Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) () — Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir.
Həyatı Əli bəy Hüseynzadə 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir.Xatirə gecəsi keçirilib // Azərbaycan müəllimi qəzeti Atası Molla Hüseyn Qafqaz müsəlman ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə müəllim təyin olunduğundan Əli bəy də bu şəhərdə yaşamış və ilk təhsilini də bu məktəbdə almışdı. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu. Görkəmli ictimai xadim Ziya Gökalp (1876–1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır. Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyümüşdü. Şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşmışdı. Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, Türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olmuşdur. Mirzə Fətəli Axundzadə Ziya Gökalp tərəfindən də böyük Türkçü kimi qəbul edilmişdir. Bu faktlar Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında yazdıqlarını təkzib edir. Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə Türkçülüyün əsaslarını izah etdiyini, "Turan" adlı şeirinin Turançılıq (Pan–Turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirmişdir. 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Burada dövrün məşhur elm xadimləri – Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "Xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə. Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada Darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib. Əli bəy Hüseynzadənin Qaracaəhməd məzarlığındakı qəbri|thumb|200px
Ailəsi thumb|200px|left|Şeyxülislamın portreti, Hüseynzadənin çəkdiyi portret Nəslin ilk bilinən nümayəndəsi şeyxülislam Axund Əhməd Salyanidən qabaq 39 il Qafqaz şeyxülislamı olmuş Axund Məhəmmədəli Salyanidir (1791–1852). Məhəmmədəlinin qardaşı Əlidən Axund Əhməd Salyani (1812–1884) dünyaya gəlib. Əli bəyin nənəsi Hüsniyyə şeyxülislam Axund Məhəmmədəlinin iki qızından biridir. Digər qızı isə Nisə xanımdır və Əli bəyin çəkdiyi "Azərbaycanlı ailəsi" tablosunda təsvir olunan yaşlı qadın məhz Nisə xanımdır. Şeyxülislam Axund Əhməd isə Hüsniyyənin həyat yoldaşıdır. Axund Əhmədlə Hüsniyyənin iki qızı vardı: Xədicə və Fatma. Xədicə xanım Qruzma bəylərindən Kazım bəy Hüseynzadənin dörd oğlundan ən kiçiyi olan Molla Hüseyn Hüseynzadə ilə ailə qurmuşdu. Kazım Hüseynzadənin Axund Əhmədlə ya qardaş, yaxud da əmioğlu olduqları ehtimal edilir. Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə" anası "Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır". Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı. 1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişdi. "Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə. Hüseynzadə). İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Liondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir" (Ə. Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur. Qızı Feyzavər Alpsar 2020-ci ildə 101 yaşında İstanbulda dünyasını dəyişib. Qardaşı İsmayıl Hüseynzadə 1868-ci il martın 17-də Salyanda anadan olub və 1941-ci ildə sürgün edildiyi Qazaxıstanda 1943-cü ilin qışında dünyasını dəyişib. İsmayıl bəy də Əli bəy kimi əvvəlcə ruhani idarəsinin yanındakı məktəbdə, sonra Tiflis Gimnaziyasında təhsil almışdı. Tiflis 1 saylı Gimnaziyasının direktoru Markovanın imzaladığı 2 yanvar 1889-cu il tarixli arayışda bildirilir ki, İsmayıl Hüseynzadə gimnaziyaya 1878-ci ildə daxil olub və 1889-cu ildə nənəsinin xahişinə əsasən təhsilini yarımçıq qoyaraq gimnaziyadan azad edilsə də, ona məktəbi bitirən digər gimnazistlərin malik olduğu səlahiyyətləri veriblər. İsmayıl Hüseynzadə 1925-ci ilə kimi Salyan 1 saylı ikinci dərəcəli Müttəhid Zəhmət Məktəbində dərs demişdi və məktəb pedaqoji şurasının katibi olmuşdu. İsmayıl Hüseynzadə xalası Fatmanın qızı Mina xanımla ailə qurmuşdu. Bu evlilikdən Sultan Hüseynzadə, Azərbaycan Cümhuriyyəti dövründə ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri Bəhram Hüseynzadə, Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında təhsil almış Firidun Hüseynzadə və Bakı Sənaye İnstitutunu bitirmiş Şəmsəddin Hüseynzadə dünyaya gəlmişdi. Əli bəy Hüseynzadə|150x150px|thumb|Əli bəy Hüseynzadə 200x200px|thumb|Əli bəy Hüseynzadə qafqazlı geyimində. 1908-ci il
Yaradıcılığı Ə. Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə. Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə. Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır.Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 282. Bu qəzet Ə. Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Ə. Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn, o deyirdi: Həqiqətin də dadı və ləzzəti var. Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər… Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar. Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur… thumb|200px|left|"Bibi-Heybət məscidi", Hüseynzadənin çəkdiyi tablo XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər. "Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.