Məcid Musazadə, Məcid Qarsalanlı və ya Məcid Qarsalani () — azərbaycanlı tarixçi, jurnalist, siyasətçi və siyasi mühacir.
Bakı İqtisadi Texnikumunu və Azərbaycan Dövlət Universitetini bitirib. Nizami adına Dövlət Ədəbiyyat Muzeyində elmi işçi olub. 1941-ci ildə hərbi xidmətə çağırılıb. Bir neçə ay komandirlik kurslarında təhsil alıb. 1942-ci ildə Rostov istiqamətində gedən döyüşlər zamanı almanlar tərəfindən əsir götürülüb.
Azərbaycan Legionunun fəaliyyətində iştirak edib Legionerlər üçün nəşr olunan "Azərbaycan" və "Hücum" qəzetlərinin baş redaktoru olub. "Məcid Qarsalani" təxəllüsündən istifadə edib. Milli Azərbaycan Qurultayının təşkilatçılarından biri və Milli Birlik Məclisinin üzvü olub.
1951-ci ildə Nyu-Yorkda Ənvər Sultanzadə ilə birlikdə ilk "Amerika–Azərbaycan Cəmiyyəti"ni yaradıb. 1953-cü ildən etibarən Azadlıq Radiosunda fəaliyyət göstərib. 1977–1979-cu illərdə radionun Azərbaycan xidmətinin rəhbəri olub. 1972-ci ildə "Əli və Nino" romanını Azərbaycan türkcəsinə tərcümə edib və əsər Azadlıq radiosu vasitəsilə təxminən il yarım hissə-hissə səsləndirilib.
Azərbaycanla bağlı ictimai-siyasi məsələlərdə fəaliyyət göstərib. 20 Yanvar faciəsi və Qarabağ münaqişəsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatına və digər beynəlxalq qurumlara müraciətlər göndərib. Azərbaycan folkloru, Stalin repressiyaları və Qarabağın tarixi ilə bağlı araşdırmaların müəllifi olub. "Qarabağın zəngin tarixinə dair" adlı əsər yazıb.
Həyatı
İlk illəri Məcid Abdullətif oğlu Musazadə 1914-cü il oktyabrın 10-da Bakıda anadan olub. Əslən Qərsələ kəndindəndir. Yeddiillik məktəbi bitirdikdən sonra Bakı İqtisadi Texnikumuna daxil olub. 1933-cü ildə texnikumunu bitirdikdən sonra üç il mühasib vəzifəsində çalışıb.
1936-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Tələbəlik illərində alman dilini mükəmməl mənimsəyib və universitetdə bu dildə divar qəzeti nəşr etdirib. Müxtəlif mövzularda yazdığı məqalələr dövri mətbuatda dərc olunub.
1939–1941-ci illərdə Nizami adına Dövlət Ədəbiyyat Muzeyində tarix və orta əsrlər tarixi şöbəsində elmi işçi vəzifəsində fəaliyyət göstərib.
İkinci Dünya müharibəsində 200px|thumb|right|Məcid Musazadə (sağda) 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan və Şərq cəbhəsinin açılmasından sonra Məcid Musazadə hərbi xidmətə çağırılıb. Əvvəlcə bir neçə ay Bakıda yerləşən Salyan kazarmalarında komandirlik kurslarında təhsil alıb daha sonra isə cəbhəyə göndərilib. 1942-ci ildə Rostov istiqamətində gedən döyüşlər zamanı əsir düşüb. Alman dilini mükəmməl bildiyi üçün Berlinə aparılıb.
Azərbaycan Legionunun fəaliyyətində iştirak edib. Legionun mətbu orqanı olan "Azərbaycan" qəzetində əvvəl redaktor, daha sonra isə baş redaktor vəzifələrində çalışıb. Qəzetin birinci buraxılışından başqa bütün buraxılışları Məcid Musazadənin baş redaktorluğu ilə çap olunub. Legionerlər üçün nəşr olunan "Hücum" qəzetinin də baş redaktoru olub. Burada fəaliyyət göstərdiyi dövrdə bacarıqlı publisist kimi tanınıb. Məqalələrini "Məcid Qarsalani" təxəllüsü ilə dərc etdirib.
1943-cü ildə Berlində keçirilən Milli Azərbaycan Qurultayının təşkilatçılarından biri olub. Əbdürrəhman bəy Fətəlibəylinin rəhbərlik etdiyi Milli Birlik Məclisinin üzvü olub.
1945-ci ilin martında Berlinin bombardmanı zamanı "Azərbaycan" qəzetinin redaksiyası yanğın nəticəsində fəaliyyətini dayandırıb. Bundan sonra Məcid Musazadə və qəzet əməkdaşı Zahid Ağayev Günzburq şəhərindən keçərək İtaliyaya gedib.
Mühacirətdə İkinci Dünya müharibəsindən sonra Məcid Musazadə bir müddət Almaniyanın Sennestadt bölgəsində yerləşən Böyük Britaniya işğal qüvvələrinin qərargahında müşavir vəzifəsində çalışıb.
Daha sonra ABŞ-də yaşayıb. 1951-ci ildə Nyu-Yorkda Ənvər Sultanzadə ilə birlikdə ilk "Amerika–Azərbaycan Cəmiyyəti"nin yaradılmasında iştirak edib. Cəmiyyət əsasən İkinci Dünya müharibəsindən sonra ABŞ-yə mühacirət etmiş azərbaycanlı mühacirləri, o cümlədən Azərbaycan legionunda fəaliyyət göstərmiş şəxsləri ətrafında birləşdirirdi. Təşkilat Türkiyə və Avropa ölkələrində yaşayan azərbaycanlı mühacirlərlə məktublaşmalar vasitəsilə əlaqələr saxlayırdı.200x200px|thumb|left|Məcid Musazadə Qüds müftisi Əmin əl-Hüseyni ilə söhbət edərkən. 1942-ci il.1951-ci ildə Ceyhun Hacıbəylinin redaktorluğu ilə nəşr olunan Azərbaycan Milli Birlik Məclisinin mətbu orqanı olan "Azərbaycan" jurnalının redaksiya heyətində fəaliyyət göstərib. Jurnalda məqalələrini öz adı ilə "Məcid Musazadə" imzası ilə dərc etdirib.
1953-cü ildə "Qurtuluş" adı ilə fəaliyyətə başlayan Azadlıq Radiosunun Azərbaycan xidmətində çalışmaq üçün Münxenə köçüb.1977–1979-cu illərdə Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri olub.
1954-cü ildə yenidən Nyu-Yorka köçən Məcid Musazadə bir müddət Amerikanın səsi radiosunda çalışıb. 1955-ci ildən etibarən Çingiz Göygöl tərəfindən nəşr olunan "Mücahid" jurnalında məqalələri ilə çıxış edib. 1956-cı ildə Macarıstanda sovet işğalına qarşı baş vermiş xalq üsyanından sonra Nyu-Yorkda üsyana dəstək məqsədilə keçirilən tədbirdə Məcid Musazadə Azərbaycanın təmsil olunması üçün Azərbaycanın üçrəngli bayrağı hazırlayıb və 1956-cı ildə Nyu-Yorkdakı "Roosevelt" hotelində keçirilən tədbirdə qaldırıb. Bu hadisə Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın üçrəngli dövlət bayrağının ABŞ-də ictimai tədbirdə ilk dəfə nümayiş etdirilməsi kimi qiymətləndirilir. Məcid Musazadə sonrakı 33 il ərzində həmin bayraqdan Azərbaycanla bağlı müxtəlif tədbirlərdə istifadə edib, daha sonra onu Azərbaycan Xalq Cəbhəsinə təqdim edib.
Jurnalistika fəaliyyəti ilə yanaşı, Məcid Musazadə ədəbi fəaliyyətlə də məşğul olub. O, 1972-ci ildə "Əli və Nino" romanını Azərbaycan türkcəsinə tərcümə edib və əsər Azadlıq Radiosu vasitəsilə təxminən il yarım hissə-hissə səsləndirilib. Məcid Musazadə Azərbaycan folkloru, Stalin repressiyaları və Qarabağın tarixi ilə bağlı araşdırmaların müəllifi olub. Bu mövzulara dair "Qarabağın zəngin tarixinə dair" adlı əsər yazıb.
Ömrünün son illərində Məcid Musazadə Azərbaycanla bağlı ictimai-siyasi məsələlərdə fəal mövqeyini davam etdirib. O, 20 Yanvar faciəsi və Qarabağ münaqişəsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatına və digər beynəlxalq qurumlara müraciətlər göndərib. 20 Yanvar faciəsindən sonra, 24 yanvar 1990-cı ildə Azərbaycan Milli Birliyi təşkilatının adından Münxendən azərbaycanlılara müraciət edib. Müraciətində xalqın həmrəyliyinin və milli birliyin vacibliyini vurğulayıb. O, həmçinin Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq informasiya vasitələrinin və müxtəlif təşkilatların mövqeyini tənqid edib.
20 Yanvar qırğınından sonra 15 fevral tarixində ABŞ-də səfərdə olan Turqut Özal törədilən qırğın haqqında verilən suala verdiyi cavab bir çox etirazlara səbəb olub. Turqut Özal cavabında Azərbaycanla Türkiyənin məzhəb fərqinin olduğunu eləcə də Sovet İttifaqında türkcə danışan, müsəlman olan qruplara qarışmaq istəmədiyini bildirib. Buna cavab olaraq Məcid Musazadə Turqut Özala məktub yazıb.
Məcid Musazadə 17 iyun 1990-cı ildə Münxendə vəfat edib. Nordfridhof qəbiristanlığında dəfn olunub. Dəfnində həyat yoldaşı İren, iki qızı, yüzə yaxın azərbaycanlı iştirak edib. Dostlarından biri məzarına Azərbaycandan gətirdiyi torpağı səpib.
Ailəsi Məcid Musazadənin atası Abdullətif bəy ticarətlə məşğul olub. O, Fatma xanımla ailə qurub. 1920-ci illərdə ailəsi ilə birgə 32 otaqdan ibarət mülkdə yaşayıb. 1930-cu illərdə həmin mülk müsadirə olunub. Abdullətif bəyin evi könüllü şəkildə dövlətə təhvil verməsindən sonra ailə ikiotaqlı mənzilə köçüb.
Məcid Musazadə cəbhəyə göndərilməzdən bir həftə əvvəl ailə qurub. Həyat yoldaşı Nazlı xanımdan Namət adlı oğlu dünyaya gəlib. Sovet hakimiyyəti tərəfindən onun haqqında ölüm hökmü çıxarıldığı üçün Məcid Musazadə Azərbaycana qayıda bilməyib, ailəsinə isə onun ölümü barədə məlumat verilib. O, yalnız 1989-cu ildə oğlu Namətlə Almaniyada görüşə bilib.
Məcid bəy Almaniyada yaşadığı dövrdə İren Qreqori ilə ailə qurub. Bu nikahdan Süsən və Yasəmən adlı iki qızı dünyaya gəlib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Almaniya azərbaycanlıları Kateqoriya:Milli Birlik Məclisinin üzvləri Kateqoriya:Azadlıq Radiosunun əməkdaşları Kateqoriya:Almaniyada dəfn olunanlar Kateqoriya:Azərbaycan redaktorları Kateqoriya:İkinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri