Salmanbəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Salmanbəyli kəndi Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Salmanbəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Toponimikası Kəndin keçmiş adı Kəbirli (digər mənbələrdə Barak) olmuşdur. Burada yaşayan əhali sırf Kəbirli tayfasına mənsubdur. Kəndin adını daşıyan Salman bəy Əlibəyov isə Müsəlman Sosial-Demokrat Hümmət təşkilatının Şuşa qəzasının fəal üzvlərndən biri olmuş, 1927-ci ildə Sovet hakimiyyətini qəbul etməyənlər tərəfindən öldürülmüşdür.Salmanbəyli kəndinin adı əvvəllər Kəbirli tayfasının adı ilə əlaqədar Kəbirli olmuşdur. Ötən əsrin 20-ci illərinin sonunda kənd formalaşıb yaranarkən kəndə sovet inqilabçısı, - 1927-ci ildə Sovet hakimiyyətindən narazı qüvvələr tərəfindən öldürülmüş Salmanbəy Əlibəyovun şərəfinə Salmanbəyli adı verilmişdir. Lakin bəzi ehtimallara görə, kəndə Salmanbəyli adı inqilabçı Salmanbəyə görə deyil, vaxtilə kəndin ağası olan Salman bəy Kəbirlinskiyə görə verilmişdir. Tarixi həqiqət isə birinci variantı – inqilabçı Salmanbəy Əlibəyovun adı ilə bağlı variantı təsdiq edir. Çünki adı qeyd olunan Salman bəy Kəbirlinski XIX əsrin ikinci yarısında yaşamışdır. Tarixi sənədlərdə isə Salmanbəyli kəndinin adı qeyd olunmur. Hətta 1916-cı il fevral ayının birində Yelizavetpol (indiki Gəncə) şəhərinin notariusunda həmin Salmanbəy Kəbirlinskinin oğlu Balabəy Salmanbəy oğlu Kəbirlinskinin Kəbirli kəndinin (indiki Salmanbəyli- Ş.A. sakini Salmanhacı Məmmədqulu oğlu Ələsgərovla öz aralarında bağladığı və dövlət notariusu İ.V.Moskviç tərəfindən təsdiq olunmuş etibarnamədə də kəndin adı Salmanbəyli deyil, Kəbirli kimi təqdim olunur. Şirxan Aranlı. “Ağcabədi” (Ensiklopedik toplu) I nəşr. “Zərdabi Nəşr” MMC. Bakı, 2021, 912 səh. səh.-313
Tarixi və coğrafi vəziyyəti Kənd 1928-ci ildən başlayaraq yaranmışdır.Ağcabədi rayon mərkəzindən 10 km. cənub-qərbdə, Mil-Qarabağ düzündə, Xocavənd kəndinin yaxınlığında yerləşir. Kəndin ərazisi 12,7 kv.km, əhalisi isə 2564 nəfərdir. Kənddə 448 ev və 473 fərdi təsərrüfat var (01 yanvar 2020-ci il məlumatına əsasən). Şirxan Aranlı. “Ağcabədi” (Ensiklopedik toplu) I nəşr. “Zərdabi Nəşr” MMC. Bakı, 2021, 912 səh. səh.-312 . Kəndin dəniz səviyyəsindən hündürlüyü 31 metrdir.
Tarixi abidələri Böyük Vətən Müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış abidə kompleksi 416-cı milli atıcı diviziyanın Taqanroq uğrunda həlak olan əsgəri Ənnağı Bünyadovun büstü Qarabağ müharibəsi şəhidi Əlfi Məmmədovun büstü Qalatəpə arxeoloji mədəniyyəti Üçtəpə kurqanları Xantəpə kurqanları Govurarx kanalı
Əhalisi Əhalisinin sayı 2425 nəfərdir (2013-cü il). Həmçinin kənddə 106 nəfər (26 ailə) məcburi köçkün məskunlaşmışdır.
Tanınmış şəxsləri Əlvan Əliyev — tarixçi alim, jurnalist, politoloq Əhməd Elbrus — filologiya üzrə fəlsəfə doktoru, şair, naşir Ənvər Əhməd — filologiya üzrə fəlsəfə doktoru, şair, dramaturq Əbülfət Misiroğlu — yazıçı, publisist, jurnalist
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə 861 hektar pay torpağı, 1016 hektar dövlət torpaq fondundan götürülmüş icarə torpaqları, 48 hektar bələdiyyə torpağı vardır. 1 yanvar 2013-cü ildə kənddə 2253 baş iribuynuzlu və 8078 baş xırdabuynuzlu heyvan, həmçinin ev quşları 8453 ədəd, 60 ədəd arı ailəsi olmuşdur.Süleyman Kəbirli. Tarixi mahal-kəbirli eli. Bakı: 2013, səh.99 Kənddə 1 Sudan İstifadəedənlər Birliyi, 5 ticarət obyekti vardır.
Mədəniyyəti Kənddə 1 mədəniyyət evi, 1 kənd kitabxanası, 1 poçt şöbəsi, 1 elektron ATS mövcuddur.
Təhsil Kənddə 1 tam orta məktəb və 1 uşaq bağçası fəaliyyət göstərir.
Din Kənddə "Heydər" məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .
Səhiyyə Kənddə 1 həkim məntəqəsi, 1 aptek, 1 baytarlıq apteki mövcuddur.
İstinadlar
Xarici keçidlər http://agcabedi-ih.gov.az/page/11.html
Həmçinin bax
Kateqoriya:Ağcabədi rayonunun kəndləri