Suzanna Mari Kork () və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Həyat və karyerası SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir.

SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur.

Avroviziya Mahnı Müsabiqəsi SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.

SuRie daha öncə 2015-ci ildə Belçika təmsilçisi Loik Notteni və 2017-ci ildə isə yenə də Belçikanı müsabiqədə təmsil edən Blanşı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir.

Böyük Britaniya Böyük Beşlik ölkələrindən biri olduğu üçün SuRie 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur. Nəticədə ifaçı 26 ölkə təmsilçisinin yarışdığı final şousunda 48 xal toplayaraq, 24-cü yerdə qərarlaşmışdır.

Finalda SuRie səhnədə çıxış etdiyi zaman "Dr. Activist" ləqəbi ilə tanınan siyasi fəal səhnəyə qalxaraq, ifaçının mikrofonunu əlindən almış və "Böyük Britaniya mətbuat nasistləri, biz azadlıq tələb edirik!" deyə bağırmışdır. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra ifaçı çıxışını başa vurmuşdur. Hadisənin ardınca Avropa Yayım İttifaqı Böyük Britaniya təmsilçisinə bir daha səhnə almaq fürsəti tanısa da, SuRie imtina etmişdir.

Diskoqrafiya Albomlar Albom adı İl Something Beginning With... 2016

Sinqllar Mahnı adı İl "Lover, You Should've Come Over" 2017 "Storm"2018 "Taking It Over"

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Birləşmiş Krallıqda doğulanlar Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:2018 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Birləşmiş Krallığın "Avroviziya" təmsilçiləri