Leyli və Məcnun () — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160–1197) ithaf etmişdir. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim "Leyli və Məcnun" dastanı dayanır.
4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.
Nizami "Leyli və Məcnun" poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. "Leyli və Məcnun"da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir. Əsərin bu hissəsində orta əsr həyat həqiqətlərinin güclü ifadəsi müşahidə edilir. İkinci halda isə, mövcud ictimai mühitdə insan səadətinin qeyri-mümkünlüyü fonunda yalnız maddi aləmi seyr edib ruhani aləmdəki əbədi gözələ qovuşmaq yolu ilə xoşbəxtliyə çatmağın mümkünlüyü göstərilir.
Məzmunu
300px|thumb|right|Nizami məqbərəsi yanında Leyli və Məcnun heykəli Atasının nəzirlərindən sonra nəhayət ki, Məcnun dünyaya gəlir. Onun adını Qeys qoyurlar və naz-nemət içərisində böyüdürlər. Daha sonra təhsil alması üçün Qeysi məktəbə verirlər. O, qəbilə qızları ilə birlikdə oxuyur. Bu qızlar içərisində Leyli adlı gözəl bir qız var, Qeys onu görür və sevir. Qız da onu sevir. Bu eşq dilə-dişə düşür. Qeysə Məcnun ləqəbi verirlər. Leylini isə ondan ayırırlar. Qeys hər gecə xəlvət sevgilisini görməyə gedir və ayrılığa aid şerlər oxuyur. O, artıq evindən və ailəsindən uzaqlaşır. Bir gün Məcnun Leylinin çadırı yanından keçərkən onu görür. Hadisədən xəbərdar olan ata elçi gedir. Leylinin atası onları yaxşı qəbul etsə də, qızı verməkdən boyun qaçırır. Məcnunun atası məyus halda geri dönür və oğluna nəsihət edib başqa qızla evləndirmək istəyir. O, heç kəsin nəsihətini eşitmir, çöllərə düşür, ümidlə yaşayır. Qohumları şəfa üçün onu Kəbəyə aparmağı məsləhət görürlər. Kəbədə Məcnun Allahdan şəfa əvəzinə eşq istəyir.
Leylinin qəbiləsi onları biabır edən şairi – Məcnunu öldürmək istəyirlər. Ata hadisədən xəbərdar olub oğlunu axtarır, tapa bilmir, nəhayət yerini öyrənib yanına gedir və oğlunu çox pis halda görür. Daha sonra Məcnun atasından üzr istəyir. Bu müddətdə Leyli evdə məhbus qalır, hər zaman Məcnundan xəbər gözləyir. Nəcddən əsən külək ona yarından salam gətirir, bazardan gələn uşaqlardan özü haqqında Məcnunun söylədiyi və dillərə düşən şerləri eşidir, evin yanından keçənlərin oxuduğu bayatıları toplayır, onlara cavab yazır və yalnız bununla təsəlli tapır. Leyli yazdığı şerləri küçəyə atır, yoldan ötənlər isə bu şerləri tapıb Məcnuna çatdırırlar. Beləliklə iki sevgili arasında əlaqə davam edir.
Baharın gözəl günlərinin birində, Leyli öz rəfiqələri ilə birgə seyrə çıxır. Bu zaman bir nəfər Məcnunun qəzəlini oxuya-oxuya yol keçir və Leyli onun sözlərini eşidir. Özünü saxlaya bilməyən Leyli qəzəli oxuyan şəxs tərəfə qaçır. Hadisədən Leylinin anası xəbər tutur. Bundan sonra Leylini ev dustağı edirlər. Ərəb böyüklərindən olan İbn Salam Leylini istəyir. Elçi göndərir, qızı ona nişanlayıb xəstəliyi yaxşı olana qədər ata evində qalmağı vədə alır.
Nofəl adlı bir qəhrəman ova çıxdığı zaman Məcnuna rast gəlir. O, gəncin macərasını eşidir, ona kömək etmək istəyir. Məcnunu ümidvar edir, ona mehribanlıq edib paltar geyindirir, gözəl şerlərinə qulaq asır. Nofəl məktub yazıb qızı Məcnun üçün istəyir, yoxsa işin müharibə ilə həll olunacağını bildirir. Leylinin atası vuruşa hazır olduğunu bildirir. Müharibə baş verir. Məcnun Leylinin qəbiləsindən ölənlərə acıyır, Leyli isə atasının məğlub olmasını istəyir, öz sevgilisinə çatmaq üçün dua edir. Nofəl qalib gələ bilməyəcəyini düşünüb sülh bağlayır. Daha sonra Nofəl yeni qüvvə toplayıb təkrar hücuma keçir. Bu zaman Leyli qəbiləsi məğlub olur. Leylinin atası xahiş edir ki, qızımı öldür, bir qula ver, amma bu dəliyə ərə vermə. Bu sözlərin qarşısında aciz qalan Nofəl müharibədən əl çəkir. Məcnun ona tən edib səhraya qaçır.
Müharibədən sonra toy edən İbn Salman Leylini öz evinə köçürür. Lakin, toydan sonra Leyli ona yaxınlıq vermir. İbn Salam Leyliyə yaxınlaşmağa çalışdığı zaman qız ona elə bir sillə vurur ki, Salam ölü kimi yerə yıxılır. Məcnun isə Leylinin ərə getməsindən xəbər tutur. Leylinin xəyalına şikayət edən Məcnunu atası yenidən çöllərdə tapır. Məcnun atasını tanımır, atası özünü nişan verdikdən sonra Məcnun onun ayaqlarına düşür. Atası Məcnuna çox qocaldığını və ölüm ayağında olduğunu deyir, oğlundan geri dönməsini xahiş edir. Məcnun atasından üzr istəyir və özünü ölmüş bilməyi xahiş edir. Ata, oğlu ilə vidalaşıb geri dönür və bir neçə gün sonra ölür. Atasının ölümünü Məcnuna xəbər verirlər, o məzar üstünə gələrək nalə edir və yenidən səhraya çəkilir.
Bir gün bir süvari Məcnuna Leylidən məktub gətirir. O, Leylini görməsini söyləyib onun biqərarlığından danışır və məktubu ona təqdim edir. Öz halından bəhs edən Leyli Məcnunun atasının ölməsini eşitdiyini və yas saxladığını söyləyir. Məcnun sevinir və cavab yazır. Məcnunun Səlimi-Amiri adlı dayısı onun üçün paltar və yemək gətirir. Məcnun anasının halını soruşur. Bunu eşidən Məcnun evə dönüb bacısını oğlunun yanına gətirir. Oğlunun halını görən ananın ciyəri yanır. Ana, oğlunu evlərinə çağırır, ona nəsihət verir. Evə döndükdən sonra Məcnunun anası vəfat edir. Səlim yemək və paltar gətirərkən Məcnuna anasının ölməsini xəbər verir. Bunu eşidən Məcnun özündən gedir.
Leyli Məcnunla görüşmək üçün yer müəyyən edir. Təyin olunmuş vaxtda Məcnun gəlir. Leyli uzaqda əyləşib Məcnunun qəzəlinə qulaq asır. Məcnun arzularını ifadə edən bir qəzəl oxuyur, sonra yenə səhraya qayıdır. Məcnunun şöhrəti aləmə yayılır. Onun qəzəlləri dildən-dilə gəzir. Bunu eşidən Salam Bağdadi Məcnunun görüşünə gəlir və onun söylədiyi şeirləri toplamaq istəyir. Məcnun əvvəl onu geri döndərmək istəsə də, Salam yalvarıb onun yanında qalır. Zeynəb adlı bir qıza aşiq olmuş Zeyd Leyli ilə tanış olur və bu iki sevgili arasında vasitəçilik edir. Leylinin əri qızdırmaya tutulub və ölür. Leyli Məcnunu çağırtdırır və o, heyvanlarla birlikdə gəlir. Heyvanlar qaravul çəkir və onlar otaqda görüşürlər. Hər ikisi özündən gedir, onlar dərdləşib yenidən ayrılırlar. Payız vaxtı yetişir, Leyli xəstələnir, anasına Məcnuna deyiləsi sözləri vəsiyyət edib ölür. Zeyd əhvalatı bilib Məcnuna xəbər gətirir. Məcnun sevgilisinin qəbri üstə gəlib növhə edir və qəbir üstündə ölür. Ətrafa toplanmış heyvanların qorxusundan heç kim onlara yaxınlaşa bilmir. Bir ildən sonra heyvanlar dağılışırlar, Məcnunu da Leylinin qəbrində dəfn edirlər.
Personajlar
Leyli
250px|thumb|right|Gəncədə "Leyli və Məcnun" heykəli Nizami Leyli obrazında gözəlliyə məhəbbəti tərənnüm etmişdir. Bu gözəlliyin məzmuu və mündəricəsi olduqca genişdir. O, şüur, əxlaq, ənənə gözəlliyi, həyat və yaşamaq gözəlliyidir. Məcnun şerlərində tərənnüm olunan bu gözəlliyi cəmiyyət də dərk etməlidir və bu gözəllikdən zövq almaq üçün əvvəlcə poeziyanın, sənətin gözəlliyini duymalıdır, həyat həqiqətlərini bu poeziyadan əxz etməlidir.
Nizaminin təsvirinə görə Leylinin saçından bənövşə qıvrım verərdi. Qönçənin ətrindən bac alardı, çəmən mükündən xərac istəyərdi. Çingiz Sasani yazır ki, Leyli Nizaminin estetik idealıdır. O, yaranmışların ən gözəlidir. Bu romantik təsvirdə Leylinin gözəlliyinin həddi-hüdudu yoxdur. Onun gözəlliyini təbiətdə olan heç nə ilə müqayisə etmək olmaz.
Nizami Leylinin gözəlliyini ideal səviyyəyə qaldırır. Leylinin gözəlliyi qarşısında göylər də, pərilər də baş əyir, yer-təbiət ondan utanır. O. "kiçik bir qəmzəsi ilə bir yox, min könül alırdı." Leyli görkəmdə "ərəb ayı, könül almaqda isə Əcəm türkü" idi.
Leylinin ideal gözəlliyini özünün romantik təxəyyülündə bu cür cazibəli şəkildə təsvir edən Nizami, öz qəhrəmanı üçün eyni zamanda ideal ictimai həyat şəraiti arayırdı. Leyli bir estetik ideal kimi mövcud tarixi şəraitin estetik düşüncələrinə zidd idi. Bu ziddiyyət Leylinin evdə dustaq edilməsində, nəcib hisslərinin cilovlanmasında, ixtiyaratının əlindən alınmasında əyani şəkildə özünü büruzə verir. Leyli bu məhkumiyyətə etiraz edir, öz şəxsi könül arzularının tələbi ilə azad həyat sürmək istəyir.
Məcnun
200px|thumb|left|Mir Seyid Əli — Məcnun Leylinin çadırı qarşısında, I Şah Təhmasibin Xəmsə əlyazmasına çəkilmiş miniatür, 1539–1543, Təbriz məktəbi, Britaniya Milli Kitabxanası Nizamiyə qədərki ərəb mənbələrində Məcnun haqqında verilmiş rəvayətlər çox vaxt dumanlı və ziddiyyətli şəkildə nəql olunur. Bu səbəbdən həmin rəvayətlərin heç birində Məcnunun tarixi şəxsiyyət olması təsdiq olunmur. İ.Y. Kraçkovski yazır ki, Məcnun haqqında mövcud olan zəngin material heç də onun tarixi şəxsiyyət olmasını təsdiq etmir, əskinə, onu bir az da dolaşıq vəziyyətə salır. "Nəğmələr kitabı"nda bəni-Üməyyə dövrünün poeziyasını toplayan Əyyub ibn Əbayənin dilindən bu rəvayət verilir: "Mən, Amir qəbiləsində bu qəbilədən olan Məcnun haqqında nəsilbənəsil sorudum və onu tanıyan bir adam tapmadım". Eyni fikri 787-ci ildə ölmüş İsa ibn Dəb də söyləmişdir: "Amir qəbiləsindən olan bir nəfərdən soruşdum: "Məcnunu tanıyırsanmı, hər hansı bir şerini söyləyə bilərsənmi? O cavab verdi: "Məgər, biz ağıllıların şerindən üz çevirmişik ki, ağılsızların şerləeini söyləyək. Onlar çoxdurlar…"
İ. Y. Kraçkovski Məcnunun şəxsiyyəti və onunla bağlı macəranın yayılmasını az çox aydınlaşdıra biləcək belə bir ehtimal irəli sürür ki, bəni-Üməyyə nəslindən Məcnun əhvalatını uyduran gənc həmin kor filoloq Əvanə ibn əl-Hikəm (764-cü ildə ölmüşdür) olmuşdur. O, Kufə mədrəsəsinin alimi olub, istila və poeziya tarixi sahəsində böyük nüfuza malik idi. Digər tərəfdən əl-Mütəz qeyd edir ki, Əvanə Üməyyə tərəfdarlarından idi və "Üməyyənin tarixini yazmışdı." "Əl-Fihrist"də onun "Müaviyyə və Üməyyəlilərin tərcümeyi-halı" adlı əsərinin adı çəkilir. Kraçkovski belə bir nəticəy gəlir ki, "Əvanənin sözünə görə, Məcnun əhvalatını uyduran, Üməyyə nəslinə məncub o gənci xatırlayaraq düşünmək lazımdır ki, bu romantik üməyyəlinin tarixinin yaradılmasında o özü iştirak etmirmi?" Bu fikri Əyyub ibn-Əbayə də təsdiq edir. İbrahim ibn əl-Münzir "Nəğmələr kitabı"nda onun dilindən belə bir əhvalat danışır ki, "mərvanilərdən hansı bir gənc isə özlərindən qızı sevmiş, onun haqqında şerlər demiş və onları Məcnun adıyla yazmışdır."
Nizami Qeysi dövrün böyük alim-şairi kimi təqdim edir. O, adi hadisələri yoxsul şerində nəzmə çəkən cılız bədəvi şairi deyil, dünyanın çoxlarına bəlli olmayan sirrlərini, platonik eşqi tərənnüm edən qüdrətli şairdir. Nizamiyə görə təlim-tədris görməyən belə istedadları təsəvvür etmək olmaz. Şair poemaya "Qeysin məktəbə getməsi" fəslini artırmaqla, hadisələrə elmi-məntiqi boya vermiş və bəzi folklor-əsatir ənənələrinin gerçəklikdən uzaq olduğunu göstərməyə çalışmışdır. Məcnun müstəsna dərəcədə bilikli və nadir istedada malik bir şairdir. Məcnun poeziyanın ecazkar qüdrəti ilə Nizaminin insanpərvər ideallarını xalqın qulağına çatdırmaq, onun ruhuna təsir etməklə yeni əxlaqi keyfiyyətləri onda aşılamaq istəyir. Romantik, ideal eşqi tərənnüm edən Məcnunun şerləri tez bir azamanda xalqın arasında yayılır. Salam Bağdadi Məcnunun görüşünə gələrək onun şerlərini toplayır, özü ilə o dövrün elm və mədəniyyət mərkəzi olan Bağdada aparır. Ümumilikdə "Məcnun, cəmiyyətdən və insanlardan deyil, namərd, sədaqətsiz insanlardan, haqq və hüquqları tapdalayan cəmiyyətdən qaçmışdır."
Digər Məcnunun atası — ardıcıl olaraq oğluna kömək etməyə çalşır. Elçi gedərək Leylini Qeys üçün almaq istəsə də, Leylinin atası imtina edir. Bundan sonra oğlunu başqa qızla evləndirməyə çalışır. Məcnun səhraya qaçdıqdan sonra onun yanına gələrək öyüd nəsihət verir. Sağalması üçün oğlunu Həcc ziyarətinə aparır. Məcnunun anası — Səlimi-Amirinin köməyi ilə oğlu ilə əlaqə saxlayır. Səhrada oğlu ilə görüşən ana onun pis vəziyyətdə olmasından məyus olur. Evə qayıtdıqdan bir neçə gün sonra isə dərddən vəfat edir.