Nəsrulla İntizam () () — İran diplomatı, siyasətçisi və naziri, həmçinin İranın Amerika Birləşmiş Ştatları və Fransadakı səfiri. O, 1947–1950-ci illərdə İranın Birləşmiş Millətlər Təşkilatındakı ilk səfiri və 1950-ci ildə BMT Baş Assambleyasının beşinci sessiyasının sədri olmuşdur.

Həyatı

Gənclik illəri Nəsrulla İntizam 16 fevral 1900-cü ildə Tehranda, qacarmənşəli bir ailədə anadan olmuşdur. Onun atası İntizamüssəltənə və böyük qardaşı Abdulla İntizam da diplomat və siyasətçi olmuş, babası isə Nəsrəddin şah Qacarın hakimiyyəti dövründə nəzm (asayiş) naziri vəzifəsini icra etmişdir. Onun anası Xurşidliqa Qaffari Kaşanın Qaffari ailəsindən gəlirdi. Nəsrulla və qardaşı Tehranda yerləşən Almaniya Səfirliyi Məktəbində təhsil almışdır. Daha sonra İntizam Tehran Universitetində siyasi elmlər, Paris Universitetində isə hüquq sahəsi üzrə təhsilini davam etdirmişdir.

Fəaliyyəti Birinci Dünya müharibəsindən sonra, 1918-cü ildə İntizam Xarici İşlər Nazirliyinə işə qəbul olunmuşdur. O, 1926–1929-cu illərdə İranın Paris, Varşava, Bern və Londondakı diplomatik nümayəndəliklərində katib vəzifəsində çalışmışdır. 1933-cü ildə Londonda keçirilən Dünya İqtisadi Konfransında İran hökumətini təmsil etmiş, 1934–1938-ci illərdə isə İranın Berndəki işlər vəkili və nümayəndə heyəti rəhbərinin müavini olmuşdur. 1932–1933-cü illərdə İngiltərə–İran Neft Şirkəti ilə yaranan mübahisə zamanı İntizam İran nümayəndə heyətinin katibi kimi fəaliyyət göstərmiş, İranın mövqeyini Millətlər Liqasında müdafiə etmək üçün Əliəkbər Davər və Hüseyn Əlanı Cenevrəyə müşayiət etmişdir. İntizam 1938-ci ildə Berndən Tehrana qayıtmış və dörd il ərzində Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin rəhbəri vəzifəsini icra etmişdir.

İkinci Dünya müharibəsi illərində İranın Britaniya və SSRİ tərəfindən işğalı dövründə İntizam bir sıra mühüm vəzifələrdə, o cümlədən səhiyyə naziri, poçt və teleqraf naziri, yollar naziri və Baş nazir Murtuzaqulu Bayatın hökümətində xarici işlər naziri (1944–1945-ci illərdə) kimi çalışmışdır. İşğaldan və şah Rza Pəhləvinin 1941-ci ilin sentyabrında taxtdan əl çəkməsindən sonra, 1942-ci ilin martında Məhəmmədəli Füruğinin saray naziri təyin edilməsinə qədər Nəsrulla sarayın idarəçiliyinə tam rəhbərlik etmiş və şah Məhəmməd Rza Pəhləvi ilə yaxın münasibətlər qurmuşdur. O, 1942-ci ildə həmçinin İmperator Sarayının Baş Təşrifat rəisi təyin olunmuşdur. Müharibədən sonra da xarici siyasət sahəsində fəaliyyətini davam etdirərək, Birləşmiş Millətlər Təşkilatının əsasının qoyulduğu 1945-ci il San-Fransisko Konfransında və 1946-cı ildə Baş Assambleyanın ilk sessiyasında İranı təmsil etmişdir. 1947-ci ildə İranın BMT-dəki daimi nümayəndəsi olmuş, BMT-nin Fələstin üzrə Xüsusi Komitəsinə qoşulmuş və 1949-cu ildə Assambleyanın Xüsusi Siyasi Komitəsinin sədri kimi fərqlənmə ilə fəaliyyət göstərmişdir. O, həmçinin BMT-nin daimi mənzil-qərargahının yerləşəcəyi ərazi ilə bağlı yaradılmış alt komitəyə sədrlik etmiş və 1949-cu ildə BMT Baş Assambleyasının sədri vəzifəsinə ilkin namizədlərdən biri olmuşdur, lakin sonradan Asiya birliyinin maraqları naminə öz namizədliyini Filippindən olan Karlos P. Romulonun xeyrinə geri götürmüşdür.

1948-ci ildə Baş Assambleyanın üçüncü sessiyası zamanı o, Birləşmiş Millətlər Təşkilatının Qəyyumluq Şurasına və Metodlar və Prosedurlar üzrə Xüsusi Komitəyə sədrlik etmişdir. 1948-ci ildə xüsusi Siyasi Komitənin sədri olmuş, 1950-ci ildə isə Koreyada Atəşkəs üzrə Komitənin üzvü seçilmiş və Baş Assambleyanın sədri vəzifəsinə gətirilmişdir. Onun sədrliyi dövrünə təsadüf edən Koreya müharibəsi zamanı Nəsrulla İntizam həm Amerika Birləşmiş Ştatlarından iqtisadi yardım almaq, həm də SSRİ ilə münasibətləri yaxşılaşdırmaq istədiyindən, hamıya qarşı ədalətli mövqe nümayiş etdirərək həssas bir siyasət yürütməyə çalışmışdır. Həmin dövrdə Assambleya "Sülh naminə birləşmə" qətnaməsini qəbul etmiş, İntizam isə Çinin BMT-yə üzv qəbul edilməsi məsələsinə baxacaq komitənin yaradılmasına köməklik göstərmiş və Koreyanın müharibədən sonrakı azadlığını, birliyini və müstəqilliyini təmin edən qətnamənin qəbuluna nail olmuşdur. 1952-ci ildə onun BMT-nin növbəti Baş katibi olacağı gözlənilmişdir, lakin bu vəzifəyə Daq Hammerşöld seçilmişdir.

Nəsrulla İntizam ABŞ-də yerləşən səfirlikdə diplomatik fəaliyyətinə görə 1950-ci ildə Amerika Birləşmiş Ştatları tərəfindən Fövqəladə və Səlahiyyətli Səfir rütbəsinə layiq görülmüşdür. O, Nyu-Yorkdakı Baş Assambleyada ilk qeyri-xristian diplomat olmuş və 1952-ci ilə qədər İranın ABŞ-dəki səfiri vəzifəsini icra etmişdir. Baş nazir Məhəmməd Müsəddiqin dövründə o, bu vəzifədən uzaqlaşdırılaraq Allahyar Saleh ilə əvəz olunmuşdur. Bunun müqabilində İntizam Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə təyin edilmişdir. 1953-cü ilin avqustunda İranda baş verən dövlət çevrilişindən sonra İntizam ABŞ-dəki əvvəlki vəzifəsinə qaytarılmışdır. Daha sonra o, 1958–1962-ci illərdə İranın Fransadakı səfiri kimi çalışmışdır.

Parisi tərk etdikdən sonra Baş nazir Əsədullah Ələmin kabinetində portfelsiz nazir olmuşdur. 1965-ci il Hindistan–Pakistan müharibəsindən sonra İntizam münaqişə tərəflərinin sərhədlərinin, xüsusən də Kaç Rann bölgəsinin müəyyənləşdirilməsi üzrə mübahisədə hakim və komitə üzvü kimi fəaliyyət göstərmişdir. Sonradan o, Rastaxiz Partiyasının təsis qurultayının sədri seçilmişdir. Amerika Birləşmiş Ştatları Səfirliyinin 1963-cü ilə aid hesabatına görə, İntizam və qardaşı Abdullah Baş nazir Əmininin kabinetində qeyri-rəsmi şəkildə fəal olmuş və on iki il ərzində hər çərşənbə günü görüşmüşlər. Qardaşı cəmiyyətdə nüfuzlu və hörmətəlayiq bir şəxs hesab olunduğu halda, subay olan Nəsrulla parlaq, geyimində zərifliyə önəm verən və eyni zamanda bacarıqlı bir dövlət xadimi kimi xarakterizə edilmişdir.

Son illəri və vəfatı Nəsrulla İntizam 1960-cı illərin sonu – 1970-ci illərin əvvəllərində təqaüdə çıxsa da, müəlliflərin qeydlərinə görə, şahın rəhbərliyi altında müəyyən vəzifələri icra etməyə davam etmişdir. Onun son rəsmi fəaliyyətləri Amerika Birləşmiş Ştatlarının yaradılmasının 200 illiyi qeyd etmələri üzrə komitənin sədri və Rastaxiz Partiyasının həmsədri olmaq idi. Bir neçə il sonra, İslam inqilabından sonra, ailəsinin xaricdə qalmaq barədə xahişlərinə baxmayaraq, Berndəki astma müalicəsini başa vuraraq İrana qayıtmışdır. O, Mehrabad Beynəlxalq Hava Limanına enən kimi dərhal saxlanılmış və siyasi ittihamlarla həbs olunmuşdur. Nəsrulla İntizam Evin həbsxanasında saxlanılmış, orada işgəncələrə məruz qalmış və sonradan insult keçirdiyi üçün xəstəxanaya köçürülmüşdür. İntizam 19 dekabr 1980-ci ildə vəfat etmişdir. Mənbələr onun Tehranda vəfat etdiyini təsdiqləsə də, ölüm yeri barədə dəqiq bir razılığa gələ bilmirlər; bəzi məlumatlara görə, o, öz evində və ya bacısının evində, digər iddialara görə isə həbsxanada və ya xəstəxanada dünyasını dəyişmişdir. Nəsrulla İntizam Behişti-Zəhra qəbiristanlığında dəfn olunmuşdur.

Nəsrulla İntizamın qardaşı Abdullahın oğlu, onun qardaşı oğlu olan Hum Horan Amerika Birləşmiş Ştatlarının diplomatı kimi fəaliyyət göstərmişdir. Nəsrulla İntizam həmçinin masonlar təşkilatının üzvü olmuşdur.

İstinadlar

Kateqoriya:Evin həbsxanasında saxlanılanlar Kateqoriya:İranda siyasi məhbuslar Kateqoriya:İranın Fransadakı səfirləri Kateqoriya:İranın xarici işlər nazirləri Kateqoriya:Qacarlar