"How Much Time Do We Have Left" – Sloveniya aktyoru, komiki, teleaparıcısı, müğənnisi və mahnı müəllifi Klemen Slakonyanın ifa etdiyi mahnı. Kompozisiya Klemen tərəfindən qələmə alınmış, onun prodüserliyini isə Maya Slatinşek və Rayan Smoll yerinə yetirmişdir. Mahnı 25 yanvar 2025-ci il tarixində "EMA 2025" albomunun bir hissəsi kimi işıq üzü görmüş, sonradan bu seçim turunun qalibi olmuş və 2025 Avroviziya Mahnı Müsabiqəsində Sloveniyanı təmsil etmişdir.

Yaradılması "How Much Time Do We Have Left" mahnısının sözləri və musiqisi bütövlükdə Klemen Slakonya tərəfindən yazılmış, onun ərsəyə gəlməsində prodüserlər Maya Slatinşek və Rayan Smoll yaxından iştirak etmişdilər. Kompozisiya musiqiçinin həyat yoldaşı, aktrisa Moytsa Faturun xərçəng xəstəliyinin nadir bir növü olan miyelodizplastik sindromdan əziyyət çəkdiyi və sonradan bu xəstəliyə qalib gəlməyi bacardığı dövrə həsr olunmuşdur. Klemen bu əsərlə sevdiyi qadının xəstəliyə qarşı mübarizədə nümayiş etdirdiyi iradəni və gücü vəsf edir, birlikdə keçirilən zamanın əhəmiyyətini və insan ömrünün kövrəkliyini vurğulayır.

Avroviziya mahnı müsabiqəsi Daxili seçim

"EMA 2025" – Sloveniyanın "RTVSLO" yayım şirkəti tərəfindən ölkəni Avroviziya mahnı müsabiqəsində təmsil edəcək ifaçını seçmək üçün təşkil olunan sayca 25-ci milli final layihəsidir. Seçim mərhələsinin birinci turunda hər biri beş nəfərdən ibarət beş tematik münsiflər heyəti xalları Avroviziya müsabiqəsində tətbiq edilən eyni formatda (1–8, 10 və 12 xal) bölüşdürərək ikinci tura keçən iki finalçını müəyyənləşdirmişdilər. Bu ekspert qrupları musiqiçilər, bəstəkarlar, prodüserlər, radio və televiziya təmsilçiləri, "OGAE Sloveniya" klubunun üzvləri, eləcə də beynəlxalq Avroviziya blogerləri və jurnalistlərindən təşkil olunmuşdur. Superfinal mərhələsinin qalibi müstəsna olaraq tamaşaçıların teleqərarı əsasında təyin edilmişdir.

13 dekabr 2024-cü ildə Klemenin "How Much Time Do We Have Left" mahnısı ilə "EMA 2025" müsabiqəsinin 12 iştirakçısından biri olduğu təsdiqlənmişdir. Kompozisiya 1 fevral 2025-ci il tarixində keçirilən iki mərhələli səsvermənin nəticələrinə görə milli finalın qalibi elan olunmuş və Sloveniyanı Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.

Müsabiqədə 2025 Avroviziya Mahnı Müsabiqəsi İsveçrənin Bazel şəhərində yerləşən "St. Jakobshalle" kompleksində təşkil olunmuşdur. Müsabiqə 13 və 15 may 2025-ci il tarixlərində keçirilən iki yarımfinal və 17 may 2025-ci il tarixində baş tutan final mərhələsindən ibarət olmuşdur. 28 yanvar 2025-ci ildə reallaşan püşkatma nəticəsində Sloveniya birinci yarımfinal mərhələsində çıxış etmək imkanı əldə etmişdir. Sloveniya təmsilçisi final mərhələsinə vəsiqə qazana bilməmişdir.

İstinadlar