Olqa Misar (; ) — Avstriyalı yazıçı, jurnalist, sülh fəalı və feminist. 1910-cu ildən etibarən Avstriyada qadın hərəkatı və səsvermə hüququ ilə bağlı fəaliyyətlərdə aktiv iştirak etmişdir. 1915-ci ilin aprelində Haaqada keçirilən Beynəlxalq Qadınlar Konqresində Avstriyanı təmsil edib. Daha sonra "Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadınlar Liqası"nın (WILPF) həm mərkəzi təşkilatında iştirak edib, həm də Avstriya şöbəsinin idarə heyətinin üzvü olub.

Uzun illər Müharibə Müqavimətçilərinin Beynəlxalq Təşkilatında (WRI) fəaliyyət göstəib və 1920-ci ildə Avstriyanın Zonntaqberq (Sonntagberg) şəhərində keçirilən ikinci WRI konfransını təşkil edib. 1939-cu ilin aprelində Üçüncü Reyxin təhdidləri qarşısında Olqa Misar həyat yoldaşı və qızı ilə birlikdə London yaxınlığındakı Enfildə (Enfield) qaçıb və orada Beynəlxalq Sülh və Azadlıq Liqasının Britaniya şöbəsinə qoşulub. Həyatı 11 dekabr 1876-cı ildə Vyanada anadan olan Olqa Popper, tekstil istehsalçısı Ditrix David Popper (1845–1925) və həyat yoldaşı Friderikenin (qızlıq soyadı Engelsmann) qızı idi. İlk illərini Vyanada yəhudi ailəsində böyüyərək keçirib, 11 yaşından 18 yaşına qədər isə İngiltərədə yaşayıb. Bu müddət ərzində o, mükəmməl şəkildə iki dilli (alman və ingilis) olub. Vyanaya qayıtdıqdan sonra, valideynlərinin istəyinə zidd olaraq, ingilis dili dərslərindən qazandığı pullar sayəsində təhsilini davam etdirib. 1899-cu ildə riyaziyyat müəllimi Vladimir Misar (1872–1963) ilə ailə qurub və 1900-cü ildə onların Olqa və Vera adlı ekiz qızları dünyaya gəlib.

Fəaliyyəti Qadın məsələləri ilə maraqlanan Olqa, 1910-cu ildən Ümumavstriya Qadınlar Birliyinin müzakirə klubunun idarə heyətinin üzvü, 1911–1912-ci illərdə isə analığın müdafiəsinə dair nəşr olunan "Mitteilungen des Österreichischen Bundes für Mutterschutz" bülleteninin redaktoru olub. 1915-ci ilin aprelində Qadınlar Birliyinin fəal üzvü kimi Haaqada keçirilən Beynəlxalq Qadınlar Konqresində Avstriya nümayəndələrindən biri idi. Avstriyaya qayıtdıqdan sonra digər nümayəndə Yella Hertska ilə birlikdə "Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadınlar Liqası"nın (WILPF) Avstriya şöbəsini təsis edib.

1917-ci ildə Misar, Qadınlar Birliyi ilə sıx bağlı olan Avstriya Sülh Partiyasının (Österreichisch Friedenspartei) həmtəsisçisi oldu. O, təşkilatın bir çox nümayişlərində iştirak edib və buna görə tez-tez polislə çətinliklər yaşayıb. 1919-cu ilin fevralında keçirilən milli seçkilərdə Demokratik Orta Təbəqə Partiyasından (Demokratische Mittelstandspartei) namizədliyini irəli sürsə də, seçilə bilməyib.

1921-ci ildən Misar, Hertska ilə birlikdə WILPF-in Avstriya şöbəsinin idarə heyətinin üzvü olub. O, həmçinin WILPF-in mərkəzi təşkilatında fəal iştirak edib, təxminən 15 il ərzində illik toplantılara qatılıb. Müharibə Müqavimətçilərinin Beynəlxalq Təşkilatının (WRI) Avstriya şöbəsinin katibi kimi bu təşkilatı ölkədə inkişaf etdirib və 27–31 iyul 1928-ci il tarixlərində Aşağı Avstriyanın Zonntaqberq şəhərində ikinci Beynəlxalq Müharibə Əleyhdarları Konfransını təşkil edib.

Kurt Şuşniqin hökuməti dövründə Avstriya Müharibə Əleyhdarları Alyansı (Bund der Kriegsdienstgegner) ləğv edildi və nəticədə Misar artıq Avstriyada fəaliyyət göstərə bilmədi. Buna baxmayaraq, o, beynəlxalq şəbəkədəki işini davam etdirdi. 1938-ci ilin martında Misar və ərinin evi axtarışa məruz qaldı, bir çox kitabları müsadirə edildi. 1939-cu ilin aprelində onlar London yaxınlığındakı Enfildə qaçaraq orada qızları Olqa və kürəkənləri ilə birlikdə yaşadılar.

Olqa Misarın əri ilə keçirdiyi mühacirət həyatı asan olmadı. Onlar tərcümə və ya repetitorluq üçün az imkan tapırdılar və əsasən qızlarının ailəsinin dəstəyindən asılı idilər. 1942-ci ildən 1948-ci ilə qədər Hadersfildə (Huddersfield) köçdülər və burada Vladimir bir tekstil şirkətində ofis işi tapdı. Daha sonra yenidən Enfildə qayıtdılar.

Olqa Misar 8 oktyabr 1950-ci ildə Londonda vəfat edib.

İstinadlar

Xarici keçidlər

https://www.youtube.com/watch?v=BTzOLHq63p4 Dr. Brigitte Rath (Biografin von Olga Misař) über Olga Misař (1876–1950) und ihr Engagement gegen den Krieg