thumb|Sudet Reyxsqau xəritəsi

Sudet böhranı, Sudet vilayətinin ilhaqı, Sudet vilayətinin anneksiyası — Nasist Almaniyasının Çexoslovakiyadan Sudet vilayətinin ona verilməsini tələb etməsi ilə meydana çıxan və 1938-ci ildə aparıcı Avropa dövlətlərini müharibənin astanasına gətirən hadisələr silsiləsidir.

Böhrandan əvvəlki vəziyyət

Başda Sudet vilayəti olmaqla, Çexoslovakiya torpaqlarında yaşayan almandilli əhali ilə Çex hökuməti arasındakı gərginlik Birinci Dünya müharibəsi illərinə qədər uzanır. Sen-Jermen sülh müqaviləsi ilə Çexoslovakiya torpaqlarına qatılmış olan regiondakı təxminən 3 milyonluq almandilli əhali müharibədə Almaniyanı dəstəklədiyi halda, çexlər Antanta dövlətlərinin tərəfində yer almışdılar. Üstəlik, Sovet İttifaqında baş vermiş Oktyabr inqilabından sonra hərbi əsirlərin azad edilməsi ilə formalaşdırılan Çex legionu Almaniyanın müttəfiqi olan Avstriya-Macarıstan imperiyasına qarşı döyüşmüşdü.

Bundan əlavə, 1929-cu il Dünya İqtisadi Böhranı zamanı alman əhalinin sıx yaşadığı sənayeləşmiş regionlarda baş verən iqtisadi tənəzzül, almandilli əhali arasında rəsmi idarəçiliyə qarşı narazılıqlara və getdikcə güclənən bir gərginliyə yol açmışdı.

Böhrandan əvvəlki hadisələr

Avstriyanın ilhaqından sonra Çexoslovakiyanın alman torpaqlarına qatılması hədəfi, 24 iyun 1937-ci ildə feldmarşal Verner fon Blomberq tərəfindən "Fall Grün" ("Yaşıl plan") kod adı ilə gündəmə gətirilmişdir. "Yaşıl plan" Çexoslovakiya torpaqlarının qəfil və basqın xarakterli bir hərbi əməliyyatla istila edilməsi planı idi. Lakin Hitler Çexoslovakiyanın istilasının diplomatik danışıqlar və manevrlərlə süni şəkildə formalaşdırılacaq bir böhranın alovlandırılması nəticəsində, hərbi əməliyyat yolu ilə həyata keçirilməsi xəttini mənimsəmişdi. Beləliklə, Avropa ictimaiyyətinin nəzərində müəyyən bir haqlı zəmin yaradılacaqdı.

Hitlerin hakimiyyətə gəldiyi il olan 1933-cü il, Çexoslovakiyada Sudet Alman Partiyasının (SdP) yaradıldığı ildir. Partiya Konrad Henleyn adlı bir nasizmə simpatiyası olan şəxs tərəfindən təsis edilmişdi, sonadək onun rəhbərliyi altında qaldı və 1935-ci ildən etibarən Almaniyadan hər ay orta hesabla 15.000 mark məbləğində maliyyə dəstəyi almışdı. 1935-ci ilin mayında keçirilən parlament seçkilərində Sudet vilayətindəki almandilli əhalinin üçdə ikisinin səsini qazanan partiya Çexoslovakiyanın ikinci ən böyük siyasi qüvvəsinə çevrilmişdi.

28 mart 1938-ci ildə — Avstriyanın ilhaqından iki həftə sonra Henleyn Hitlerlə görüş keçirdi və yürüdəcəyi siyasət barədə təlimatlandırıldı. İzləniləcək strategiyaya əsasən, Çexiya hökumətindən Sudet almanlarının qanuni sayıla biləcək hüquqları tələb ediləcəkdi; lakin bu tələblər o qədər irimiqyaslı və ağır olmalı idi ki, hökumət tərəfindən qəbul edilməsi qeyri-mümkün olsun.

May böhranı

thumb|Sudet vilayətində yerləşən Krasna Lipa (Almanca: Schönlinde) qəsəbəsində patrul xidməti aparan Çexoslovakiya əsgərləri (Sentyabr 1938). Qeyd: Ərazidəki almanca lövhələr diqqət çəkir.

SdP-nin tələbləri və bunun qarşısında Çexiya hökumətinin nümayiş etdirdiyi mövqe, qısa müddətdə Avropa ictimaiyyətində Çexoslovakiyanın parçalanmasına qədər gedib çıxa biləcək bir böhranın başladığı təəssüratını yaratmış və gərginliyi getdikcə alovlandırmışdır. 20 may 1938-ci ildə Almaniya Baş Qərargahının Hitlerə təqdim etdiyi Çexoslovakiyanın istilası planları barədə məlumat dərhal Britaniya və Fransa rəsmilərinə çatmışdır. Belə bir hücum planı Avropada yeni bir müharibənin başlamaq üzrə olduğunu ortaya qoyurdu və bu hadisə Sudet böhranının — "May böhranı" olaraq da bilinir — başlanğıcı kimi qəbul edilməkdədir.

Almanya ilə Çexoslovakiya arasındakı bir lokal böhranın genişmiqyaslı Avropa müharibəsinə yol açma riski, Çexoslovakiya ilə Böyük Britaniya, Fransa və SSRİ arasında müxtəlif tarixlərdə imzalanmış və Çexoslovakiyanın ərazi bütövlüyünün qarantı rolunu oynayan müqavilələrlə əlaqədar idi. Bu sənədlərə Fransa ilə Çexoslovakiya arasında 1924-cü ildə imzalanan ittifaq müqaviləsi, İtaliya ilə bağlanmış 7 yanvar 1935-ci il tarixli Laval-Mussolini müqaviləsi və Sovet İttifaqı ilə Çexoslovakiya arasındakı qarşılıqlı yardım müqaviləsi daxil idi.

Hitlerin Çexoslovakiyaya qarşı hər hansı bir hərbi müdaxilə planlaşdırmadığını bəyan etməsindən sonra, 1938-ci ilin may ayının sonunda vəziyyət müvəqqəti olaraq sabitləşmişdir. Lakin Sudet Alman Partiyası ilə Çexiya hökuməti arasında davam edən danışıqlar və vilayətdə vaxtaşırı təkrarlanan silahlı qarşıdurmalar gərginliyi yüksək səviyyədə saxlamağa davam edirdi.

5 sentyabr 1938-ci ildə Çexoslovakiya prezidenti Edvard Beneşin Sudet almanlarının liderlərini qəbula çağıraraq onların bütün tələblərini qəbul edəcəyini bildirməsi böhranın kritik nöqtəsi olmuşdur. Halbuki Hitler hər hansı bir kompromis əldə etmək niyyətində deyildi, onun əsas hədəfi Çexoslovakiyanı tamamilə istila etmək idi. Nəticədə Henleyn 7 sentyabrda SdP-nin Çexiya hökuməti ilə yürütdüyü bütün danışıqları birtərəfli qaydada kəsmişdi.Nazi İmparatorluğu, William L. Shirer, cilt 2, sh. 489 Bu danışıqların iflasa düçar olması məsələni Sudet almanları ilə Çexiya hökuməti arasındakı daxili-milli problem müstəvisindən çıxararaq yenidən beynəlxalq böhran səviyyəsinə qaldırmışdı.

Nasist Partiyasının 6 sentyabrda başlayan və 12 sentyabrda başa çatan Nürnberqdəki partiya konqresinin (reydstaqı) sonunda Hitlerin edəcəyi çıxış böyük əhəmiyyət kəsb edirdi. Hitler bu çıxışında Çexiya hökumətinin Sudet almanlarına qarşı "ədalətli" davranmayacağı təqdirdə Almaniyanın bu hüquqları təmin etmək məcburiyyətində qalacağını bəyan etmiş və bu bəyanat Sudet vilayətində genişmiqyaslı silahlı üsyanların alovlanmasına səbəb olmuşdur. Çexoslovakiya hökuməti regiona nizami ordu hissələri yeritmək və hərbi vəziyyət elan etmək məcburiyyətində qalmışdı.

"May böhranı" qədər təhlükəli olan yeni bir mərhələ başlamışdı. 13 sentyabr 1938-ci il gecəsi Böyük Britaniyanın baş naziri Nevill Çemberlen Hitlerə teleqram göndərərək Sudet böhranını şəxsən müzakirə etmək üçün onu Almaniyada qəbul etməsini istəmişdi. Çemberlen 15 sentyabr 1938-ci ildə Almaniyada Hitlerlə ilk görüşünü keçirmişdi. O, öz kabineti və Fransa rəhbərliyi ilə məsləhətləşmələr aparmaq üçün ölkəsinə qayıdarkən Hiterdən bu müddət ərzində hər hansı bir hərbi addım atmayacağına dair zəmanət tələb etmişdi.

Fransa baş naziri Eduard Daladye və xarici işlər naziri Jorj Bonne 18 sentyabr 1938-ci ildə Britaniya hökuməti ilə Sudet böhranını müzakirə etmək üçün Londona səfər etmişdilər. Bu məsləhətləşmələr nəticəsində onlar alman əhalisinin 50 faizdən çox olduğu Çexoslovakiya torpaqlarının Almaniyaya verilməsi barədə müştərək qərara gəlmişdilər. Bundan əlavə, formalaşacaq yeni sərhədlərin toxunulmazlığını hifz etmək üçün beynəlxalq təminat sistemində iştirak edəcəklərini bildirmişdilər. Bu beynəlxalq zəmanət mövcud ikitərəfli müqavilələri əvəz etməli idi.

Çexoslovakiyanın bölüşdürülməsi prosesində Polşa və Macarıstan da ərazi iddiaları ilə çıxış etmişdilər. 21 sentyabr 1938-ci ildə Polşa hökuməti Çexoslovakiyanın Teşen vilayətində plebisit (ümumxalq səsverməsi) keçirilməsini tələb etmiş və sərhədə qoşun yığmışdı. Ertəsi gün Macarıstan da bənzər bir ultimatum tipli tələbi Çexoslovakiya hökumətinə ötürmüşdü.

thumb|Hitleri qarşılayan Sudet almanları

thumb|Sudet Alman Könüllü Korpusuna (Freikorps) bağlı gənc könüllülər, Xeb (Almanca: Eger)

thumb|Sudet vilayətinə daxil olan Hitler, Qraslits (indiki Çexiyanın Kraslitse şəhəri) qəsəbəsində təşkil olunmuş hərbi paradda (4 oktyabr 1938)

Britaniya və Fransa hökumətləri 19 sentyabr 1938-ci ildə Çexoslovakiya rəhbərliyinə Sudet vilayətinin Almaniyaya güzəştə edilməsi barədə qəti qərarlarını rəsmən bildirmişdilər. 20 sentyabrda Çexiya hökuməti bu təklifi rədd etmişdi. Ertəsi gün Britaniya və Fransa rəsmiləri Çexoslovakiya prezidenti Edvard Beneşə şifahi olaraq bildirmişdilər ki, Almaniyanın Çexoslovakiyaya hücum edəcəyi təqdirdə onlar hərbi prosesə müdaxilə etməyəcəklər.

21 sentyabr 1938-ci ildə Çexoslovakiya hökuməti tamamilə çarəsiz qalaraq bu ağır təklifi qəbul etmiş və ardınca istefa vermişdi.

Çemberlen 22 sentyabrda Almaniyada Hitlerlə yenidən görüşərək Almaniyanın ilkin şərtlərinin həm Britaniya, həm Fransa, həm də Çexiya tərəfindən qəbul edildiyini bildirmişdi. Plana görə, Sudet vilayəti plebisit keçirilmədən Almaniyaya buraxılacaqdı, demoqrafik strukturun tam aydın olmadığı qarışıq vilayətlərin statusu isə beynəlxalq komissiyanın qərarına əsasən mərhələli şəkildə Almaniyanın nəzarətinə veriləcəkdi. Lakin Hitler şərtləri daha da ağırlaşdıraraq, ən geci 1 oktyabr 1938-ci ilə qədər Sudet vilayətinin və əhalisinin 50 faizindən çoxu alman olan bütün ərazilərin tamamilə boşaldılaraq Almaniyaya təslim edilməsi şərtini irəli sürmüşdü. Hitlerin bu yeni ultimatumu (görüş Almaniyanın Qodesberq qəsəbəsində keçirildiyi üçün Qodesberq memorandumu olaraq tarixləşmişdir) boşaldılan vilayətlərdəki bütün daşınan əmlakın yerində saxlanılmasını da tələb edirdi. Bu isə o demək idi ki, Sudet vilayətini tərk etmək məcburiyyətində qalan yüz minlərlə çex öz ev əşyalarını belə yanlarında apara bilməyəcəkdi.

Çemberlen 24 sentyabrda Britaniyaya qayıtdıqda kabineti bu yeni memoranduma inandırmağa çalışsa da, həm onun öz hökumət üzvləri, həm də Fransa kabineti bu şərtlərə kəskin etiraz etmişdi. Digər tərəfdən, Çexoslovakiyanın yeni formalaşmış hökuməti də memorandumu qəti şəkildə rədd etmişdi. Fransanın Çexoslovakiyanın ərazi bütövlüyünə yönələn hər hansı bir təcavüzə hərbi yolla cavab verəcəyini bəyan etməsi və ölkədə qismən səfərbərlik elan etməsindən sonra, Böyük Britaniya da Fransanın yanında müharibəyə qoşulacağını deklare etmək məcburiyyətində qalmışdı. Sovet İttifaqının Çexoslovakiya ilə bağladığı müqavilə Fransanın müdaxiləsini ilkin şərt olaraq irəli sürdüyünə görə, belə bir vəziyyətdə SSRİ də müharibəyə daxil olacaqdı. Onsuzda Sovet xarici işlər komissarı Litvinov da hər fürsətdə SSRİ-nin bu müqavilədən yaranan öhdəliklərinə sadiq qalacağını bəyan edirdi.

Hitler 28 sentyabr 1938-ci il saat 14:00-a qədər Qodesberq memorandumunun qəbul edilməsi şərtini qoymuşdu. Bu müddətə qədər çexlərin ultimatumu qəbul etməməsi təqdirdə irimiqyaslı Avropa müharibəsinə start veriləcəyi qaçılmaz idi.

Britaniya baş naziri Çemberlenin yenidən diplomatik vasitəçilik etməsi ilə 29 sentyabr 1938-ci ildə Münhen konfransı çağrılmışdı. Konfransın yekununda imzalanmış Münhen sazişi ilə Hitlerin bütün tələbləri tam şəkildə təsdiq edilmişdi. Çexoslovakiya faktiki olaraq parçalanmış və Avropadakı böyük müharibə təhlükəsi müvəqqəti olaraq aradan qaldırılmışdı.

İstinadlar

Ədəbiyyat siyahısı

История второй мировой войны. 1939–1945. — М., Воениздат, 1974. Т. 2 Кризис и война: Международные отношения в центре и на периферии мировой системы в 30-40-х годах, М.: МОНФ, 1998 Свобода Л. От Бузулука до Праги. — М.: Воениздат, 1963.

Xarici keçidlər

Мюнхен: Семидесятилетие предательства Кризис и война: Международные отношения в центре и на периферии мировой системы в 30-40-х годах L. Svoboda. Ot Buzuluka do Pragi

Kateqoriya:Sudet vilayəti Kateqoriya:Sileziya Kateqoriya:Moraviya Kateqoriya:Bohemiya Kateqoriya:Çexoslovakiya tarixi Kateqoriya:Siyasi tarix Kateqoriya:Avropa tarixi Kateqoriya:İkinci Dünya müharibəsində xarici siyasət Kateqoriya:1938-ci ildə Almaniya Kateqoriya:1938-ci ildə siyasət Kateqoriya:1938-ci ildəki hadisələr Kateqoriya:1938-ci ildəki münaqişələr Kateqoriya:Çexoslovakiya Kateqoriya:Çexoslovakiya tarixi Kateqoriya:Diplomatik böhranlar Kateqoriya:İkinci Dünya müharibəsində xarici siyasət Kateqoriya:İşğal Kateqoriya:Milli azadlıq hərəkatı Kateqoriya:Nasist Almaniyası Kateqoriya:Sudet vilayəti Kateqoriya:Çexoslovakiya–Almaniya münasibətləri