən dəmir yolu xətti (Bakı-Petrovsk yolu) boyunca hərəkət edən intizamsız əsgər qrupları yerli kəndləri talayır və əhaliyə qarşı zorakılıq tətbiq edirdilər.

Döyüş 1918-ci il yanvarın 27-də Xaçmaz stansiyasında Quba qəza komissarı Mürsəl bəyin rəhbərliyi, Əli bəy Zizikskinin başçılıq etdiyi milli qüvvələr və Quba Müsəlman Milli Komitəsinin fəalları (o cümlədən "Qırxlar" dəstəsi) rus hərbi qatarını saxladılar. Milli qüvvələr silahların qanuni hakimiyyət orqanlarına təhvil verilməsini tələb etdikdə tərəflər arasında silahlı insident başladı. Rus əsgərləri qatarlardakı toplardan ətraf kəndlərə atəş açdılar. Bu, dinc əhali arasında tələfatlara və dağıntılara səbəb oldu. Bakıdan bolşeviklərin köməyə göndərdiyi zirehli qatarın qarşısını almaq üçün yerli dəstələr Sarvan və Çarxı stansiyaları arasında dəmir yolu xəttini sıradan çıxardılar. Nəticədə zirehli qatar Xaçmaza daxil ola bilmədi.

Yanvarın 28-də toqquşmalar yenidən şiddətləndi. Arxiv sənədlərinə görə, bu döyüşlərdə hər iki tərəfdən ciddi tələfatlar qeydə alınmış, yüzlərlə yerli sakin qətlə yetirilmiş və xeyli sayda qadın və uşaq əsir götürülmüşdür.

Nəticəsi Bu hadisələr Quba qəzasında azərbaycanlıların özünümüdafiə hərəkatının mühüm mərhələlərindən biridir. Sovet tarixşünaslığı bu hadisələri milli qüvvələrin "basqını" və "əksinqilabçı hərəkət" kimi qələmə versə də, müasir tədqiqatlar və arxiv sənədləri bunun yerli əhalinin öz əmlakını və hüquqlarını qorumaq üçün göstərdiyi müqavimət olduğunu sübut edir. Yanvarın 30-da Dərbənddən gəlmiş nümayəndələrin vasitəçiliyi ilə rus əsgərləri tərksilah olunaraq ərazini tərk etmişlər.

Həmçinin bax

Həsənqala döyüşü Şəmkir hadisəsi

Mənbə

İstinad siyahısı

Ədəbiyyat

Kateqoriya:1918-ci ildəki hadisələr Kateqoriya:1918-ci ildə Azərbaycan Kateqoriya:Azərbaycanın hərb tarixi Kateqoriya:Rusiya imperiyası Kateqoriya:Rusiya inqilabı Kateqoriya:Birinci Dünya müharibəsi