Dövlət Rəmzləri Muzeyi — Azərbaycanın Mingəçevir şəhərində, "Dostluq" parkının ərazisində yerləşən və Azərbaycanın dövlət rəmzlərinə həsr olunmuş muzeydir.

Tarixi Təməli 29 iyul 2019-cu ildə Mingəçevir şəhərinin Dostluq parkında qoyulmuş ikimərtəbəli muzey binası Mingəçevir Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən inşa edilmiş, 25 iyun 2020-ci ildə isə rəsmi açılışı keçirilmişdir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmiş və ekspozisiya ilə tanış olmuşdur.

Layihənin məqsədi Azərbaycanın dövlətçilik tarixini, dövlət rəmzlərinin formalaşması və inkişafını əks etdirən eksponatların bir məkanda nümayiş etdirilməsi olmuşdur.

Xüsusiyyətlər Muzeyin sərgi zalında 9 tematik bölmə yaradılmışdır:

Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən hazırlanmış ayrı-ayrı dövrlərə uyğun Azərbaycan xəritələri; Orta əsr Azərbaycan dövlətləri və xanlıqlarının bayraqları; Orta əsr döyüşçülərini əks etdirən manekenlər və döyüş geyimləri; XIX əsr Azərbaycan şəhərlərinin gerbləri; Qədim metal sikkələr və kağız pul nümunələri; Azərbaycan SSR dövrünə aid bayraq və gerblər; Azərbaycan Silahlı Qüvvələrinin döyüş bayraqları və mərasim geyimləri; Dövlət rəmzlərinə dair kəlamlar, poçt markaları, ordenlər, medallar və döş nişanları; Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərinə aid fotoşəkillər.

Muzey binası müasir memarlıq üslubunda inşa edilmişdir. Muzey kompleksinin yerləşdiyi ərazidə 300 nəfərlik açıq yay səhnəsi də yaradılmışdır.

İstinadlar

Kateqoriya:2020-ci ildə yaradılmış muzeylər Kateqoriya:Azərbaycandakı tarix muzeyləri Kateqoriya:2020-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Mingəçevir şəhərindəki muzeylər Kateqoriya:Mingəçevirin görməli yerləri