Mirməhəmmədrza Seyidəliyev və ya Məhəmməd Tuğay () — Cümhuriyyət tələbəsi, siyasi mühacir.
Bakı 2-ci kişi gimnaziyasında orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Parisdə ali təhsil alıb. Təhsilini bitirdikdən sonra Türkiyəyə köçüb.
Həyatı
İlk illəri Seyidəliyev Mirməhəmmədrza Mirabutalıb oğlu 1898-ci ildə Şamaxıda anadan olub. 1909-cu il sentyabrın 4-də orta təhsil almaq üçün Bakı 2-ci kişi gimnaziyasına daxil olub.
1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Mirməhəmmədrza bəy 1919-cu il mayın 24-də gimnaziyanı bitirib. Bakı Dövlət Universiteti açıldıqdan sonra 1919-cu il sentyabın 1-də Mirməhəmmədrza Seyidəliyev universitetin tibb fakültəsində təhsil almağa başlayıb. 200px|thumb|left|Öndə: Bəhram bəy Hüseynzadə, Arxada: Abdulla Rəhimzadə, İsmayıl Axundov, Mirməhəmmədrza Seyidəliyev, Yusif Salahlı və Həmid Xəlil. 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib. 1919-cu il noyabrın 8-də Mirməhəmmədrza Seyidəliyev maarif nazirinə yazdığı məktubda Berlin şəhərində tibb fakültəsində dövlət hesabına ali təhsil almaq istədiyini bildirib. 1919-cu il dekabrın 31-də təhsilini bitirdikdən sonra Azərbaycan Cümhuriyyəti hökumətinin göstərdiyi yerdə 4 il işləyəcəyi haqqında və oxuyacağı dövlətin ərazisində heç bir siyasi və partiya işinə qoşulmayacağı haqqında dilkağızları verib. 1920-ci il yanvarın 14-də Mirməhəmmədrza Seyidəliyevə Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi haqqında 552 saylı vəsiqə verilib.
Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Mirməhəmmədrza Seyidəliyev əvvəlcə Berlində daha sonra isə Parisdə təhsil alıb. Azərbaycanda sovet işğalından sonra təqaüdləri kəsildiyi üçün təhsilini yarımçıq qoyub. Əvvəlcə İtaliyaya daha sonra isə Türkiyəyə köçüb. Azərbaycanda sovet işğalından sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün hazırladıqları tələbələrin siyahısında Mirməhəmmədrza bəyin adı yoxdur.
Mühacirətdə Mirməhəmmədrza Seyidəliyev Azərbaycanın İstiqlal Bəyannaməsini imzalamış 26 nəfərdən biri olan, mühəndis Ələsgər bəy Mahmudbəyovun qızı Aliyə xanım ilə ailə qurub. 1923-cü ildə Türkiyəyə köçüb.
Mühacirətdə ikən özünə Məhəmməd Tuğay adını götürüb. 1938-ci ildə SSRİ-nin Türkiyəyə təzyiqinin nəticəsində digər azərbaycanlı mühacirlər Abbasqulu Kazımzadə, Xəlil bəy Xasməhəmmədov ilə birlikdə Türkiyədən deportasiya olunub. İkinci Dünya müharibəsi illərində Almaniyada fəaliyyət göstərib. 1941-ci ilin avqust ayında Almaniyada hərbi əsirlərin işi üzrə komissiya yaradılıb. Azərbaycandan olan hərbi əsirlərlə işləmək üçün Məhəmməd Tuğay rəhbər təyin olunub. 1942-ci ilin mart ayında Azərbaycan mühacirlərinin təmsilçisi Məhəmməd Tuğay və əsir düşmüş azərbaycanlı əsgərlərin təmsilçisi Beytulla Babayevin rəhbərliyi ilə Azərbaycan Legionu yaradıldı. 1943-cü ilin oktyabr ayında yaradılmış Azərbaycan Əlaqə Heyətinə üzv seçilib. Bir müddət Berlində yerləşən “Radio verilişləri xidməti”nin Azərbaycan redaksiyasına başçılıq edib. 1943-cü ildə Berlində keçirilmiş Milli Azərbaycan Qurultayında çıxış edib. Bu qurultaydakı çıxışında o deyib:Almaniyada Şərq Əraziləri Nazirliyinin işləri üzrə Reyx Komissarlığı ilə əlaqələr üzrə diplomatik şöbənin əməkdaşı olub. 1944-1945-ci illərdə onun və köməkçisi Səlim Şeyxzamanlının rəhbərliyi ilə Almaniyada cəbhədə müxtəlif dərəcəli yaralar almış azərbaycanlı əlillər İtaliyaya təxliyyə olunublar.
1970-ci illərdə Misirdə yaşayıb.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Vəfat tarixi bilinməyənlər Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Türkiyə azərbaycanlıları