Firuz Əli oğlu Məlikov () — professor (1935), Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü (1948).
Həyatı Firuz Məlikov 7 yanvar 1902-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1921-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunmuş, lakin burada təhsilini yarımçıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş və 1927-ci ildə həmin ali məktəbi bitirmişdir.
Əmək fəaliyyəti Firuz Məlikov Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əvvəlcə Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonra isə Zootexnika-bitkiçilik fakültələrinin dekanı vəzifələrində çalışmışdır. O, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsini icra etmişdir. Firuz Məlikovun əməyi nəticəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat institutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır.
Akademik Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetində isə Genetika kafedrasında professor kimi çalışmışdır. Firuz Məlikov 1962–1965 illərdə Bakı Dövlət Universitetində Genetika və davrinizim kafedrasının professoru olmuşdur. O, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu 1979-cu ildən onun adını daşıyır. Gəncə şəhərində akademik Firuz Məlikovun yaşadığı küçəyə onun adı verilmişdir.
Elmi fəaliyyəti Firuz Məlikov 1948-ci ildə "Azərbaycanda Qaragülçülük" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda heyvandarlıq sahəsi üzrə ilk elmlər doktoru olmuşdur. Ona 1935-ci ilin oktyabr ayında SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə professor adı verilmişdir. Firuz Məlikov 1948-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasına Azərbaycandan ilk həqiqi üzv seçilmişdir. Alim 250-dən çox fundamental elmi əsərin müəllifidir. Elmi əsərlərin sırasında dərsliklər, dərs vəsaitləri, elmi-kütləvi əsərlər var.
Ölümü Firuz Məlikov 12 noyabr 1965-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
Mükafatları Firuz Məlikov Azərbaycanda heyvandarlığın inkişafı sahəsindəki uğurlarına görə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanına, habelə "Lenin" ordeninə, "Qırmızı əmək bayrağı" ordeninə və bir çox medallara layiq görülmüşdür.
Həmçinin bax Firuzabad (Göygöl)
İstinadlar
Kateqoriya:Salyanda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri