Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (qısaca Yaradıcı Mərkəz) — Azərbaycanda mədəni və yaradıcı (kreativ) sənayelərin inkişafına, gənc istedadların, yaradıcı şəxslərin və startapların dəstəklənməsinə xidmət edən mərkəz. Mədəniyyət Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə təsis edilib və 28 dekabr 2024-cü ildə Bakıda açılıb. Mərkəz nazirliyin "Yaradıcı Azərbaycan" proqramı çərçivəsində fəaliyyət göstərir.
Tarixi "Xalq qəzeti"nin məlumatına görə, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi 2022-ci il 22 iyul tarixli Prezident sərəncamı ilə təsdiqlənmiş, 2024-cü ildə isə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmişdir.
Mərkəzin açılışı 28 dekabr 2024-cü ildə keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib, mədəniyyət naziri Adil Kərimli ona mərkəzdə yaradılan şərait barədə məlumat verib.
10 mart 2025-ci ildə Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Yaradıcı Azərbaycan" adlı mədəni və yaradıcı sənayelərə dair təqdimatda nazir Adil Kərimli paytaxtda "Yaradıcı Mərkəz"in təsis edildiyini xatırladaraq onun yaradıcı şəxslərin və startapların dəstəklənməsi üçün mühüm platforma olacağını bildirmişdir. Həmin tədbirdə nazir mədəni və yaradıcı sənaye sahələrinin UNEC mütəxəssisləri ilə birgə təsnifatlaşdırılaraq Nazirlər Kabinetinə təqdim edildiyini, bu sahədə qrant müsabiqəsi üçün 300 min manat vəsait ayrıldığını da qeyd etmişdir.
Məqsədləri Mərkəzin əsas məqsədləri bunlardır: gənc istedadları dəstəkləmək, onların ixtisasını artırmaq və yaradıcılıq potensialının reallaşmasına şərait yaratmaq; mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək; bu sahədə yeni sahibkarlıq subyektlərinin və startapların formalaşmasına və inkişafına dəstək vermək; yerli yaradıcı məhsul və xidmətlərin yaradılmasına və ixracının artırılmasına kömək göstərmək; regionlardan istedadlı gəncləri cəlb etmək.
Fəaliyyəti İnkubasiya proqramları Açılış zamanı açıqlanan məlumata görə, mərkəz musiqi, "Gametech" (oyun texnologiyaları) və "Cultech" (mədəniyyət texnologiyaları) istiqamətlərində üç inkubasiya proqramı həyata keçirirdi. Bu proqramlar çərçivəsində 20 yeni startap yaradılmış, ümumilikdə 50-dən çox rezident mərkəzin xidmətlərindən istifadə edirdi.
Təhsil layihələri Mərkəzdə "Ai4Art" layihəsi çərçivəsində animasiya, musiqi və kino sənayesi, dizayn və digər yaradıcı sahələrdə süni intellektin tətbiqi üzrə ustad dərsləri və təlimlər keçirilir; 2024-cü ilin sonuna bu proqramlarda 200-dən çox gənc iştirak edirdi. Mərkəzin tərkibinə "Yaradıcı Market" bazar platforması və "Yaradıcı Edu.az" tədris platforması da daxildir. "Yaradıcı Edu.az" platformasında kino, animasiya, incəsənət, oyun inkişafı, musiqi və digər sahələr üzrə onlayn və canlı təlimlər təşkil olunur.
Mədəniyyət Nazirliyinin 2023-cü ildən həyata keçirdiyi "Yaradıcı müzakirələr" (Creative Talks) maarifləndirmə layihəsi də mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafına yönəlib.
Young Lions Azerbaijan Cannes Lions festivalının Azərbaycandakı milli seçmə müsabiqəsi olan "Young Lions Azerbaijan 2025"-də "Film" kateqoriyası üzrə xülasə () Mədəniyyət Nazirliyinin "Yaradıcı Mərkəz" layihəsi tərəfindən təqdim olunub. Müsabiqənin qalibləri 2025-ci ilin iyununda Kannda keçirilən festivalda iştirak hüququ qazanıblar. Həmin tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova Yaradıcı Mərkəz çərçivəsində üç inkubasiya proqramının reallaşdırıldığını, 20-dən artıq startapın yaradıldığını və süni intellektin tətbiqinə dair təlimlərdə 400-dən çox iştirakçının yer aldığını bildirmişdir.
İnfrastruktur Mərkəzdə yaradıcı sahələrdə işlər görmək üçün foto və video, səsyazma, animasiya, rəqs və digər studiyalar yaradılıb. Mərkəzin rəsmi saytına görə, iki mərtəbəyə bölünmüş təxminən 1500 kvadratmetrlik məkanda animasiya studiyası, dublyaj və səs yazılışı üçün film studiyası, Dolby Atmos səsyazma studiyası, rəqs studiyası, hər biri 65 nəfərlik dörd təlim otağı, 60 nəfərlik tədbir zalı, fərdi iş masaları və görüş otaqları fəaliyyət göstərir.
Həmçinin bax Yaradıcılıq Mədəniyyət Nazirliyi (Azərbaycan)
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:Azərbaycanın mədəniyyət təşkilatları Kateqoriya:Bakı təşkilatları Kateqoriya:Yaradıcılıq