Elman Süleyman oğlu Hüseynov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1958–1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973–1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir.

1980–1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1982–1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985–1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988–1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.

Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir.

Evli idi. Üç övladı yadigar qalıb.

Döyüşlərdə iştirakı 1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.

Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib.

Təltif və mükafatları Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə mayor Elman Süleyman oğlu Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

50px (15 yanvar 1995) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)

İrsi və xatirəsi Tərtər rayonunda və Bakı şəhərində adına küçə var. Bundan əlavə qəhrəmanın büstü qoyulub və qəhrəmanın adına muzey var.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 120. Hüseynov Elman Elman Hüseynov Tofiq Yusif "Ölümlə üz-üzə", Hüquq Ədəbiyyatı-2008. ("Əbədiyaşarlıq" oçerki) səh.20–21.

İstinadlar

Xarici keçidlər Milli Qəhrəmanlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Mirbəşir Rayon Xalq Deputatları Sovetinin deputatları