Toğrul Şəhriyar oğlu Əsgərov () – Azərbaycanı təmsil edən sərbəst güləşçi. 2008-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən Toğrul Əsgərov, 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medala, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə gümüş medala sahib olub. 2015-ci ildə I Avropa Oyunlarının da qızıl medalını qazanan Toğrul Əsgərov, Avropa Çempionatlarında bir dəfə – 2012-ci ildə qalib olub. Dünya Çempionatlarında isə Toğrul Əsgərov 2010-cu ildə gümüş medala sahib olub. Toğrul Əsgərov Olimpiya Oyunlarının qalibi olan ən gənc Azərbaycan idmançısıdır (19 il, 10 ay, 25 gün).
Toğrul Əsgərov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Həyatı Toğrul Əsgərov 1992-ci il sentyabrın 17-də Gəncə şəhərində anadan olub. Əvvəl cüdo ilə məşğul olub. 2005-ci ildən isə "Təhsil" İdman Klubunda məşqçi Elçin Zeynalovun rəhbərliyi altında güləş idman növü ilə məşğul olan Toğrul Əsgərov, 1998–2009-cu illərdə Gəncə şəhərində 7 nömrəli tam orta məktəbdə, 2009–2013-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb.
Karyerası Toğrul Əsgərov 2007-ci ilin aprelində sərbəst güləş üzrə Gəncə Çempionatının qızıl medalına sahibi oldu. 2008-ci ilin yanvarında isə o, yeniyetmələr arasında beynəlxalq turnirin qalibi oldu.
2008-ci il: Latviyada yeniyetmələr arasında Avropa çempionluğu Toğrul Əsgərovun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri 2008-ci ildə Latviyanın Dauqavpils şəhərinin ev sahibliyində baş tutan yeniyetmələr arasında Avropa Çempionatı oldu. Toğrul Əsgərov yeniyetmələr arasında Avropa Çempionatının 1/8 final mərhələsində Ermənistan nümayəndəsi Qari Xamoyana 2:0 (8:0, 4:0), 1/4 final mərhələsində Polşa nümayəndəsi Patris Dvorziça 2:0 (6:0, 4:0), 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Özbəxan Güçlüya 2:0 (8:1, 4:1) hesabı ilə qalib gəldi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşündə isə Toğrul Əsgərov Gürcüstan nümayəndəsi Zurabi Yaqubişvilini 2:0 (6:0, 8:1) hesabı ilə məğlub etdi və yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.
2009-cu ilin mayında Toğrul Əsgərov İzmir şəhərində baş tutan yeniyetmələr arasında beynəlxalq turnirdə mübarizə apardı. Turnirin final görüşündə o, Gürcüstan nümayəndəsi Zurabi Yaqubişvilini məğlub etdi və turnirin qalibi oldu.
2009-cu il: Serbiyada yeniyetmələr arasında Avropa çempionluğu Toğrul Əsgərov beynəlxalq səviyyədə növbəti qızıl medalına da yeniyetmələr arasında Avropa Çempionatında sahib oldu. Toğrul Əsgərov 2009-cu ilin iyulunda Serbiyanın Zrenyanin şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının 1/8 final mərhələsində İsrail nümayəndəsi Beniamin İsaqovu 2:0, 1/4 final mərhələsində Moldova nümayəndəsi Maxim Perpelitanı 2:0, 1/2 final mərhələsində isə ötən il baş tutan yeniyetmələr arasında Avropa Çempionatının final görüşündə qalib gəldiyi Gürcüstan nümayəndəsi Zurabi Yaqubişvilini 2:0 hesabı ilə məğlub etdi və növbəti dəfə turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşündə isə Toğrul Əsgərov Rusiya nümayəndəsi Həbib Batirova 2:0 hesabı ilə qalib gəldi və növbəti dəfə yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.
Yeniyetmələr arasında Avropa çempionluğundan sonra Toğrul Əsgərov, Azərbaycanın Milli Qəhrəmanı, güləş məşqçisi Əliyar Əliyevin xatirəsinə həsr olunan gənclər arasında turnirin də qalibi oldu. 2009-cu ilin noyabrında isə o, şəhər çempionatının qızıl medalına sahib oldu.
2010-cu il: Dünya Çempionatında gümüş medal Toğrul Əsgərov 2010-cu ildə gənclər arasında Avropa Çempionatında mübarizə apardı. Toğrul Əsgərov 28 iyun-4 iyulda Bolqarıstanın ev sahibliyində baş tutan gənclər arasında Avropa Çempionatının 1/8 final mərhələsində Yunanıstan nümayəndəsi İlyas Rzayevi 2:0 (6:0, 6:0), 1/4 final mərhələsində Bolqaırtan nümayəndəsi Krum Çuçurovu 2:0 (8:0, 6:0), 1/2 final mərhələsində isə Ukrayna nümayəndəsi İqor Xavalcini məğlub etdi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşündə isə Toğrul Əsgərov 2008-ci ildə yeniyetmələr və gənclər arasında Avropa Çempionatının qalibi olan Gürcüstan nümayəndəsi Vladimir Xinçeqaşvili ilə üz-üzə gəldi. Görüşün birinci hissəsində Xinçeqaşvili 5:4, növbəti hissəsində isə Əsgərov 8:2 hesabı ilə qalib gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan üçüncü hissədə isə Toğrul Əsgərov rəqibinə 4:1 hesabı ilə qalib gəldi və gənclər arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.
Daha sonra Toğrul Əsgərov Macarıstanın Budapeşt şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Toğrul Əsgərov 1/16 final mərhələsində Misir nümayəndəsi İbrahim Fərəh Abdelhahimi 2:0, 1/8 final mərhələsində Kanada nümayəndəsi Yahob Hergenheini 2:0, 1/4 final mərhələsində isə Yaponiya nümayəndəsi Kyohei Yagonu 2:0 hesabı ilə məğlub etdi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Toğrul Əsgərov ötən il baş tutan yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalçısı Özbəkistan nümayəndəsi Nodiryon Səfərov ilə üz-üzə gəldi və rəqibinə 2:0 hesabı ilə qalib gəldi. Bununla da o, final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Toğrul Əsgərov iyunda baş tutan yeniyetmələr arasında Avropa Çempionatının final görüşündə qalib gəldiyi Gürcüstan nümayəndəsi Vladimir Xinçeqaşvili ilə üz-üzə gəldi. Bu səfərdə görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Görüşün birinci hissəsində Xinçeqaşvili 1:1, növbəti hissəsində isə Əsgərov 4:1 hesabı ilə qalib gəldi. Üçüncü hissədə isə Vladimir Xinçeqaşvili 4:2 hesabı ilə qalib gəldi və yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. Karyerası ərzində birinci dəfə məğlub olan Toğrul Əsgərov isə yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.
Üç il ərzində 2 dəfə gənclər arasında Avropa Çempionatının qızıl medalına, bir dəfə isə yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib olan Toğrul Əsgərov, sərbəst güləş üzrə Azərbaycanın əsas yığmasına dəvət olundu və 6–12 sentyabrda Rusiyada baş tutan Dünya Çempionatında mübarizə apardı. Toğrul Əsgərov Dünya Çempionatının 1/16 final mərhələsində Kamerun nümayəndəsi Henri Mohi Ndiveni 2:0 (6:0, 8:0), 1/8 final mərhələsində Monqolustan nümayəndəsi Bayaraagiin Naranbaatarı 2:0 (4:2, 4:0), 1/4 final mərhələsində isə Belarus nümayəndəsi Rizvan Hacıyevi 2:0 (4:0, 5:0) hesabı ilə məğlub etdi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə o, Yaponiya nümayəndəsi Yasuhiro İnaba ilə üz-üzə gəldi. Görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Görüşün birinci hissəsində Əsgərov 6:0, növbəti hissəsində isə İnaba 1:1 hesabı ilə qalib gəldi. Üçüncü hissədə isə Toğrul Əsgərov 2:1 hesabı ilə qalib gəldi və gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Yasuhiro İnabaya qalib gəldi. Bununlada o, Dünya Çemionatının final görüşünə vəsiqə qazandı. Final görüşündə isə Toğrul Əsgərov Rusiya nümayəndəsi Vihtor Lebedev ilə üz-üzə gəldi. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Birinci hissədə Lebedev 1:0, növbəti hissədə isə Əsgərov 4:0 hesabı ilə qalib gəldi və görüşün qalibi üçüncü hissədə məlum oldu. Həlledici hissədə də qalib gələn güləşçi Lebedev oldu. Bu səfərdə 1:0 hesabı ilə qalib gələn Lebedev, Dünya Çempionatının qalibi oldu. 7 gün sonra 18 yaşı tamam olan Toğrul Əsgərov isə debüt Dünya Çempionatında gümüş medalın sahibi oldu (Toğrul Əsgərov Dünya Çempionatında 10 sentyabrda mübarizə apardı).
Dünya Çempionatından sonra Toğrul Əsgərova noyabrda Fransada baş tutan beynəlxalq turnirdə mübarizə apardı və final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
2011-ci il: Gənclər arasında Avropa çempionluğu Toğrul Əsgərov 2011-ci ilin 10–14 fevralda İstanbul şəhərində baş tutan Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Nəticələrə əsasən o, turnirin bürünc medalına sahib oldu.
Toğrul Əsgərov 2011-ci ilin martında Avropa Çempionatlarında debüt etdi. Toğrul Əsgərov Almaniyanın Dortmund şəhərinin ev sahibliyində baş tutan Avropa Çempionatının 1/16 final mərhələsində Ukrayna nümayəndəsi Vasil Fedorişin ilə üz-üzə gəldi və rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Bununla da Toğrul Əsgərov Avropa Çempionatında 22 idmançı sırasında 14-cü pillənin sahibi oldu.
Avropa Çempionatından sonra Toğrul Əsgərov apreldə Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda mübarizə apardı və turnirdə bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medalın sahibi oldu.
Mayda isə Toğrul Əsgərov Almaniyada baş tutan gənclər arasında Komandalararası Dünya Kuboku turnirində mübarizə apardı. Nəticələrə əsasən Azərbaycan yığması turnirin qalibi oldu.
Daha sonra Toğrul Əsgərov 8–10 iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı. 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Malxaz Zarxuaya 2:0 hesabı ilə qalib gələn Toğrul Əsgərov, 1/4 final mərhələsində Azərbaycan nümayəndəsi Ağahüseyn Mustafayeva 1:2 hesabı ilə məğlub oldu. Ağahüseyn Mustafayev final görüşünə vəsiqə qazandığına görə isə Toğrul Əsgərov bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı. Toğrul Əsgərov təsəlliverici qrupun birinci görüşdə Bolqarıstan nümayəndəsi Radoslav Velihovu 2:1, bürünc medal uğrunda görüşdə isə Gürcüstan nümayəndəsi Beha Lomtadzeni 2:1 hesabı ilə məğlub etdi və Qızıl Qran-Pri beynəlxalq turnirin bürünc medalına sahib oldu.
Daha sonra Toğrul Əsgərov Rumıniyanın Buxarest şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Ötən il baş tutan Dünya Çempionatının gümüş medalına sahib olan Toğrul Əsgərov, bu səfər qızıl medala sahib olmağa iddialı idi. Toğrul Əsgərov 1/16 final mərhələsində Ermənistan nümayəndəsi Volodya Franqulyanı 2:0, 1/8 final mərhələsində Özbəkistan nümayəndəsi Maruf Nurillayevi 2:0, 1/4 final mərhələsində Rusiya nümayəndəsi Murşid Mütəllimovu 2:1, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Ömər Uzanı 2:1 hesabı ilə məğlub etdi və növbəti dəfə yeniyetmələr arasında Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Final görüşündə isə onun rəqibi ABŞ nümayəndəsi Logan Jefferi Stieber oldu. Toğrul Əsgərov həmin görüşün birinci hissədə 1:1, növbəti hissədə isə 6:4 hesabı ilə qalib gəldi və yeniyetmələr arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.
Toğrul Əsgərov yeniyetmələr arasında Dünya Çempionatının qalibi olsa da, 12–18 sentyabrda İstanbul şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında mübarizə aparmadı. Sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçiləri onun əvəzinə Zəlimxan Hüseynovun Dünya Çempionatında mübarizə aparmasını məqsədəuyğun hesab etdi. 2012-ci ildə London şəhərində baş tutacaq XXX Yay Olimpiya Oyunlarına lisenziya verən Dünya Çempionatında, Zəlimxan Hüseynov yeddinci pillənin sahibi oldu və London Olimpiadasına vəsiqə qazana bilmədi.
Toğrul Əsgərov isə 11–14 noyabrda Rusiyada baş tutan Komandalararası Alrosa Cup beynəlxalq turnirində mübarizə apardı. Turnirin final görüşündə Rusiya yığmasına məğlub olan Azərbaycan güləşçiləri, turniri gümüş medalla başa vurdu.
Toğrul Əsgərov 2011-ci ilin sonlarında Azərbaycan Çempionatında çıxış etdi və final görüşündə Ağahüseyn Mustafayev üzərində qələbə qazanaraq turnirin qalibi oldu.
2012-ci il: London Olimpiadasında zəfər Toğrul Əsgərov 2012-ci ilin fevralında baş tutan Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və birinci görüşündəcə məğlub olaraq 33 idmançı sırasında 28-ci pillənin sahibi oldu.