Milli Azərbaycan Tarixi Muzeyi və ya Azərbaycan Tarix Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.

Muzeyin tarixi

1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir.thumb|"H.Z.Tağıyevin portreti". 1912-ci il

Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi.

30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi. Məktəblərdə tarixin tədrisinə artırılan diqqət yeni tarix və tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə müşayiət olundu. Azərbaycan XKŞ-in 31 mart 1936-cı il qərarına görə Azərbaycan Dövlət Muzeyinin yenidən qurulması tarix profilli muzeyin yaradılması və onun Azərbaycan Tarixi Muzeyi adı ilə yenicə təşkil edilmiş Ittifaq EA-nın Azərbaycan filialına verilməsi ilə nəticələndi. Bu, keçmiş Dövlət muzeyinin tərkibindən 1934-cü ildə ondan şaxələnərək ayrılmış Teatr muzeyindən başqa, qeyri-tarix profilli digər sahələrin də ayrılmasına və yeni muzeylərin (Təbiət, Incəsənət, Ateizm və din, Ədəbiyyat və b.) yaranmasına səbəb oldu. 30-cu illərin sonu – 40-cı illərin əvvəllərində baş verən kütləvi repressiya və müharibə alimlərin və muzey işçilərinin sıralarını seyrəltdi. Akademiyanın ayrı-ayrı institutlarında struktur dəyişiklikləri edildi. Hətta 1941-ci ildə bu vaxtadək müstəqil qurum olan Tarix Muzeyi (o dövrdə Azərbaycan xalqlarının Tarixi Muzeyi) fəaliyyətini yeni təşkil olunmuş Tarix, Dil və Ədəbiyyat Institutunda Muzey şöbəsi adı ilə davam etdirdi. 1943-cü ildə Azərbaycan Tarixi Muzeyi EA Azərbaycan filialının qərarı ilə Rəyasət heyətinin nəzdində yenidən müstəqil vahid qurum kimi təsdiq edildi.

Bütün bu müddət ərzində 1941-ci ilədək həm Tağıyev mülkündə, həm də Şirvanşahlar Sarayında əsasən müxtəlif tarixi mövzularda sərgilər təşkil edən Muzey (1941–1952-ci illərdə Tağıyev mülkündə AzSSR XKŞ, sonralar Nazirlər Soveti yerləşdirilmişdi) müharibə və sonrakı illərdə elmi-tədqiqat (xüsusilə arxeoloji) işlərinə daha çox üstünlük verirdi. Bu isə Muzeydə bilavasitə öz istiqamətinə uyğun işlərin zəifləməsinə gətirib çıxartdı. Yalnız 1953-cü ildə Tağıyev mülkünün yenidən Muzeyə qaytarılması və dövlətin muzey quruculuğu sahəsində gördüyü tədbirlər Tarix Muzeyində xalqımızın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması üçün şərait yaratdı.

Muzeydə hazırda 6 elmi şöbə (Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin ekspozisiyası, Azərbaycanın yeni dövr tarixinin ekspozisiyası, Azərbaycanın ən yeni dövr tarixinin ekspozisiyası, Etnoqrafiya, Numizmatika və epiqrafika, Elmi-ekskursiya və kütləvi işlər şöbələri), Muzey əşyalarının bərpası laboratoriyası, 12 fond, 4 qrup və kitabxana fəaliyyət göstərir. Azərbaycan Tarixi Muzeyində ekspozisiya, elmi-tədqiqat, elmi-kütləvi və fond işlərinin əsas istiqamətlərini tarix elminin son illərdə əldə etmiş olduğu nailiyyətlərə və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərinə əsaslanaraq ekspozisiyanın qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi, Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən maddi və mənəvi mədəniyyət abidələrinin toplanması və mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilərdə nümayişi və təbliği təşkil etmişdir.

Yarandığı ilk gündən həm mədəni-maarif, həm də elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən Azərbaycan Tarixi Muzeyinin işi haqqında danışarkən tez-tez "birinci" və ya "ilk dəfə" sözlərini işlətmək lazım gəlir. Belə ki, hələ 1925-ci ildə Xocalıda və Naxçıvanda təşkil olunan arxeoloji ekspedisiyalar Azərbaycan ərazisində qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu. Sonrakı illərdə muzey əməkdaşları Qafqaz Albaniyasının paytaxtı Qəbələdə, orta əsr şəhərləri Gəncədə, Xarabagilanda, Örənqalada arxeoloji tədqiqatlar apardılar. Qəbələ rayonu ərazisində aşkar edilən Yaloylutəpə mədəniyyəti Böyük Qafqaz ərazisindəki maraqlı tapıntılardan oldu. Azərbaycan tarixinin erkən orta əsrlər dövrünün mühüm məsələlərini işıqlandıran Mingəçevir arxeoloji ekspedisiyası isə əldə edilən elmi nəticələrinə görə o dövrdə respublika, hətta Ittifaq miqyasında böyük uğur kimi qiymətləndirildi. Məhz bu ekspedisiyanın materialları muzeyin salonlarının yaraşığına çevrildi, neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynadı.

2004–2007-ci illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olundu. Muzeyin yeni avadanlıqla təchiz olunması, prezidentin və hökumətin ayırdığı investisiya ilə nadir muzey ekponatlarının bir hissəsinin bərpa və konservasiya edilməsi və bunun nəticəsində tariximizin bütün dövrlərinin daha dolğun təqdim olunması indi olduğu kimi bundan sonra da muzeyi ölkənin tarixi-mədəni irsinin qoruyucusu edəcəkdir. Muzeyin 10 otağında Azərbaycan xalqının görkəmli oğlu Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin açılması vətəninə və xalqına hədsiz xidmətlər göstərmiş "el atası"nın xatirəsini əbədiləşdirmiş, onun görk olacaq həyat və fəaliyyətini işıqlandırmışdır. 2001-ci ildən başlayaraq hər il nəşr olunan elmi toplu Muzeyin hələ ötən əsrin 50-ci illərindən çıəxan və burada aparılan elmi tədqiqat işlərinin nəticələrinə həsr olunan elmi məqalələr toplusunun davamıdır. 2005-ci ildən "milli" statusunu almış Azərbaycan Tarixi Muzeyi bu gün ölkə prezidentinin qayğısı ilə respublikanın çox mühüm elmi-mədəni ocağına çevrilmişdir. 2007-ci ildə öz qapılarını yeni ekspozisiya ilə tamaşaçıların üzünə açan muzey Azərbaycan tarixinin daha ətraflı və obyektiv təqdim olunması məqsədilə elmi tədqiqat və mədəni-maarif işlərini bir qədər də genişləndirmiş, fəaliyyətini elmin inkişafı üzrə Milli Strategiyaya uyğun qurmuşdur. Açılışdan sonra muzeydə keçirilən müxtəlif mövzulu sərgilər, elmi-praktiki seminar və konfranslar, muzey əməkdaşlarının hazırladıqları kitab, buklet, kataloq və toplular həm mütəxəssislərin, həm də Azərbaycanın tarixi, onun maddi və mənəvi mədəniyyəti ilə maraqlananların rəğbətinə səbəb olmuşdur. 2016-cı ildən etibarən muzeydə Azərbaycan Xalq Cümhuriyyəti bölməsi fəaliyyət göstərir. Muzeyimizin 90 illiyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 mart 2010-cu il tarixli sərəncamı ilə dövlət səviyyəsində qeyd edildi. Yubiley ili çərçivəsində muzeydə 6 sərgi təşkil olunmuş, 1 respublika və 1 beynəlxalq elmi konfrans keçirilmiş, 10 adda müxtəlif kitab nəşr olunmuşdur.

2013-cü ildən Muzeydə "Tağıyev klubu", eləcə də "Gənc muzeyşünaslar və muzeysevərlər kulubu" və "Kinoklub" fəaliyyət göstərməktədir.

2015-ci ilin iyun ayının 15-də Milli Azərbaycan Tarixi Muzeyinin 95 yaşı tamam oldu.

2020-ci ilin iyun ayından Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur. Muzeylərin inkişafı üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bu qərar bu gün Azərbaycan dövləti tərəfindən uğurla həyata keçirilir. Dövlət başçımızın tapşırığı ilə muzeyimizin 100 illiyi ərəfəsində Tağıyev sarayında müasir muzey quruculuğu səviyyəsində bərpa və təmir işlərinin başlanması, ekspozisiyanın muzeyşünaslığın dünya təcrübəsi prinsiplərinə əsaslanan təkmilləşdirilməsi müstəqil ölkəmizdə muzey fəaliyyəti sahəsində əsas dövlət prinsipinin həyata keçirilməsinin bariz nümunəsidir. Azərbaycan prezidentinin Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında verdiyi sərəncamı isə şəxsən onun özünün tariximizə, mədəniyyətimizə xüsusi qayğı və diqqət göstərdiyini bir daha sübut edir.

Sərt karantin rejiminin yumşaldılmasından sonra – 2020-ci il iyunun 17-də Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi keçirildi.

Muzey binasının tarixi Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin (1865–1904) layihəsi əsasında inşa edilən Tağıyev sarayı Bakının ən gözəl binalarından biridir.

İ.Qoslavski 1891-ci ildə Bakıda tikilən Aleksandr Nevski kilsəsinin inşasına nəzarət üzrə mütəxəssis qismində Bakıya ezam olunmuşdu. İ.Qoslavski 1893–1904-cü illərdə şəhərin baş memarı vəzifəsini tutub. Onun müəllifliyi ilə Bakıda memarlıq cəhətdən gözəl olan on iki bina tikilib. H. Z. A. Tağıyevin sarayı 1895–1901-ci illərdə inşa olunub. Nəhəng günbəzlərlə tamamlanan bu üç mərtəbəli sarayın bir tərəfi Baryatinski (indi Ə.Əlizadə), digərləri Polis (indi Y. Məmmədəliyev), Merkuri (indi Z. Əliyeva), fasadı isə Qorçakov (indi H. Z. A.Tağıyev) küçələrinə baxırdı. Otaqların iki sıralı tikilişi sarayın daxili həllinin əsasını təşkil edir.

İki qapalı həyət ətrafında mərasim və yaşayış otaqları qruplara ayrılıb. Binanın iki aralı mərmər pilləkənləri olan ön hissəsi Qərbə baxır. İkinci mərtəbənin anfiladasında nəbati naxışlı pilyastrlarla bəzədilmiş Avropa zalı yerləşirdi. Şərq zalı isə özünün əzəməti, ornamentlərin təmtəraq və zərifliyi ilə fərqlənirdi. Mərkəzində kiçik fəvvarə olan qış bağı Şərq zalına birləşdirilmişdi. H.Z.Tağıyevin kabineti, yemək, qonaq və başqa otaqlar palıd ağacı ilə bəzədilmişdir. Hacının həyat yoldaşı Sona xanımın öz orijinallığı ilə seçilən buduarının — kiçik qonaq otağının tavanı fiqurlu güzgülü lövhəciklərdən yığılmışdı. thumb|Şərq zalına aparan pilləkən Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışmışdı. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilmişdi. Evdə istilədici və soyuducu sistemlər quraşdırılmışdı. İmarət hər dörd tərəfdən üç mərtəbədən idi, otaqların hər birisinin ucalığı 1320 metrə çatırdı. Sarayın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilmiş, yeri Rusiyadan gətirilmiş təbii rəngli ağcaqayın taxtalardan döşənmişdi. Təkcə binanın tikintisinə (xaricdən gətirilən mebel və avadanlıq nəzərə alınmasa) 1,2 milyon rubl vəsait xərclənmişdi.

Aşağı mərtəbədə H.Z.Tağıyevin kontoru və bir sıra başqa otaqlar, ikinci mərtəbədə isə yaşayış otaqları, kabinet və iki zal — Avropa və Şərq zalları, eləcə də iki seyf otağı, təmizlik otaqları, mətbəx, hamam və s. yerləşirdi. Y.Məmmədəliyev küçəsinə ayrıca çıxışı olan üçüncü mərtəbə 16 otaqdan ibarətdir. 1914-cü ildən sarayda H.Z.Tağıyevin başçılıq etdiyi Bakı Tacir bankı da yerləşirdi.