Əbül-Abbas Zeynəddin Əhməd ibn Əhməd ibn Əbdillətif əz-Zəbidi (; ) — Hənəfi fəqihi və mühəddis.

Hədis, fiqh, ədəbiyyat, şeir və tarix sahələri ilə üzrə çalışmış alim olan Zeynəddin əz-Zəbidinin daha çox hədisçilik istiqamətində şöhrət qazandığı müşahidə olunmuşdur. Belə ki, o, dövrünün Yəmən mühəddisi kimi tanınmışdır. Mənbələrdə qeyd olunduğuna görə, Zeynəddin əz-Zəbidinin vəfatı ilə Yəmən əhalisinin hədis rəvayətində ali isnad ənənəsi bir dərəcə zəifləmişdir.

Həyatı O, Zəbid şəhərində anadan olmuşdur. Doğum tarixi 1409-cu ildi.

Hədis öyrənməyə çox kiçik yaşlarından başlayan Zeynəddin əz-Zəbidi, Nəfsəddin Süleyman ibn İbrahim əl-Ələvidən "əl-Cəmius-səhih"i dinləmişdir. O, həmçinin Əbu Bəkr ibn Hüseyn əl-Mədəni, Əbül-Fəth Məhəmməd ibn Əbu Bəkr əl-Mədəni, Məcdəddin Məhəmməd ibn Yaqub əş-Şirazi, İbn əl-Xəyyat, Təqiyyəddin əl-Fəsi, İbn əl-Cəzəri, Zeynəddin Əbdürrəhman ibn Məhəmməd əl-Birşəki, Əbül-Qasım əl-Usluqi kimi alimlərdən dini təhsil almış və onlardan "əl-Cəmius-səhih"i, "əs-Sünəni-Nəsai"ni, "Sünəni-İbn Macə"ni, "Müsnədüş-Şafii"ni, "əl-Hisnül-həsin min kəlami-seyyidil-mürsəlin"i, "əl-Uddə"ni, "Tərdül-mükəfəhəan sənədil-musəfəhə"ni, "əş-Şəfa"nı və "əl-Muvatta"nı dinləmişdir.

Zeynəddin əz-Zəbidi təhsilini tamamladıqdan sonra Zəbid və Təiz mədrəsələrində müəllimlik etmişdir. Onun tələbələri arasında İbn əl-Əsirin "Cəmiul-üsul" adlı əsərini müxtəsər hala salan İbn əd-Deybə vardır.

İbn əd-Deybəyə görə, Zeynəddin əz-Zəbidi 1488-ci ildə, gecə vaxtı Zəbiddə vəfat etmiş və səhəri günü dəfn edilmişdir.

Əsərləri Zeynəddin əz-Zəbidinin qələmə aldığı əsərlərdən bəziləri bunlardır:

Ət-Təcridüs-sərih li-əhədisil-Cəmiis-səhih. Təbəqətül-xəvas əhlüs-sidqi vəl-ixlas. Əl-Fəvaid vəs-silət vəl-əvaid. Ət-Tərikətül-vəzihə ilə əsraril-Fatihə. Əl-Cavabüş-şəfi fir-rəd aləl-mübtədiil-cəfi.

Həmçinin bax Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Hənəfilər Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər Kateqoriya:Sünni müsəlmanları