Dmitriy Konstantinoviç Romanov ( ) — Rusiya imperatoru I Nikolayın nəvəsi. Heç vaxt evlənmədi və övladı olmadı.
1860-cı ildə Strelnada dünyaya gəldi. Atası Rusiya imperatoru I Nikolayın oğlu böyük knyaz Konstantin Romanov, anası isə Saksen-Altenburq hersoqu Jozefin qızı Aleksandradır. Doğulduğu əsnada əmisi II Aleksandr hələ taxtda idi. Mükəmməl saray təlim-tərtbiyəsi ilə yanaşı, rus, fransız, alman və ingilis dillərini öyrəndi. Digər Romanov oğulları kimi, o da uşaqlıqdan hərbi karyeraya yönləndirildi. Rus donanmasında admiral olan atasının istəyilə dənizçilik və donanma xidməti üzrə təlim-tərbiyə aldı. Həyatı boyunca daşıdığı dini inancı məhz bu illərdə din dərslərinə əsaslanır. Digər yandan valideynlərinin musiqiyə olan marağı səbəbilə, piano dərsləri aldı.
Hələ 15 yaşında ikən kiçik qardaşı Vyaçeslavla birlikdə donanmada tələbə kursant kimi xidmətə başladı. 1877-ci ildə atası Konstantin Romanov, əmisioğulları Sergey Romanov və Pavel Romanovla birlikdə çar II Aleksandrın Cənubi Qafqaza səfərində iştirak etdi. Bu onun ilk rəsmi səfəri oldu. Ancaq donanmadan sıxıldı və anasının da vasitəçiliyi ilə 1879-cu ildə donanmadan təxris edilərək quru qoşunlarına qatıldı. 1 iyun 1880-ci ildə çar II Aleksandrın şəxsi yavərlərindən biri oldu. Uzun illər bu vəzifədə çalışdı. Həmin il əmisinin sui-qəsdlə öldürülməsinin ardından əmisi oğlu III Aleksandr taxta çıxdı. İnqilaba qədərki bu dövrdə yaşadığı Strelna sarayında sakit həyat yaşadı.
II Nikolay dövründə öz şəxsi nüfuzunu artırdı. 26 may 1896-cı ildə general-mayor rütbəsinə yüksəldi və 1905-ci ildə səhhətinin pisləşməsini bəhanə gətirərək təqaüdə ayrıldı. Görmə qabiliyyətinin tamamilə itməsi səbəbilə Birinci Dünya müharibəsində ön cəbhəyə göndərilmədi. Buna baxmayaraq süvari birliklərində təlimçi kimi iştirak etdi. Rusiya imperiyasının son illərində siyasətdən uzaq qalmağa çalışdı. Fevral inqilabı əsnasında Petroqradda idi. Yaşlı olması səbəbilə, dul qalan qardaşı qızı Tatyana Konstantinovnanı yanında saxladı. Oktyabr inqilabından sonra ölkədə qalan Romanov ailəsi üzvlərinin imperiyanın daxilində sürgünə getmələri müzakirəyə qoyuldu. Nəticədə 18 aprel 1918-ci ildə Dmitriy Romanov, qardaşı qızı Tatyana Konstantinovna və onun övladlarıyla birgə Voloqdaya sürgün edildi. Çox keçmədən əmisioğulları Qeorqi Romanov və Nikolay Romanovun da buraya sürgün edildiyini öyrəndi. Ancaq çox keçmədən vəziyyət dəyişdi. 14 iyulda hər üçü həbs edildilər və 28 yanvar 1919-cu ildə Pyotr və Pavel qəsrində güllələnərək edam olundular.
Mənbə
Ədəbiyyat
Alexander, Grand Duke of Russia, Once a Grand Duke, Cassell, London, 1932. Chavchavadze, David, The Grand Dukes, Atlantic, 1989, Cockfield, Jamie H. White Crow: The Life and Times of the Grand Duke Nicholas Mikhailovich Romanov, 1859-1919. Praeger, 2002, Van der Kiste, John, The Romanovs 1818–1959, Sutton Publishing, 1999, . Zeepvat, Charlotte, Romanov Autumn , Sutton Publishing, 2000,
İstinadlar